Lənkəranda 20 yaşlı qadının hamiləliyini sonlandırmaq istəyən zaman qəbul etdiyi dərman səbəbindən dünyasını dəyişməsi abort təhlükəsini bir daha gündəmə gətirdi. Müxtəlif vasitələrlə ev şəraitində hamiləliyin sonlandırılmasının təhlükəsilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin hələ də, xüsusilə bölgələrdə, planlaşdırılmamış hamiləlik zamanı həkim məsləhəti olmadan ev şəraitində dərman müdaxiləsilə bu cəhdlər olur.
Qadınların bir çoxu dölün xaric edilməsini ev şəraitində etməsini həkimdən və abortdan qorxması və bu prosesin çox xərc tələb etməsilə izah edirlər.
Maraqlıdır, arzulanmayan hamiləliyi ev şəraitində dərman preparatları vasitəsilə sonlandırmaq nə dərəcədə təhlükəlidir? Bunun üçün hansı dərmanlar var və təhlükəli olduğu halda niyə açıq şəkildə satılır?
Mövzu ilə əlaqədar Axar.az-a açıqlama verən ginekoloq Ruziyə Hüseynova bildirib ki, ev şəraitində hamiləliyi sonlandırmanın ciddi fəsadları var:
“Tibbdə iki cür abort var: biri medikamentoz abortdur, digəri cərrahi. Amma bəzi qadınlar özbaşına hamiləliyi sonlandıran dərmanlar qəbul edərək, abort edirlər. Bu artıq medikamentoz abort belə sayılmır. Həmin qadınların etdiyi abortun növü kriminal abortdur.
Bir neçə gün öncə Lənkəranda da hamiləliyi sonlandırmaq üçün həkim məsləhəti olmadan dərman qəbul edən və nəticədə öz həyatına son qoyan qadın da kriminal aborta əl atmışdı. Bu cür ölüm hadisələrinin sayının artmaması üçün medikamentoz abortlara görə apteklərdə satılan dərmanlar yalnız həkim resepti əsasında əldə edilməlidir.
Ümumiyyətlə, hamiləliyi sonlandırmaq üçün qadınlar əvvəlcədən baza dərmanı qəbul edib, sonra hamiləliyi sonlandıran dərman qəbul etməlidir. Amma bu baza dərmanının qiyməti 63 manat olduğundan hər kəs üçün əlçatan deyil”.
Ginekoloq bildirib ki, normalda abortları hamiləliyin 12-ci həftəsinə qədər ambulator şəraitdə sonlandırmaq olar:
“11-ci həftədən sonra stasionar şəraitdə abort olunmalıdır. O dərmanların təyinatını həkim verməlidir. Hətta doğuş zamanı da, doğuşların stimulyasuyası zamanı da o dərmandan istifadə edirik. Bütün bu proseslərə həkim nəzarət etməlidir. Bu dərmanlara görə hətta həkimlərimiz belə problemlərlə qarşılaşır. Hər bir dərmanın əks-göstərici olduğu kimi, hamiləliyi sonlandırmaq üçün nəzərdə tutulan dərmanların da əks-göstərici ola bilər. Hətta vitaminlərin qəbulu zamanı da bu əks-göstəricilərlə rastlaşmaq olar”.
Ginekoloq Günay Əsədova isə bildirib ki, qadınlar ev şəraitində dərman vasitəsilə hamiləliyi sonlandırmağa bir-birindən öyrənərək cəhd edirlər:
“Döl zəif tutmuş qadınlarda dərmanla “düşük” baş tutsa da, çox zaman bu, qanaxma və ölümlə nəticələnə bilir. Hamiləliyin evdə dərman üsulu ilə sona yetirilməsi II Dünya müharibəsi illərində gündəmdə idi. Sonradan bu dərmanların istifadəsinə qadağa qoyuldu. Çünki hamiləliyi sonlandıran bu dərmanlar qadınların həyatı bahasına başa gəlirdi. Bəzi qadınlar həkimə getməmək və ya abortdan qorxduğu üçün, ya da maddi çətinlik səbəbindən ev şəraitində müəyyən dərmanlardan istifadə edərək, hamiləliyi sonlandırmağa çalışır. Bu, bəzən alınır, bəzən isə elə fəsadlar verir ki, qarşısı çətinliklə alınır. Nəticədə, ən pis halda ölüm baş verir, ən yaxşı halda isə yenə abort olunur və daha da çox xərcə düşür, üstəlik sağlamlığı risk altına girir”.
Həkim bildirib ki, hamiləliyi sonlandırmağın ən təhlükəsiz yolu abortdur:
“Ümumiyyətlə, ən yaxşısı hamiləlikdən qorunmaqdır. Əgər hamiləlik baş tutubsa, bunu evdə 2-3 preparatla ilə həll etmək olmaz, bu zaman ən təhlükəsiz üsul abortdur. Qanunla hamiləliyi sonlandıran dərman preparatının satışına icazə verilmir və qadınların istifadə etdiyi dərman əslində hamiləliyi sonlandırmaq üçün deyil, mədə dərmanıdır.
Sadəcə, əlavə təsir kimi hamiləliyə əks-təsir göstərir və hamilələrə istifadəsi əks-göstərişdir. Dərmanın içlik vərəqində də yazılıb ki, hamilə qadınların istifadə etməsi qadağandır”.
Ginekoloq bildirib ki, hətta ölüm halları yaşanmasına baxmayaraq, dərmanla hamiləliyini sonlandırmaq istəyənlər, belə məqamda çətin vəziyyətə düşmüş qadınlar həddən artıq çoxdur.
Qeyd edək ki, bir neçə gün öncə Lənkəran rayonunda 20 yaşlı Günay İbrahimova 16 həftəlik hamiləliyini sonlandırmaq üçün qəbul etdiyi dərmanlar nəticəsində qanaxmadan vəfat etmişdi.