Bu gün Türkiyə prezidentinin
iqamətgahında Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü
Mustafa Abdulcəmil Krımoğluna Türkiyənin Cümhuriyyət Nişanının
təqdim edilməsi münasibətilə rəsmi mərasim keçirilib.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, mərasimdə əvvəlcə M.
A. Krımoğlunun tərcümeyi-halı və onun Cümhuriyyət Nişanı ilə təltif
edilməsi haqqında Türkiyə Nazirlər Kabinetini qərarı oxunub. Sonra
prezident Abdulla Gül Mustafa Krımoğluna Cümhuriyyət Nişanını
təqdim edib.
A. Gül çıxışında bildirib ki, bu nişan dövlət başçısı olmayan
bir xarici ölkə vətəndaşına verilən ən yüksək mükafatdır: "Bu
nişanı ömrünü Krım tatarlarının haqlı mübarizəsinə həsr edən
hörmətli Krımoğluna təqdim etməkdən çox böyük qürur duyuram".
A. Gül deyib ki, Krım tatarların ana vətənidir və bölgənin yerli
əhalisi olan tatarların Krımdakı keçmişi XIII əsrdə qurulan
Altınordu (Qızıl Orda) dövlətinə qədər uzanır: "1944-cü ildən
etibarən sovet kommunizminin həyata keçirdiyi zorakı sürgün
nəticəsində Krım tatarları ana vətənlərindən qoparılıblar və
Özbəkistan, Baltik ölkələri, Rumıniya, Bolqarıstan və Rusiyanın bir
çox yerlərinə köçürülüblər. Bundan başqa, yüz minlərlə tatar
Türkiyəyə gəlib. Altı aylıq olarkən Özbəkistana sürgün edilən
Krımoğlunun həyatı Krım tatar xalqının çəkdiyi zülmlərin qısa bir
hekayəsidir. Bir az əvvəl iztirablı həyat hekayəsini dinlədiyimiz
bu fədakar insan 1986-cı ildə azadlığa buraxılana qədər 15 ilini
həbsxanalarda və islah-əmək düşərgələrində keçirib. Əlbəttə ki, bu
əzablar əvəzsiz qalmayıb, Krım tatarları ana vətənlərindən sökülüb
atılmalarının mümkün olmadığını bütün dünyaya göstərib. Hörmətli
Krımoğlunun liderliyi altında gedən bu azadlıq mübarizəsi tarixə
qızıl hərflərlə yazılıb".
M. A. Krımoğlu isə çıxışında aldığı mükafatdan məmnun olduğunu
söyləyərək bunun çətin günlərində Türkiyənin Krım tatarlarına
verdiyi dəstəyin bir nişanəsi olduğunu vurğulayıb.
Mərasimdə Türkiyə baş nazirinin müavinləri Bülənt Arınç və
Əmrullah İşlər, Krım Tatar Məclisinin sədri Refat Çubarov və digər
rəsmi şəxslər iştirak edib.