Əvvəli
burada
Canpoladla bağlı o azad olunandan sonra da çox
söz-söhbət oldu. Bəziləri onun tibb məntəqəsində qalmasının
qorxudan irəli gəldiyini deyirdi, bəziləri isə dünya şöhrətli bir
idmançının burjuy kimi yaşamağa haqqı olduğunu deyir və
birincilərin ağzından vururdular.
Onun haqqında deyilənlərin heç birinə inanmırdım. Təkcə indi
Allahın rəhmətinə qovuşmuş cəlilabadlı kəşfiyyatçı zabit Nizarın
(Nizar haqda yazım dərc olunub.
- F.B.) bir söhbəti olmuşdu ki, ona inanmışdım. Bu, Canpoladın
qardaşı Nərimanın onunla görüşə gələrkən gətirdiyi sovqat
bağlamasının içindən narkotik maddənin tapılması idi. Deyirdilər
ki, əslində, bu, Canpoladı dolaşığa salmaq imiş. Bir saat müddətinə
3.000 dollar ödənməsə, məşhur idmançının qardaşı haqda cinayət işi
açılacaq və Canpolad da "raskrutka"ya salınacaqmış. Nizar deyirdi
ki, 25 dəqiqəyə 3.000 dolları gətirib Canpolada verdim. Mənə sağ ol
dedi. Qardaşının işi bitdikdən sonra yenə də təşəkkür etdi və
səhəri pulu qaytardı.
Onu "lomlamaq" istəyiblər
Bir də Nizar söyləyirdi ki, Canpolad bura təzə gələndə onu
sındırmaq üçün "lomlamaq" istəyiblər. Axşam qaranlıqda bir neçə
dustaq əllərində ling, armatur ona hücum edib və... təxminən 5
dəqiqəlik çarpışmadan sonra ling götürənlər əzik-üzük, sir-sifəti
al qan içində ilk tibbi yardım alırmışlar. Canpolad çox sərrast və
məntiqli adam idi. Kifayət qədər mütaliəli və özünə görə savadı
vardı. Dediyim kimi, o, Tibb Universitetini bitirmişdi.
Haqqında məqalə dərc
olundu
Canpoladla o çıxana qədər söhbətimiz çox oldu. Mənə hekayətini
qısaca da olsa danışmışdı. Bir dəfə "olarmı sən mənim haqda geniş
bir məqalə yazasan?" demişdi. Razılaşmışdım və onun haqda yazdığım
yazını "Azərbaycan gəncliyi" qəzetinin baş redaktoru Azərə
göndərmişdim. Yazı qəzetdə dərc olunmuşdu. Təşəkkürünü
bildirmişdi:
- Sağ ol, şair, amma səndən bir xahişim də var. Sənə bir dəftər
verəcəm. Orada Azərbaycanın son illər qazandığı uğurlar,
Bakı-Ceyhan kəməri, idman və sair haqda qeydlərim var, bax, lazım
gəlsə, əl gəzdir.
Beləliklə, onun böyük məqaləsini tamamlamaq, bəzi rəqəmləri
dəqiqləşdirmək üçün birlikdə həbsxananın kitabxanasına gedir,
qəzetləri vərəqləyirdik.
İlham Əliyevin diqqəti
Bir dəfə tibb məntəqəsinin
həyətində çay içərkən Canpolad mənə söhbət etdi ki, o, Prezident
İlham Əliyevin ən çox güvəndiyi adamlardan olub:
- Onda prezidentimiz Neft Şirkətinin vitse-prezidenti, Olimpiya
Komitəsinin prezidenti idi. Mənim idmandakı uğurlarım diqqətini
çəkmişdi. Mənə ev verdi, toyumu etdi. Düzdü, özü toyumda ola
bilmədi. Həmin ərəfədə prezidentimiz Olimpiya Komitəsinin
prezidenti kimi xarici səfərdə idi. Amma ölkənin bütün qaymaqları,
nazirləri toyumda iştirak etdi. Hamısı da İlham Əliyevin toy günümü
özünün təyin etməsi ilə bağlı idi. Sonradan mən bir qədər yolumu
çaşdım. Ona da məruzə edirdilər. Mənə olan diqqət kəsildi.
"Dostlarımı" tapdım. Onlar mənim yeməyimə tiryək qatırmışlar. Nə
idisə, son vaxtlar dostlarsız darıxırdım. Sən demə, onların mənə
verdikləri tiryəkin dəmi gələndə, yaxud ürəyim çırpınanda bu hal
olarmış. Mən də elə bilirdim ki, "dostlarsız" darıxırmışam.
Sonradan bildim və artıq çox gec idi.
Sonuncu
çempionluq
Yarışlara isə qatılırdım. Axırıncı dəfə çempion olmağım isə çox
çətin idi. Bədbəxtçilikdən yarımfinalda sol biləyim zədələndi. Sağ
ayağım da zədəli idi. Yarımfinalı çətinliklə uddum. Finalda isə
uduzacağım məlum idi. Məşqçim imtina etməmi istədi. "Yox", - dedim.
Final görüşü başladı. Rəqibim erməni əsilli idmançı idi. Birinci
raundda görüş onun az üstünlüyü ilə başa çatdı. İkinci raundda da o
irəli idi. Arada köməkçimə işarə etdim ki, keç tualetdə malı
hazırla. Elə də etdi. Fasilədə tualetə getmək adı ilə ayaqyoluna
apardılar. İçəri keçib iynəni vurdum. Heç bir dəqiqə də çəkmədi
geri döndüm. Və yarış başladı.
Zərbələrini saya bilmədik...
