Hansı yaşda olmağımızdan asılı
olmayaraq, görüş bizlər üçün bir imtahan, bəziləri üçünsə hətta
hünərdir. Qoy lap sizin ilk görüşünüz olsun, yaxud bəlkə də
rəfiqənizlə artıq çoxdan görüşürsünüz, fərqi yoxdur, kişi
bilməlidir ki, qadınlar tərəf müqabillərini necə
seçirlər.
Söhbət kişilərdən gedirsə, qadın bir söz deyib, başqa cür düşünə
bilər. O, romantik, həssas qəlbli insanları sevdiyini söyləyə
bilər, amma əslində kütbeyin və qanmazın biri ilə görüşər. Yadda
saxlayın ki, qadınların (elə kişilərin də) təhtəlşüur arzuları ilə
hərəkətləri arasında ziddiyyət mövcuddur. Uğurlu görüş üçün ən
mühüm keyfiyyət - əminlikdir!
Sözün qısası, siz sadəcə, özünüzə inanmalısınız. Qadınlar
kişilərdə bu hissin olub-olmamasını göydə tuturlar. Və əgər sizdə
özünüzə inam yoxdursa, artıq adınızı uğursuzlar cərgəsinə daxil
edin. Əminlik hissinin səviyyəsinin artırılması yollarından biri də
tanış olmayan qadınlarla ünsiyyətə qoşulmağı öyrənməkdir. Necə
deyərlər, kamilliyə aparan yol təcrübədən keçir.
Budur, daha bir ideya: nədən başınız çıxırsa, nəyi daha yaxşı
bacarırsınızsa, ondan danışın. Misal üçün, əgər yaxşı bric oynaya
bilirsinizsə, qaydaları ona izah edərkən sizin inamala
danışdığınızı dərhal hiss edəcək.
İlk görüş
Bəli, o, "hə" deyib, bu isə o deməkdir ki, hər ikiniz
bir-birinizi daha yaxından tanımaq istəyirsiniz. İlk görüş bir çox
cəhətlərinə görə işə qəbul zamanı aparılan müsahibəni xatırladır:
siz ilk görüşdən yaxşı təəssürat oyatmağa çalışırsınız. Ona görə də
mütləq aşağıdakı məqamları nəzərə alın.
Əvvəlcə strategiyanın ilk planını tutun
Əvvəlcə görüşün vaxtını götür-qoy edin. Ola bilər ki, cümə və
şənbə günləri axşam deyil, həftə ortası görüşsəniz özünüzü daha
sərbəst hiss edərsiniz. Sakit söhbətə şərait yaradacaq yer seçin –
yəni xanımı o dəqiqə kinoya sürükləməyin, bu mədəni gedişi gələn
görüş üçün saxlayın.
Birgə yemək stolu arxasındakı görüş sizi qorxudursa, ikilikdə,
misal üçün, mini-qolf, bilyard və ya boulinq oynaya biləcəyiniz və
ya imkan daxilində sizə tanış olan bir yer seçin. Onda özünüzü daha
rahat hiss edərsiniz. Eləcə də, hər hansı bir cəsarətli və
mübahisəli fikir irəli sürə bilərsiniz – onda tərəf müqabiliniz
dərhal anlayacaq ki, siz özünüzə arxayınsınız.
İlk növbədə centlimen olun
Əvvəla, şəraitə münasib geyinin. Əlbəttə, qonşuluqdakı bara
getmək üçün nəzərdə tutulmuş smokinq (xüsusi biçimli döşü açıq qara
pencək – tərc.) geyməyə dəyməz. Lakin təkcə qaşları sığallamaqla da
məhdudlaşmaq olmaz. Səliqəli və abırlı görünmək lazımdır.
İkincisi, nəzakətli və ədəbli olun: qadından əvvəl qapını açın,
oturması üçün stul çəkin.
Üçüncüsü, görüşə sadəcə, vaxtında gəlin. Əgər ictimai yerdə
görüşürsünüzsə və xanım geçikirsə, buna iltifatla yanaşın. Yəqin
ki, təklikdə gözləmək istəməyib.
