Yuxarı

Nikanor Parra: “Papa bığ saxlasın”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikanor Parra: “Papa bığ saxlasın”

Axar.az "Çağdaş dünya şeiri" layihəsində Çili, Lüksemburq və İrlandiya şairlərinin böyük maraq doğuran şeirlərini gənc yazar, tərcüməçi Həmid Piriyevin tərcüməsində təqdim edir.

Nikanor Parra

Çilili şair Nikanor Parra 1914-cü ildə anadan olub. Çilinin Pablo Nerudadan sonra yetişdirdiyi ən istedadlı şairi kimi tanınır. Bir çox mükafatlara layiq görülən Parra dəfələrlə Nobelə namizəd göstərilib.

Mənim təkliflərim

Kədərliyəm

... yeməyə heç nə yoxdur

dünyanın vecinə də deyiləm

kasıblar da yox olmalıdır

ilbəil eyni şeydə israr edirəm

təklif edirəm ki, bağlarda və parklarda

kəpənəklərin yerinə xərçənglər gəzsin

məncə, belə daha yaxşı olar –

kasıblar olmayan dünya təsəvvür edirsinizmi?

təklif edirəm ki, hamımız katolik olaq

ya da kommunist və ya başqa nə desəniz

sadəcə, bir sözü başqasıyla əvəz etmək lazımdır

suları təmizləməyi təklif edirəm

kasıblar cəmiyyətinin

mənə verdiyi hakimiyyətə əsaslanaraq

Papanın bığ saxlamasını təklif edirəm

indicə acından huşum gedəcək

təklif edirəm ki, mənə sendviç versinlər

bir də təklif edirəm ki,

günəş günbatandan çıxsın

Dəlilər

Lindon Conson dəlidir

Nikita Xuruşşov dəlidir

Mao Dze Dun dəlidir

Franko dəlidir

De Qol dəlidir

Papa İoann XXIII dəlidir

Erenburq dəlidir

Buddist rahiblər dəlidir

Hətta Fidel də dəlidir

3

Alo-alo

danışır İona peyğəmbər

deyilənlər uydurmadır

"Min bir gecə" nağılları kimi

məni heç bir balina udmayıb

və mən anamdan başqa

heç kimin bətnində olmamışam

üç gün, üç gecə

dəniz nəhənginin qarnında qalmaq?

Heç Məsih də ordan salamat çıxa bilməzdi!

məni dəng eləməyin

alilərin qərarına etiraz etməyəcəyəm

həmçinin moizə də oxumayacağam

4

Bilirsiniz, təəccüblənməyin mənə eyni anda

iki müxtəlif şəhərdə rast gəlsəniz

həm Kreml kilsəsində xidmət edən yerdə,

həm də Nyu Yorkda hot-doq yeyəndə

hər iki halda bu mənəm

qoy bu absurd olsun, amma bu mənəm...

5

Gün kimi aydındır ki,

ABŞ-a gəlməməliydim

– bu təkərlə daranmaq kimidir –

əlbəttə, elə eyni səbəbə görə

bütün münasibətləri kəsmək lazım idi Fransayla,

Peruyla, Boliviyayla, Lüksemburqla

Çilidən getməməliydim,

amma bunun kimə nə xeyri?

Ann Liyxi

Ann Liyxi İrlandiyada ən çox oxunan qadın şairlərdəndir. İrlandiyanın paytaxtı Dublində yaşayır.

Doğma şəhərciyi ziyarət edərkən

Mağazada cavan simalar görürəm –

əvvəllər heç görməmişdim.

Adlarını da bilmirəm, amma onların buxaqlarından,

gözlərindən, bilirəm ki, onların da anaları,

xalaları var, eynən mənimkilər kimi.

Bunun yaxşı olduğunu bilirəm,

nəslimi, qanımı və

bütün bunlar arasındakı yerimi bildiyim kimi.

Bilinməyən yüksəkliklər

Heç vaxt telefon nömrələrini xatırlaya bilmirəm,

o ki qaldı telefon kodlarını.

Amma həmişə bilirəm, doğum günləri haçandır,

bir vaxt mənə əziz olan adamların.

Nadirən açıqcalar göndərirəm, ünvanları

bilsəm də...

və mən daha bilmək istəmirəm,

unutmaq istədiklərimin ünvanını,

amma xatırlayıram.

Aniz Kols

Aniz Kols ­Lüksemburq ədəbiyyatının yetirdiyi ən parlaq şairlərdən biridir.

sənə şeir yazılmış kağız verirəm

bir stəkan su verirmiş kimi

o susuzluğu yatırtmır

o, göldür

və sən onda batacaqsan

* * *

sən batdın

yaddaşımın dərinliyində

artıq səni tanıya bilmirəm

bədənin də quruyub

gözlərimdən axan duzlu suyun altında

* * *

anama oxşamağa başlamışam

amma o da başqalaşıb yaddaşımda

o, keçmişimdir

gələcəyim ümidlərimin nəğməsidir,

ümidsiz ümidlərimin

Tarix
2015.10.23 / 00:54
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla