Yuxarı

Yaxşı şairlərin pis şeirlərini oxuyun

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxşı şairlərin pis şeirləri" layihəsində:

Cabir Novruzun "pis" şeirləri

Şairin olmur dini-imanı məgər...

Siyasət şairləri dəbə düşüblər

Bircə misra becərib yetirməyənlər.

Siyasət meydanına tökülüşüblər

Söz meydanında duruş gətirməyənlər...

Hamı da buqələmun, hamı da dəllal,

Elə xal toplayırlar, maya yığırlar.

Siyasət dəryasına girirlər, Allah,

Min yol dibə çökürlər, üzə çıxırlar.

Şeirdən qeyri hər nə desən yazırlar,

Donos, pamflet, qərar, çıxış, məruzə.

Kürsülərdən kütləni küyə basırlar,

Ekrandan özlərini soxurlar gözə...

Qəzetləri zəbt edib qamarlayırlar,

Nə qədər tutqun gözü dumanlayırlar.

Gələn başçını dərhal tumarlayırlar,

Gedən başçını dərhal yamanlayırlar.

Şair gərək şeirini otura, yaza,

Bir özgə əqidəsi, yolu olmaya.

İlhamının səsinə o, qulaq asa,

O siyasət köləsi, qulu olmaya.

Siyasət yedirtdilər illərlə bizə,

Dadı, rəngi nə imiş, biz onu gördük...

Siyasət qısır etdi şeirimizi,

Siyasi şairlərin sonunu gördük...

Söz ayaqlara düşdü, söz xırdalandı,

Söz xırdalandıqca da ad aldı onlar.

Sənətin xəlbiriylə xəlbirlənəndə

Yalançı padşahtək lüt qaldı onlar...

Birdən cücəyə döndü nə qədər zırı,

Elə bil, uca dağlar təpəyə döndü.

Töküldü sözlərindən zəmanənin kiri,

Bütün yazdıqları da köpüyə döndü.

Şeirimiz əvvəlkitək bazardır, bazar,

Yenə onda siyasət üfunəti var.

Yenə sözü hərraca qoyub satırlar,

Yenə söz qoşanların min sifəti var.

Sənətdə at oynadıb yenə düşüklər,

Şairin olmur dini-imanı məgər.

Siyasət meydanına tökülüşürlər,

Söz meydanında duruş gətirməyənlər.

Öz doğma yurdunda qaçqınlar

Yurd-yuva həsrəti çəkirlər

Öz ana yurdunda qaçqınlar.

Nə qədər cəfalar çəkirlər

Bu evi dağılmış Məcnunlar.

Köçürlər bu yerdən o yerə,

Köçləri nədir ki, bir həsir.

Baxıram o ağlar gözlərə,

Bir kasa qan olub hərəsi.

Əynində bircə dəst paltarı

Əzilib-üzülüb, daralıb.

Özünə sığınacaq axtarır

Qocalar, uşaqlar, qarılar.

Adamın kəsilir əlacı,

Öz adı da çıxır yadından.

Vətəndə olublar qaraçı,

Vətənsiz qalıblar vətəndə.

Yurdları düşmən əlində,

Özləri həsrətin, kədərin.

Dəhşətə baxın ki, gün-gündən

Hey artır sayları, qədəri.

Hey artır, qış ötür, yaz gəlir.

Bu evi dağılmış məcnunlar

Ölkəni bürüyüb, az qala,

Bürüyüb doğmaca qaçqınlar.

Qaçqınlar yad yerə qaçalar,

Bizimki Vətəndən, Ya Rəsul.

Fağırlar, yazıqlar, naçarlar

Gəzirlər ümidsiz, çarəsiz.

Tökülüb gəlirlər şəhərə,

Bakı da, az qala, üzülür.

Bəzisi ev tapır bir təhər,

Bəzisi qohuma qısılır.

Bəzisi məktəbdə, bəzisi

Yaşayır tələbə yerində.

Hamı da acıqlı, əsəbi,

Pərişan, narahat, deyingən.

Neyləsin, dərdlidir fağırlar,

Yurdları çıxıb əllərindən.

Qaçqınlar nə zaman axırda,

Görəsən, dönəcək yerinə?!

Vətənsiz qalıblar Vətəndə

Elə bil, olublar qaraçı.

Əlləri yurduna yetəndə

Sağalar hamının yarası.

Qorudun, sənindir

Vətəni qorudun, sənindir,

Qorumadın, özgənindir.

Qorumadın, yağınındır,

Qorumadın, axırındır.

Vətəni qorudun, sənindir:

O bayraq tutan əlindir,

O qılınc tutan qolundur,

Ömrün, əqidən yolundur.

Vətəni qorudun, sənindir,

Yoxsa gədə-güdənindir,

Yoxsa başsız sürünündür,

Bir ovuc sağ ölünündür.

Vətəni qorudun, sənindir,

Allahın, peyğəmbərindir,

Anan, arvadın, balandır,

O indi talan-talandır.

Vətəni qorudun, sənindir,

O tay-bu tay ünüdür,

İki ağlayan gözündür,

Dərbəndindir, Təbrizindir.

Vətəni qorudun, sənindir,

O, sənin ölün-dirindir.

Qorumadın, yada ovdur,

Yarısı indi girovdur.

Vətəni qorudun, sənindir,

Qorumadın, kəfənindir,

Qorumadın, qubarındır,

Murdarlaşmış məzarındır.

Bir böhtana cavab

Yığışıb neçə talantsız, paxıl,

Yalanlar qusub kəkələdilər.

Mənə də çirkab atdılar axır,

Guya məni də Ləkələdilər.

Nə cavab verim bu gədalara?

Gədaya cavab vermək gədalıq.

Məndən uzaq et bu "xətaları",

Sən ey həqiqət, sən ey ədalət!

Allah, mən hara, o kəslər hara,

Onlar qarşımda nəçidir, kimdir?

Mənim cavabım, sözüm onlara

Aydan da arı Təmizliyimdir.

Sən özün oxu, özün poz, pislə

Bu "yazarların Yazılarını".

Yamanlıq edə bilmirəm əsla,

Allah, özün ver Cəzalarını.

Tarix
2015.04.20 / 09:34
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla