Elşad Barat gənc şairdir. AYB üzvü, Slavyan
Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi olan bu gənc
şairi müxtəlif tədbirlərdə görmək olar. İçində bir ədəbiyyat
yanğısı var. Elə şeirlərində də bu yanğını hiss etdirməyə çalışır.
Nə və nədən yazırsa, səmimi yazır. Bu günlərdə təsadüf nəticəsində
görüşdük, AYB-nin pilləkənlərini qorxa-qorxa çıxan bəzi gənc
yazarların yanında bir az boy verməyi, danışmağı ilə diqqət çəkdi.
Qolundan tutub kənara çəkdim:
- Elşad, nə var, nə yox?
- Sağ ol, əmi, siz var olun. Yaxşıyam, - bir qədər kənarda olan
qələm dostlarını göstərib, - hələ ki qismətdə olanlarla həyatda
olanların arasında yaşayırıq, döyüşürük. Görək necə olur, - dedi və
söhbətimiz alındı.
- Səni var olanlar daha çox ilgiləndirir, yoxsa yox
olanlar? - sualıma verdiyi cavabdan sonra maraqlı bir müsahibənin
yarandığını hiss etdim.
- Məncə, var olanlar bir müddət sonra yoxluqla əvəzlənir, sanki
o varlığı görmürsən. Yox olanlar isə həmişə, öz yoxluq həsrətini,
yoxluq sirrini qoruyub saxlayır.
- Bu gün ədəbi mühitin durumu nə yerdədir?
- Çox bərbad. Öncə deyim ki, Azərbaycanda yazıçı kimi
məşhurlaşmaq çox sadə məsələdir. Əgər mən bu gün, elə bu
söhbətimizdə xalqımızın bütləşdirdiyi Səməd Vurğun, Əhməd Cavad,
Cəfər Cabbarlı kimi rəhmətliklərin adının yanında bir qədər tənqidi
sözlər işlətsəm, sabahdan olacam həm xalq düşməni, həm də məşhur
söz adamı. Bu da mütaliəsizlikdən irəli gəlir. Bundan əlavə, az-maz
adı tanınan yazarlarımız elə bilirlər ki, ədəbi mühitdə bunlar,
Bağdadda isə kor xəlifədir.
Nobellik əsər yazmaq üçün...
- Səncə, imzaları az-maz tanınan adamların Bağdada kor
xəlifə kimi tanınması onların gözünün açıq, insanlarımızın isə
gözünün qapalı olmasından irəli gəlmir ki?
- Əmi, fikrimcə, bu, tamamən əksinə ola bilər.
Gözüaçıq yazar heç vaxt özünü kor xəlifə kimi qələmə verməz, lazım
gəlsə, qələmini yerə qoyar. Əgər kor xəlifə kimi tanınırsa, deməli,
gözü bağlıdır. İnsanlar adına isə çox danışmaq istəmirəm. Sadəcə,
onu deyim ki, kor xəlifələrə yarınmaq daha asandır.
- Bir gənc yazar olaraq, daha çox nəyin
peşindəsən?
- Bunu heç yerdə deməmişəm, indi deyəcəm, mənim ən böyük ədəbi
arzum Nobel almaqdır. Nədənsə, bu mükafatı almağımla bağlı özümə
çox güvənirəm. Amma onu da bilirəm ki, nobellik əsər yazmaq üçün
ömrümün yarısını qurban verməliyəm. Və buna da hazıram.
- Nobel üçün ömrünün yarısını qurban vermək lazımdır və
buna hazırsan. Bəs bu vaxta qədər ömrünün yarısını hara
xərcləmisən? Bir Nobelə görə ömrü qurban verməyə
dəyərmi?
- İnsanın bir hədəfi olmalıdır, əgər o
yazıçıdırsa, hədəfi Nobel ola bilər və bu, qurban tələb edir. İndi
bizim insanların çoxu elə bilir ki, doğru-düzgün yolla Nobel almaq
olmaz. Lakin mən belə düşünmürəm. Burada məsələ Nobellik deyil,
məsələ hədəf tabelindən gedir. Hədəfə çatmaq üçün isə ömür qurban
eləməlisən, onsuz da ömür gedir, bir iş görmək lazımdır.
Ramiz Rövşən də var, İltimas Səmimi də
- Hər kəs özünün yaradıcılığının hansı mərtəbədə
olduğunu daha dəqiq bilər. Sən özünü ədəbi camianın hansı
pilləsində görürsən?
- Hər yerində. Bəzən mənə elə gəlir ki, içimdə ilahi bir qüvvə
var və o, hər an danışır, susmadan danışır, mən yazmağa başlayanda
isə susur. Bu o deməkdir ki, mən varam və nə yazdıqlarımla nə
yazacaqlarımın sahibiyəm.
- Sözsüz yazdıqlarının sahibisən, imtina etsən də. Ədəbi
camianın hər yerində varam, deyirsən. Bəs ətrafında kimlər var?
Yəni bu hər yerin hansısa yerlərində kimləri görürsən?
- Bəli, hər yerində varam. Bu yerlərdə Ramiz Rövşən də var,
İltimas Səmimi də. Bu o deməkdir ki, bir ədəbiyyatçı ədəbiyyatla
bağlı olan hər yerdə olmalıdır.
- Yaxşı, heç kəs heç kəsin kitabını oxumur, deyirlər.
Sən kimin kitabını oxumursan? Oxumadığın daha çoxdur, yoxsa
oxuduğun?
- Hazırda Azərbaycan ədəbiyyatından universitetlərdə dərs
deyəcək qədər mütaliəli hiss edirəm özümü. Bu mərhələni son bir
ildə keçmişəm. Bildiyiniz kimi, mənim bakalavr, magistr və
doktorantura ixtisaslarım dəqiq elmlərlə bağlıdır. Ədəbiyyatın
içinə isə Yaradıcılıq fakültəsinə daxil olandan sonra girə
bilmişəm.
Özümü tanınmış yazıçı hesab etmirəm
- Elşad, fikir verirəm və sənin ətrafında gənc yazarlar
görürəm. Onların xarakteri, yoxsa əsərləri səni cəlb
edir?
- Ətrafımdakı gənclərin çoxunun heç bir ciddi əsəri yoxdur.
Sadəcə, ədəbiyyata marağı olan gənclərdir. Bəlkə də, sabah
qarşımıza böyük əsərlər qoya bildilər, bilmirəm. Həm də ki, mühitə
ayrı-seçkilik yaradan yazarlardan zəhləm gedir.
- Təşkilatçı kimi də tanınırsan, bir çox tədbir və
layihələrin gerçəkləşməsində rolun var. Daha çox təşkilatçı kimi
tanınırsan, yoxsa yazar kimi?
- Təşkilat rəhbəri olmaq adi bir işdir. O qədər təşkilat
rəhbərləri var ki, saya gəlməz. Bir də mən özümü tanınmış yazıçı
hesab etmirəm. Çünki bu gün ciddi əsərdən çox şou yaratmaq
tanınmışlıqdır.
- Demək istəyirsən ki, istəsən, şou yaratmağı
bacararsan. Ümumiyyətlə, ədəbiyyatda şou yaratmaq necə
olur?
- Zərrəcə istedadı olan hər kəs şou yarada
bilər. Məsələn, bizim bu Kəramət Böyükçöl başdan-ayağa şoudur.
Düzdür, o çox istedadlı oğlandır, xətrini də çox istəyirəm, amma
ciddi ədəbiyyatla şou arasında əbədiyyət qədər fərq var. Yəqin ki,
o da bunu bilir, sadəcə, bayaqkı kor xəlifələrin istəklərini yerinə
yetirir.
Əsərlərimlə yeniliklər yarada biləcəyəm
- Hansı yazardan zəhlən gedir, amma əsərinə görə zəhləni
büruzə vermirsən?
- Əgər ədəbiyyata zərrəcə bağlılığım varsa, yaxşı əsər yazan
insandan zəhləm getməz, əksinə, sevərəm onu. Təəssüf ki, belə
insanlar çox azdır.
- Səncə, sənin imzan ədəbiyyatda nəyisə yeniləyə
biləcəkmi?
- Düşünürəm ki, çox az qalıb. Yaradıcılıq fakültəsini
bitirdikdən sonra planını tutduğum, yazıb üzə çıxarmadığım
əsərlərimlə yeniliklər yarada biləcəyəm. Bu barədə özümə çox
inanıram.
- Yaradıcılıq fakültəsi sənə plan tutmağı da öyrədir?
Ümumiyyətlə, gənc yazarlarımız bu fakültədə nəyi əxz
edir?
- Yaradıcılıq fakültəsi ilk olaraq yaxşı oxucu
olmağı öyrədir, sonrası adamın özünə qalmış. Kimsə adama istedad
verə bilməz. Gərək istedadlı doğulasan və yaradıcılıqda, mütaliədə
planlı şəkildə işləyəsən.
Sabah xalq şairi adı alma ehtimalım...
- Tənqidçilərlə aran necədir? Dostluq edə
bilirsənmi?
- Dostum olanlar da var, məni özünə düşmən bilənlər də. Məsələn,
mən hələ də başa düşmürəm ki, Cavanşir Yusifli ədəbiyyata nə verir?
Bu fikrimə görə Cavanşir müəllim mənimlə düşmən oldu. Allah haqqı,
çox qəribədir, nədənsə o insanı görəndə məni gülmək tutur, şirin
bir gülmək.
- Hər kəsin öz zövqü olur. Cavanşir müəllimi görəndə
səni gülmək tutur deyirsən, bəlkə sən heç onu oxumamısan. Axı o,
sıradan bir tənqidçi deyil. Kifayət qədər təcrübəsi, mütaliəsi və
ədəbiyyata özünəməxsus baxışı var.
- Yaradıcılıq fakültəsində Cavanşir Yusifli ilə görüşdük, o
insanın gənclərə münasibəti, auditoriyada özünü aparmaq reallığı
məni məcbur etdi ki, haqqında araşdırma aparım, apardım da. Məlum
oldu ki, dəyərli Cavanşir müəllimə layiq olduğundan çox dəyər
verilir. Mən ona yaxşı tərcüməçi deyə bilərəm, başqa da heç nə.
Allah canın sağ eləsin. Qaldı ki mənim onu görəndə gülməyimə, axı
dedim, bu, şirin gülməkdir. O gülüş də Cavanşir müəllimin
auditoriyada özünü aparma yadigarıdır.
- Sən özünü xalq şairi kimi təsəvvür
edirsənmi?
- Təsəvvür etməmişəm, amma dəqiq bilirəm ki, o da olacaq.
- O zaman nə dəyişəcək?
- Dəqiq bilirəm ki, yaradıcılıqla çox ciddi məşğul olacağım
illərdə kifayət qədər sanballı əsərlər ortaya qoya biləcəm. Bu
əsərlərə görə bu gün də olmasa, sabah xalq şairi adı alma ehtimalım
böyükdür. Niyə də olmasın?
- Özünü hansı ədəbi mühitin üzvü kimi
görürsən?
- Bir mərhələdən sonra bütün mühitlər birləşir, olur ədəbiyyat.
Ona görə də mühitə deyil, ədəbiyyata bağlıyam.