Əvvəli burada
…Sullivan Bəxtiyarın cəsarətini onun üzünə tərifləmiş,
lakin arxasınca Vaşinqtona demişdi ki, bu adam "göylə gedən Don
Kixotdur və ABŞ-ın heç bir məsləhətinə qulaq asan
deyil".
Dövlət Departamenti də Bəxtiyarın hökumətindən bir şey
çıxmayacağını düşünürdü. Ağ Ev onu üzdə güclü şəkildə dəstəkləyir,
lakin səhnə arxasında ona qarşı çevriliş barədə düşünürdü.
Milli Təhlükəsizlik müşavirinin müavini David Aaron 1979-cu ilin
9 yanvarında öz rəisi Zbiqnev Bjezinskiyə yazırdı ki, onun
nəzərində ən düzgün yol Bəxtiyarı devirib hərbiyyə və Xomeyni
arasında saziş əldə etmək və şahın hakimiyyətinə son
qoymaqdır".
"Ola bilsin ki, bu sazişi hərbiyyə Bəxtiyara qarşı hərəkət
etmədən də əldə etmək olar", - Aaron yazırdı.
İki gün sonra, nəhayət, prezident Karter sarsılmış və xərçəngin
əldən saldığı şaha "dərhal çıxmağı" məsləhət gördü.
O vaxtlar ABŞ milli təhlükəsizlik bürokratiyası arasında belə
bir fikir hakim idi ki, əvvəl-axır Ayətullah və onun yaxın çevrəsi
ilə iş görmək olar.
Xomeyni isə Vaşinqtona öz mesajlarını göndərməkdəydi.
"Burada neftdən heç bir narahatlıq olmamalıdır. Bunu yalan
deyirlər ki, İran ABŞ-a neft satmayacaq", - Xomeyni ona yanvarın
5-də Fransada baş çəkən amerikalı qonağa demişdi. Həmin qonaq öz
məlumatlarını ABŞ səfirliyi ilə paylaşmışdı.
Yanvarın 11-də Ağ Evin Situasiya Otağında keçirilən həlledici
görüşdə MKİ proqnoz vermişdi ki, Xomeyni özü geri çəkiləcək və
mötədil, Qərb təhsilli tərəfdarlarının və sağ əli sayılan Ayətullah
Məhəmməd Beheştinin (Xomeyninin İrandakı sağ əli, ABŞ-ın praqmatik
kimi gördüyü şiə ruhanisi –red.) hökumət yaratmasına imkan
verəcək.
ABŞ rəsmiləri Beheştini "nadir quş" hesab edirdilər: praqmatik
idi, ingiliscə danışan bu universitet təhsilli ruhani Qərbdə
yaşamışdı və Xomeyniyə yaxınlığı ilə seçilirdi. Qısası, bu, elə bir
adam idi ki, amerikalılar onunla dil tapa bilərdilər.
"Biz Xomeynini təkcə təhsili cinsiyyət prinsipi ilə bölən və
qadın haqlarına qarşı olan birisi kimi təqdim etməklə ədalətsizliyə
yol vermis olarıq", - Dövlət Departamenti Kəşfiyyat Bürosunun o
vaxtkı rəhbəri Filip Stoddard demişdi.
Prezident Karter isə indi arxayın idi ki, general Huyser artıq
Tehrandadır. Huyser əmrlərə tabe bir adam idi və İranın hərbi
liderləri ona inanırdılar.
Orada ikən Huyser hərbiyyənin başında duranların temperaturunu
müəyyən etməli və onları qürurlarının üstündən keçərək Beheşti ilə
görüşə getməyə sövq etməli idi. ABŞ bunun Xomeyni ilə hərbi
razılığa gəlinməsi ilə nəticələnəcəyinə inanırdı.
Düyünün açılması üçün elə prezident Karter də öz qürurunun
üstündən adlamalı olacaqdı. Yanvarın 14-də axşam ABŞ dövlət katibi
Krus Vans Paris və Tehrandakı səfirliklərə telefonoqram
göndərmişdi: "Biz qərara gəlmişik ki, Xomeyninin düşərgəsi ilə
Amerika arasında birbaşa kanalın qurulması arzuolunandır".
Məxfi görüşlər
Yanvarın 15-də günorta saatlarında ABŞ-ın Fransadakı
səfirliyinin siyasi müşaviri Varen Zimmerman Paris yaxınlığındakı
kiçik Neufl-Çateu şəhərindəki sakit bir otelə gəlmişdi. Burada
Xomeyni yaşayırdı. Zimmerman izlənməmək üçün bura öz rəisinin şəxsi
Pejo avtomobilində gəlmişdi. Maşının nömrələri diplomatik
deyildi.
"Mən böyük bir yemək otağına daxil oldum və burada tək bir adam
oturmuşdu. Bu, Yəzdi idi", - sonralar Zimmerman xatırlayırdı.
İranlı-amerikalı həkim İbrahim Yəzdi (Texasın Hyuston şəhərində
yaşayan iranlı-amerikalı həkim. O, Xomeyninin sözçüsünə və
müşavirinə çevrilmişdi – red.) faktiki olaraq, Xomeyni
administrasiyasının rəhbəri idi.
Yəzdi artıq Vaşinqtondakı rəsmilər vasitəsilə MKİ
əməliyyatçısına çıxış tapmışdı. Sonralar bu adamın liberal,
anti-şah alim Riçard Kottam olduğu bilinəcəkdi.
Xomeyni ilə birbaşa əlaqənin yaradılması son dərəcə həssas
məsələ idi. Üstü açılsaydı, bu hadisə ABŞ siyasətindəki dəyişiklik
kimi yozulacaqdı. Bütün dünyaya bəlli olacaqdı ki, Vaşinqton köhnə
dostu olan şahdan əlini üzür.
Elə həmin gün, bir qədər əvvəl dövlət katibi Vans Fransa
hökumətini xəbərdar etmişdi ki, Vaşinqton təcili şəkildə Xomeyni
qrupu ilə birbaşa kontakta daxil olmalıdır. Səbəb Tehranda Beheşti
ilə İran hərbiyyəsi və təhlükəsizliyinin rəhbərləri arasında
danışıqlara Xomeyninin dəstəyini almaq idi.
Beheşti Sullivanla (ABŞ-ın İrandakı səfiri – red.) görüşmüşdü,
amma təhlükəsizlik mülahizələrinə əsasən İran generalları ilə
görüşməkdən imtina edirdi. Odur ki, Vaşinqton Xomeyninin öz müavini
ilə əlaqəyə girib ona belə bir görüş üçün icazə verməsini
istəyirdi.
İkinci görüş üçün tez bir zamanda razılıq əldə edilmiş və
Zimmermana tapşırılmışdı ki, İran generallarının şahın ölkədən
çıxmasının ardınca hərbi çevriliş etmək planlarının ciddi olduğu,
lakin Huyserin onları bu fikirdən daşındırdığını çatdırsın. ABŞ-ın
İrandakı səfirliyindən Vaşinqtona göndərilən məlumatda deyilirdi
ki, ordu həmin müddətdə sakit dayanacaq, bir şərtlə ki, onu
təxribata çəkməsinlər.
Yanvarın 17-də prezident Karter öz gündəliyində yazırdı ki,
Xomeyninin İrandan uzaqda qalması üçün əlindən gələni edir. Lakin
elə ertəsi gün onun administrasiyası Xomeyniyə bildirmişdi ki, onun
"əmin-amanlıq içində" vətəninə qayıtmasına heç bir problem
yoxdur.
Karter administrasiyasının Xomeyni ilə danışıqlarının əsas
məqsədi Ayətullahla hərbiyyə arasında kövrək sazişə nail olmaqdı.
Ola da bilərdi ki, Vaşinqtonda Xomeyninin yüksəlişini zəiflətmək,
ya da onun niyyətlərini oxumaq istəyirdilər. Lakin sonunda onlar bu
iki məqsəddən heç birinə çatmamışdılar.
Xomeyniyə saziş yox, qəti qələbə lazım idi. Lakin Vaşinqtonla
taktiki əlaqə Xomeyninin planlarına uyğun idi. Xomeyni, əslində,
Karter administrasiyasının şaha və İran hərbiyyəsinə həqiqi
sədaqətinin dərəcəsini müəyyən etmək məqsədilə açar suallar
qoymuşdu. Əslində, bunu müəyyən etmək Ayətullah üçün çox da çətin
olmayacaqdı. ABŞ əlindəki kartları artıq göstərirdi.
"Nə, konstitusiyanın müdafiəsi?"
