Bir dəstə köhnə KVN-çilər alıblar bu incəsənəti
əllərinə, serialdan tutmuş, kinoya kimi hər şey
çəkirlər.
Respublikanın əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Qorxmaz Əlilicanzadə Unikal.org-a müsahibəsində ölkənin mədəni
həyatı ilə bağlı maraqlı məqamlara toxunub.
-Qorxmaz müəllim, efirlərdə əvvəlki kimi görsənmirsiniz.
Bu nə ilə bağlıdır?
-Kino çəkilişlərinə başım qarışıb. Özümü kino sahəsinə tərəf
vermişəm. Seriallara lazım olanda çağırırlar, lazım olmayanda
çağırmırlar. Demək istəyirəm ki, yəqin lazım deyilik də...
-Gələcəkdə yenə aparıcı kimi fəaliyyət göstərməyinizi
planlaşdırırsınızmı?
-Artıq aparıcılıq dövründə deyiləm. Yaş özünü göstərir.
Aparıcılıq cavanlığı sevir. Demək olar ki, aparıcılıqla
vidalaşmışam.
Amma verliş aparmaq lazım olarsa yenidən bu haqda fikirləşərəm.
Bir şərtlə ki, yaşıma uyğun olsun.
-Son zamanlar mətbuatda açıqlamalarınıza,
müsahibələrinizə rast gəlmirik…
-Mən ümumiyyətlə müsahibə vermirəm. Jurnalistlərdən qaçıram.
Jurnalistlərin 5 faizinin içində azərbaycançılıq hissi var. Qalan
95 faizi mənfi işlərlə məşğul olur. Əksəriyyətində Azərbaycan
millətinə, incəsənətinə, mədəniyyət işçilərinə hörmət yoxdur. Ancaq
çalışırlar ki, xalqı, incəsənət adamlarını yıxıb sürüsünlər. Mən bu
cür jurnalistləri azərbaycanlı saymıram. Həqiqi jurnalist
saydıqlarım doğrudan da çalışırlar ki, millətin yaxşı nəyi varsa
onu üzə çıxartsınlar. Kölgəli yerləri axtaran jurnalistlər gedib öz
kölgələrin axtarsınlar.
-Nəyə görə jurnalistlərə qarşı bu qədər aqressiyanız
var?
-Əgər sənin sənətdən anlayışın varsa mənə sənətim haqqında sual
ünvanla. Təzə qrup yaranmışdı. Məni onun təqdimatına çağırmışdılar.
Tədbir başlayan kimi jurnalistlər suallara veridilər. Toya
gedəcəksiz? Qiyməti neçəyə olacaq? Mən də dedim, ay bala, bura toy
yeri deyil axı! Bu kişilərə sənətdən, yaradıcılıqdan sual verin.
Toy nə vaxtdan bizim problemli yerimiz olub? O cür jurnalistlərin
səviyyəsi toy səviyyəsindədir. Mən sözümü təqdimatda dedim və zalı
tərk etdim.
Efirdə də müğənnilər bir-birlərinin yaradıcılığına söz deyə
bilmir. Çünki bir-birinin yanında gözü kölgəlidirlər. Bir birlərini
tərifləyəcəklər, aparıcılar da dəxilsiz olaraq onlara qoşulacaq.
Müğənni oxuyur aparıcı "möhtəşəm ifa" deyir. O aparıcı heç başa
düşmür möhtəşəm ifa nədir? Biri xaric oxuyur, aparıcı deyir
möhtəşəmdir. Yalançılıq bizim efirimizi bu səviyəyə gətirib
çıxardı. Aparıcı muğamın kökünü bilmədən, qəzəli səhv oxudu,
müğənni xaric oxudu möhtəşəm deyir.
-Siz uzun müddət efirlərdə aparıcılıq etmisiniz. Gənclər
təcrübənizdən istifadə edirlərmi? Onlara irad
tutursunuzmu?
-İrad tuturam. Başlarını yelləyirlər ki, Qorxmaz müəllim, düz
deyirsən. Eləsi də var deyir ki, yox Qorxmaz müəllim sizin
dediyiniz səhvdir. Bu gənc 60 yaşlı kişinin səhvini tutur. Düzdür,
cavanlar məndən ədəbiyyatı, tarixi yaxşı bilə-bilər. Amma
yaradıcılıq nöqteyi nəzərdən 20-25 yaşlı şəxs, 60 yaşlı adamdan çox
bilə-bilməz. Bir dəfə Məmmədbağır Bağırzadəyə dedim ki, sən bu
cavan müğənnilərə niyə demirsən ki, düz oxusunlar. O mənə belə
cavab verdi:- "Vallah deyirəm, sonra məndən inciyirlər, salam
vermirlər, arxamca danışırlar, yanımdan düz keçirlər. Amma
ustadlarımız bizi danlayanda sevinirdik. Sevinirdik ki, bizi
öyrədirlər". Elə cavanlar var deyir, "sevinirəm ki, İncəsənət
Universitetinə daxil olmamışam. Amma bu gün bütün Azərbaycanda
məşhuram, Qorxmazdan heçdə əskik deyiləm. Mən 3 minə toya gedirəm,
heç Qorxmazı aparan yoxdur". Belə çıxır ki, toy müğənnilər üçün
böyük etalondur. Əgər ona 5-10 min pul verilirsə o böyük
sənətkardır?