Dördüncüsü, bütün diqətinizi ona cəmləyin – ona baxın, onu
dinləyin, ağıllı suallar verin və gülümsəyin. Kompliment deməkdə
canfəşanlıq göstərməyin. Düzdür, o, gözəl görünmək üçün çox səy
göstərib, ancaq həddindən artıq coşqun reaksiya göstərməyin.
Və nəhayət, əgər hətta o, fəal şəkildə etiraz etsə belə, görüş
zamanı bütün xərcləri özünüz ödəyin, ələlxüsus da əgər onu siz
dəvət etmisinizsə... Əyləncələrə sərf olunan xərcləri yarı bölmək
haqqında isə daha sonra, görüşləriniz daimi şəkil aldıqdan sonra
danışa bilərsiniz.
Vidalaşın və uğurunuzu möhkəmləndirin
Görüşün bədbin notlarla bitməsinə icazə verməyin. Ayrılarkən
özünüzə əmin bir görkəmlə xoş gecələr arzulayın. Onu qucaqlayın,
əlini sıxın və öpün – bu, sizə də yerində edilmiş bir addım təsiri
bağışlayacaq. Onunla bir daha görüşmək istəyisinizsə, ertəsi günü
zəng edin və onunla necə gözəl vaxt keçirdiyinizi söyləyin.
İlk görüşdən sonra
Nədən xoşlanıb, nəyi isə xoşlamadığınızı düzgün dəyərləndirin.
Deyək ki, siz futbol fanatısınız, sevimli komandanız var. Bəs
axşamı sizinlə stadionda keçirmək fikri onu əldən salmır ki? Və
yaxud, bəlkə o, klassik musiqi həvəskarıdır və operaya getməyi
xoşlayır, sizi isə daha çox rok musiqisi cəlb edir? Həmişə ortaq
nöqtəyə gəlmək olar, ancaq hər halda mümkün olan fikir ayrılığı
haqqında müəyyən təəssüratınız olmalıdır.
Qarşılıqlı meyil və istəyin yoxlanılması
Bu kiçik testi birbaşa cəmiyyətdə aparın. Hər hansı bir növbədə
dayanarkən və ya bir kafedə stolun boşalmasını gözləyərkən yavaşca
ona sarı meyillənin. Əgər o, sizi itələsə, yaxud daha pisi, geri
çəkilsə, deməli, qığılcım onu sarmayıb. Yox, əgər sizi itələmirsə,
əksinə, azacıq sizə yaxınlaşırsa, əmin ola bilərsiniz: qığılcım
artıq alovlanmaqdadır.
Bir də, heç vaxt özünüzü aldatmayın: əgər birlikdə bir neçə saat
keçirdikdən sonra onu öpmək istəmirsinizsə, yaxşısı budur obyekti
dəyişin. Qadının sizə qarşı münasibətini müəyyənləşdirmək üçün ona
bir neçə görüş lazımdır, ancaq kişilər başqa cür yaranıblar.
İradəsiz olmayın
İradəsizlik göstərmək, tabe olmaq, həmişə onun fikirləri ilə
razılaşmaq, nəzakəti eybəcər ifrat dərəcəyə çatdırmaq, əttökənlik
etmək deməkdir. Qadınlar belə keyfiyyətləri dostlarında
qiymətləndirsələr də, sevgililərində görmək istəmirlər. Necə
ləyaqətli və səxavətli bir insan olduğunuzu göstərin.
Əgər kifayət qədər "kağızınız" varsa, bu, əlbəttə, işin
xeyrinədir. Ancaq əsas lazım olan keyfiyyət – yumor hissinin
olması, geyimdə və danışıqda zəriflik, əminlik (bunu heç vaxt
unutmayın!), yaraşıqlı görkəm və səmimiyyətdir. Lovğalıq, hislərini
açıb ortalığa tökmək və ya həddindən artıq duyğusallıq göstərmək
açıq-aydın sizin imicinizin xeyrinə deyil.
Unutmayın ki, keçirdiyiniz həyat tərzi də gözəl cinsin
nümayəndələri ilə görüşünüzün keyfiyyətinə təsir göstərir.
Diqqətli olun!