Zimmerman və Yəzdi üçüncü dəfə görüşəndə, onların bir-biri üçün
şad xəbərləri vardı. 1979-cu ilin 18 yanvarı idi. Görüş elə həmin
məkanda Paris ətrafında Xomeyninin yaşadığı yerə yaxın sakit
karvansarada keçirdi.
Yəzdi bildirirdi ki, Xomeyni Beheştinin generallarla görüşməsinə
icazə verib. Elə Zimmermanın da Ayətullah üçün müjdəsi vardı. Bu
iki nəfərin ikinci görüşü zamanı Vaşinqton Xomeyniyə xəbərdarlıq
etmişdi ki, onun "qəfil dönüşü" fəlakətə səbəb ola bilər, beləki
İran hərbiyyəsi konstitusiyanın müdafiəsinə qalxa bilər.
Konstitusiyada isə yazılıb ki, monarxiya əbədiyyətədək dəyişdirilə
bilməz".
Amma konstitusiyanın müdafiəsi nə demək idi? Yəni monarxiyanın
qorunub saxlanması? Yoxsa bu, ordunun birliyini qoruyub saxlamaq
üçün lazım idi? Xomeyni bu suallara açıq cavab istəmişdi.
Düzünə qalsa, o vaxt bu sualların cavabını heç ABŞ-ın özü də
bilmirdi. Yəni bilmirdi ki, İran hərbiyyəsi Pəhləvi rejimindən əl
çəkib "yeni demokratik respublika çərçivəsində işləməyə" hazırdır,
yoxsa yox?
Vaşinqtona buna aydınlıq gətirmək üçün daha iki gün lazım
olacaqdı. Amerikanın Xomeyniyə verdiyi cavab indiyədək, yəni 35 il
məxfi saxlanmışdı. Bu cavab ondan ibarət idi ki, ABŞ-ı İranın
siyasi sistemi narahat etmir.
Bütün rəsmi bəyanatlar kimi bu bəyanat da ümumi söz yığını ilə
başlayırdı və məsələnin məğzi lap axırda idi.
"Biz konstitusiyanın dəyişdirilə bilməyəcəyini demirik, lakin
biz inanırıq ki, bu dəyişiklik əsaslandırılmış və qaydalı şəkildə
ola bilər. Əgər ordunun birliyi qorunub saxlanarsa, biz inanırıq
ki, İranın gələcəkdə hansı siyasi sistemi seçməsi bizim rəhbərlik
üçün məqbuldur".
Başqa sözlərlə, Vaşinqton, prinsipcə, monarxiyanın ləğvinə razı
idi və prosesin tədrici və nəzarətli şəkildə olması şərtilə general
Huyserlə hər gün görüşən ali İran hərbiyyəsinin də bunu qəbul
edəcəyini söyləyirdi.
Xomeyninin ən çox qorxduğu bu idi ki, Amerika şahı xilas etmək
üçün son anda çevrilişə əl ata bilər. Amma indicə aldığı işarədən
bəlli olurdu ki, ABŞ şahın işini bitmiş hesab edir və onun istədiyi
yeganə şey rüsvayçı vəziyyətə düşməmək üçün hərbiyyəni qorumaq və
kommunistlərin hakimiyyətə gəlməsinə yol verməmək idi.
Hər dəfə olduğu kimi Xomeyninin administrasiya rəhbəri
Ayətullaha hesabat vermək üçün dəftəçəsində farsca "çoxsaylı"
qeydlər edirdi. Amerika diplomatı istəyirdi ki, İran elçisi mesajda
nəyin deyildiyini dəqiq başa düşsün.
"Zimmerman konstitusiyaya aid hissələri oxusa da, Yəzdinin
diqqətini ilk növbədə son iki cümləyə yönəldirdi. O, Yəzdiyə ABŞ-ın
konstitusiya məsələsində sərt mövqe tutmadığını təlqin etmək
istəyirdi", - Fransadakı Amerika səfirinin Vaşinqtona göndərdiyi
ayrıca teletaypda deyilirdi.
ABŞ Xomeyniyə bildirirdi ki, ordu təmkinini itirməkdədir. "Bu
zabitlər qeyri-müəyyənlikdən, planlanmamış gələcəkdən qorxurlar", -
Zimmerman həmin görüşdə Yəzdiyə demişdi.
Vaşinqton Ayətullahın orduya toxunulmayacağı ilə bağlı vədindən
rahatlıq tapmışdı. Xomeyninin emissarı ABŞ-ı özünün təkmil
silahlarını İrandan çıxarmamağa çağırırdı.