-Qormaz müəllim bu gün Azərbaycanda sizin cavan həmkar
yoldaşlarınız "əməkdar artist", "xalq artisti" adını alıb. Bəs buna
necə baxırsız?
-Ataların bir sözü var, "hər parıldayana deyənə qızıl deməzlər".
Nə olsun prezident bu adı verib? Prezidentə adları təqdim edirlər,
o da inanır təqdimata qol çəkir. Bu gün xalq artisti adını alan
şəxslərin əksəriyyətinə söz demək olmur. Cavanına bir söz deyəndə
cavab verir ki, mən respublikanın ən cavan əməktar artistiyəm sən
kimsən? Azərbaycanının ən cavan əməktar artisti Müslüm Maqamayev
olub. Xalq artisti, əməkdar artist adın varsa, o demək deyil ki,
sən əla oxuyansan və ya böyük sənətkarsan. Bir sözlə əvvələr
cavanlarla tez-tez əlaqə saxlayır, onların yaradıcılıq işləri ilə
maraqlanırdım. İndi cavanlar öyrənmək istəmirlər. Heç hövsələləri
yoxdur ki, 6 ay öz üzərlərində işləsinlər. Deyirlər tez çıxım
efirə, məni tanısınlar. Onların məqsədi sənət yox, tanınmaqdır.
-Qorxmaz müəllim niyə seriallara az-az
çəkilirsiniz?
-Serial çəkənlər yaxşı bilirlər ki, Qorxmazın reytinqi, hörməti
var. Qısqanclıqdan çağırmırlar, çəkmirlər. Elə bil mən 15-20 dəfə
seriallarda oynamışam, onları bezdirmişəm və cavanlara da yol
vermirəm. Mənim 60 yaşım var, sənin 25 yaşın. Mənimlə sənin aranda
nə problem ola bilər. Sən öz rolunu oynayırsan, mən də öz rolumu.
Bu haqda danışmaq istəmirəm.
Bir qrup şəxs mafiya yaradıblar. Bir dəstə köhnə KVN-çilər
alıblar bu incəsənəti əllərinə, serialdan tutmuş, kinoya kimi hər
şey çəkirlər. Əlbəttə, bizim samballı seriallarımız da var. Amma
serillar var ki, onun rejisoruna baxırsan, haradan gəldiyi bəlli
deyil. Vaxtilə KVN-də qapıda bilet cıran olub, indi gəlib serial
çəkir, adında qoyur, rejisor. Elxan Cəfərov, Rövşən İsax, Kənan M.M
İncəsənət Universitetini bitirib. Bilirsən ki, bu adam aktyorluq,
rejisorluq işini bilir və bu işin içində bişib.
-KVN uşaqlarının bu sahədə fəaliyyəti sizi qane
etmir?
-Bilirsiz KVN uşaqlarının işi gənclər arasında öz fəaliyyətdir.
Onların işinə yaradıcılıq deməzdim. Bu gənclər arasında bir
məşğuliyyətdir. KVN-i Sovetin dövründə icad etdilər. Bu qrupun
içindən çıxan gənclər gələcəkdə peşəkar ola bilərdilər. Onların
içərisindən çox az peşəkar çıxdı. KVN-dən çıxan yaxşı yazıçılar
var. Amma aktyorluğa gəldikdə, məktəb, rejisor görməyəndən necə
aktyor ola bilər?. Onlar öz fəliyyətlərində nə bacarırlarsa onu
ortalığa çıxarırlar. Bir daha deyirəm KVN ona görə yaratdılar ki,
gənclər avaraçılıqdan uzaq olsunlar. Amma bizim KVN-çilər Moskvada
qələbə qazanandan sonra özlərini əl çatmaz kimi gördülər. KVN
komandasının üzvü Bəhrəm Bağırzadə çox istedadlı adamdır. Amma o
birilər bilmirəm hansı sənətlərindən danışırlar?
-Siz əməlli başlı KVN uşaqlarından narazısınız ki,
….
-Narazı deyiləm. Nəyimə lazımdır? Onlara vaxtilə o qədər pul
buraxdılar ki,... KVN-ə verilən o pullar vaxtilə Hacıbaba Bağırova,
Nəsibə xanım Zeynalovaya, Siyavuş Aslana və başqalarına ayrılsaydı
bizim kinomuz çox inkişaf edərdi. Kino çəkilir tarixdə qalır.
KVN-çilərin oynadığı rol tarixdə qalmır. Onlar bu rolu oynadılar
getdi. KVN-də oynanılan mövzular bu gün var, sabah yoxdur.
KVN-çilərin vaxtı ilə Heydər Əliyevin qarşındakı çıxışına indi kim
baxsa gülməyəcək. 10 ildən sonara buna heç kim gülmür. Bir sözlə
klassik yumor başqa, gündəlik yumor başqadır. Bunların oynadığı
sənət deyil. Bir qrup KVN-çilərin adamları var. Buraxılan pullar
hesabına bir-iki kino və yaxud serial çəkirlər. Hesab edirəm ki,
bütün bunların hamısı pul yumaqdır. Biz sənət adamları, peşəkarlar
qalırıq qapı dalında. Bu düzgün siyasət deyil.