- Mən döyüşlərimin 90 faizini 3 raundda udmuşam. Belə ki,
rəqiblərimlə həmişə məzələnirdim. Bu dəfə də belə oldu. Bədənimdəki
bütün ağrıları unutmuşdum. Rəqibin zərbələri cansız mişenə dəyirmiş
kimi mənə dəyirdi... və birdən bütün zal ayağa qalxdı. Rəqibim
ayaqlarımın altında çapalayırdı. Sonradan məşqçim dedi ki, mən
sənin belə döyüşməni heç görməmişdim. Zərbələrini saya bilmədik...
O yazığın heç nədən xəbəri yox idi. Qəzetlər isə yenə də yazırdı:
"Azərbaycan döyüşçüsü ənənəsinə sadiq qaldı. 3-cü raundda rəqibini
məğlub etdi..."
Mən aldana bilmərəm ta...
Canpolad ötənlərdən danışanda
həmişə qayğılanırdı: həm ona yeni bir həyat eşqi gəlirdi, həm də
bədxahlarının çox olmasından gileylənirdi:
- Şair, bilmirəm bunları sənə niyə danışıram, amma düşünürəm ki,
kiməsə danışmalıyam. İllərdir, buralardayam, amma heç kəsə bunları
danışmamışam. Bilirsən, bəlkə də onlar bunu heç soruşmayıblar.
Bəziləri yanımda hərləniblər ki, "filankəslə bir yerdə olmuşam",
desinlər. Məni aldatmaq olmaz, mən aldana bilmərəm ta... Məni bir
dəfə aldatdılar və budur görürsən də...
Yazıçının ətini qopardıb özünə yedizdirir
Canpolad bir dəfə mənə kifayət
qədər tanınan, həmyerlisi olan bir qələm adamının onu aldatmasından
da bəhs etdi:
- O mənə yalan danışırdı. Həmişə deyirdi ki, gələcəyəm. 10.000
dollar pul vermişdim, bir kitab vardı, onu yazacaqdı. Yazmırdı,
məni də pis vəziyyətə qoyurdu. Xəbər etdim ki, tutsam, ətini
qopardıb özünə yedizdirəcəm. Yenə də aldatdı. Onu işlədiyi hərbi
məktəbdə tutdum. Kursantların mətbəxində iri qazanın içində
gizlənmişdi. Qazandan çıxarıb ətindən barmaqlarımla tutub
qopartdım. Dürtdüm ağzına, dedim, ye (o adamın adını yazmıram. -
F.B.)
Əldən buraxılan şans..
- Mənə bir dəfə də şans yaranmışdı. Qoşula bilərdim dəstəyə.
Yəni köhnələrdə olduğu kimi qayıda bilərdim komandaya. Amma
alınmadı. Sözsüz ki, günahkar özüm idim. Zəng gəldi mənə. Dedilər,
təzə nömrə al, zəng edəcəyik, deyərsən. Evdən çölə çıxma. Gözlə.
Elə də etdim. 2003-cü il prezident seçkilərinin startı verilmişdi.
Mən də prezidentin təbliğat kampaniyasında olacaqdım. Zəng olundu.
Təbliğat kampaniyasında iştirak da etdim.
Məni əymək olmaz...
Amma hiss edirdim ki, mənə əvvəlki münasibət yoxdur. Vaxtı ilə
mənə hörmət göstərən məmurlar indi mənə qıraqda dayanan, sürüdən
ayrı düşmüş kimi baxırdılar. Amma mən də mənəm axı, məni hələ-hələ
əymək olmaz. Əyilmərəm də... amma dedi-qodu öz işini görmüşdü. Mən
təzəcə isinirdim, təzəcə özümü komandanın tərkibində görürdüm.
Ölkədə çox nüfuzlu bir adam rəhmətə getdi. Hüzrə mən də getdim.
Prezident də orada idi və ona da başsağlığı verilirdi. Prezidentlə
görüşdüm, əlini çiynimə qoydu, gülümsədi".
Canpoladın sonrakı
söhbətlərindən onu öyrəndim ki, o, su gələn arxına bir də su gətirə
bilmir. Gərgin məşqlər etsə də, artıq yeni dostlarla keçirdiyi xoş
günlər onu bataqlığa sürükləyir. Bir neçə "razborka"da iştirak edir
və həbs olunur.
Canpolad tanışlığımızın, birgə dustaq həyatımızın 3-cü ayı
azadlığa çıxdı. Az keçmişdi ki, onun həmyerlisi, rejim üzrə
inspektor, ədliyyə mayoru Rauf dedi ki, Canpoladı evinin qarşısında
narkotik ilə tutublar.
Canpoladın sonuncu zərbəsi –
erməni mayorun ölümü
Canpolad yenidən Cinayət
Məcəlləsinin 234-cü maddəsi ilə həbs olundu. Cəzasını çəkib
azadlığa çıxdıqdan sonra Azərbaycanı tərk etdi. Təxminən il yarım
əvvəl Rusiyaya pənah apardı. Rusiya mətbuatının yazdığına görə,
Rusiyanın hansı şəhərindəsə restoranda dostları ilə oturarkən qonşu
masada bir erməni ailəsi də ad günü keçirirmiş. Məclisdə olan
erməni milis qonşu masada olan azərbaycanlılara – Canpoladgilə
həqarət edir, onları aşağılayır və həbslə təhdid edir. Mübahisə
yaranır. Canpolad erməni mayora səbirli olmağı məsləhət görür.
Milis daha da qəzəblənib millətimizi təhqir edir. Rus qəzetlərinin
yazdığına görə, Canpolad erməni polisinə bircə zərbə vurur. Milis
anındaca dünyasını dəyişir.
Hazırda Canpolad Rusiya həbsxanasında ölüm üstündə yatır...