Yəzdi həmçinin aydınlıq gətirmişdi ki, İslam Respublikası
İsraillə özünün yəhudi sakinləri arasında dəqiq fərq qoyacaq.
Yəhudilər artıq İrandan dəstə-dəstə qaçmağa başlamışdılar.
"Siz Amerika yəhudilərinə deyə bilərsiniz ki, İrandakı
yəhudilərin gələcəyindən narahat olmasınlar", – Yəzdi deyirdi.
Həm Xomeyni, həm də Karter hərbiyyə və müxalifət arasında
toqquşma olmasını istəmirdilər. Lakin onların bundan məqsədləri
daban-dabana zidd idi.
Karter bir dəfə Sullivanın "yaralı heyvan" adlandırdığı ordunun
qorunub saxlanmasını istəyidi. Onun məqsədi bu ordu ilə ABŞ-ın
gələcəkdə İrandakı təsir gücünü saxlamaq idi.
Amma Xomeyni bu "yaralı heyvanı" sakitcə tələyə salıb bitirmək
istəyirdi. Ordu rejimə uzunmüddətli hədə təşkil edə bilərdi. Odur
ki, ordunun başdan məhrum edilməsi və demontajı Xomeyninin əsas
məqsədi idi.
Beləliklə, Vaşinqton monarxiyanın gələcəyi və ordunun mövqeyi
barədə Xomeyninin bütün suallarını cavablandırmış oldu. İndi növbə
Ayətullahın idi. Karter administrasiyası ABŞ-ın İrandakı əsas
maraqlarının gələcəyinin necə olacağını bilmək istəyirdi. Bunlara
investisiyalar, neft təchizatı, hərbi-siyasi münasibətlər və Sovet
İttifaqına münasibət daxil idi. Ertəsi gün Xomeyni bu sualların
cavablarını yazılı şəkildə Yəzdiyə vermişdi.
Zimmerman ordunun gələcək barədə mövqeyinin sərt olmadığını
Yəzdiyə dediyi gün Xomeyni tərəfdarlarını etirazları
genişləndirməyə çağırmışdı.
Bu, İslam Respublikasının sənətkarlıqla yaradılmış portreti idi
və Karterin bir ay əvvəl Qvadelupada keçirilən dünya liderləri
konfransında dilə gətirdiyi baxışı güzgü kimi əks etdirirdi: Sovet
hegemonluğundan azad, neytral, Amerikaya dost olmasa belə, inqilabı
ixrac etməyəcək və Qərbə neft nəqlini dayandırmayacaq İran.
"Biz öz neftimizi ədalətli qiymətlə kim almaq istəsə, ona da
satacağıq", –Xomeyni yazmışdı.
Onun cavabında deyilirdi ki, neft təchizatı iki ölkəni – İsraili
və Cənubi Afrikanı istisna etməklə tam şəkildə davam
etdiriləcək.
Xomeyni yazmışdı ki, ölkənin inkişafı üçün İranın başqalarına,
"xüsusilə də amerikalılara" ehtiyacı var.
Xarici investisiyalara gəlincə, Amerikanın bu işdə çox güman
rolu olmalı idi. Ayətullah yazırdı ki, İran tank yox, traktor
almaqda maraqlı olacaq. Başqa sözlərlə bu, həm də ona işarə idi ki,
İran silah məsələsində ruslara da üz tutmayacaq.
"Rusiya hökuməti ateist və anti-din hökumətdir. Əlbəttə ki,
bizim ruslarla qarşılıqlı anlaşmaya gəlməyimiz daha çətin olacaq",
– Yəzdi Zimmermana demişdi. - Siz xristiansınız və Allaha
inanırsınız, amma onlar yox. Odur ki, biz ruslardan daha çox
sizinlə yaxınlıq duyuruq".
Xomeyni həmçinin regionu qarışdırmayacağını vəd edirdi.
O yazırdı ki, "başqa xalqların işinə qarışmamaq" gələcək İran
hökumətinin siyasəti olacaq.
Bu da deyilirdi ki, şah rejimindən fərqli olaraq, İslam
Respublikası Fars körfəzində polislik etməyəcək və inqilabı ixrac
etməyə cəhd göstərməyəcək.
"Biz Səudiyyə, Küveyt və ya İraqı xariciləri ölkələrindən
qovmağa çağırmayacağıq", – Xomeyni yazmışdı.
(BBC Azərbaycanca)
Ardı var…