80-ci illərdə ədəbiyyata yeni bir dalğa, yeni bir axın
gəldi. Yazıları, üslubları ilə fərqlənən, seçilən qələm adamları
idi. O dövrün "Yaşıl budaqlar" adlı ədəbi almanaxlarda dərc olunar,
Azərbaycan ədəbiyyatının sabahı kimi boy verərdilər. Onları
axtarmağa başladıq. Bəziləri ədəbiyyatda bu gün də var, bəzilərinin
nə imzası görünür, nə özlərindən soraq var. İmzası görünənlərdən
biri - Cəlilabadda yaşayan şair Ədalət Salmanla görüşdüm.
"Gerçəkləşməyən arzular"ı olubmu deyə sorğu-suala tutdum. Şairlə
söhbətimizdə onun gerçəkləşməyən arzuları ilə yanaşı bölgədəki
ədəbi mühitlə bağlı da fikir mübadiləsi apardıq.
- Ədalət müəllim, yaşıdlarının içərisində ən çox dərc
olunan və haqqında daha çox bəhs olunan şair idin. Sonradan elə bil
özün-özünü daldaya çəkdin, görünmədin.
- Şair özü-özünü reklam eləməz. Həm də ki, bölgədə yaşamağın az
görünməyə təsiri var... Bölgədə olduğumuza görə, kölgədə yaşamış
kimiyik. Amma əslində belə deyil. Cəlilabadda yaşasam da, gücüm
çatan qədər ədəbiyyatın inkişafına kömək eləməyə çalışmışam.
2003-cü ildən "Sözün işığı" jurnalını çap etdirirəm. Mən tək başıma
bir filialın işini görürəm. Elə adamlar var ki, əllərinə düşən pulu
başqa yerə yönəldirlər, ancaq mən həmişə ədəbiyyatımıza xidmət
etdim. Bəlkə elə buna görədir ki, otuzdan çox kitabın tərtibatçısı
və redaktoruyam. Ustad şairimiz Rəsul Rzaya həsr olunmuş şeirlərdən
ibarət kitab dərc etmişəm. Abbasağa Azərtürkün yetmiş iliyi ilə
bağlı dörd yüz səhifəlik "Söz çələngi", "Ədəbi almanax" kitabları
və sairə.
Məndə sözə qarşı mənəvi aclıq var
- Ədalət müəllim, bu qədər iş görürsən. Maraqlıdır,
həyatını ədəbiyyatdan kənar hiss etmisənmi?
- Mən bütün varlığımla ədəbiyyatla nəfəs alıram. Məndə sözə
qarşı mənəvi aclıq var. Ədəbiyyatdan, qələm adamlarından ayrı
düşəndə darıxıram. Ona görə də ədəbiyyat adamlarına maddi və mənəvi
dəstək ola bilirəm. 80-ci illərdə bizim ədəbiyyata gələn qələm
adamları başlarını aşağı salıb bal arısı kimi işlərini görürlər.
Məsələn, Ramiz Qusarçaylı, Sabir Sarvan, Barat Vüsal və başqaların
misal çəkə bilərəm. Ədəbiyyat üçün çalışan qələm adamlarını görmək
AYB rəhbərliyinin işidir. Gözdən, könüldən iraq qalırsa,
obyektivlik itir.
- Belə çıxır ki, sənin gördüyün işlər ədəbiyyata xidmət
yox, hansısa məqsəd üçündür. Mükafata, diqqətə layiq olmaq
istəyirsən, ya doğurdanda təmənnasızsan?
- Mən və mənim kimi iş görən qələm adamlarımızın gördükləri
işlər hamısı təmənnasızdır. Adama o yer edir ki, ədəbiyyatda heç
bir yeri, heç bir xidməti olmayan adamlar təqaüd alır, ad alır və
burda həqiqət meyarı itir. Həqiqət meyarı itəndə adam oturub
fikirləşir ki, əcəba kənardan baxan görmür ki, kim iş görür? İş
görənə qiymət vermək lazımdır.
Reklam, söz oyunu
- Dediyinizdən belə qənaətə gəlmək olar ki, AYB
regionlara diqqət ayırmır.
- Əslində AYB-nin burda elə bir günahı yoxdur. Günah bunların
adından sui-istifadə edənlərdədir. AYB-nin rayonlarda elə üzvləri
var ki, Bakıda yaşayan qələm adamlarından güclü əsərlər ortaya qoya
bilirlər, böyük iş görürlər. Ancaq onlar qapıdan qovulub, bacadan
girən bəzi şəhər adamları kimi ola bilmirlər.
- 80-ci illərdə nəşr olunmaq da çətin idi. Amma bu
çətinliyin, bu qıtlığın içərisində sənin imzan çox
görünürdü.
- Mənim əsas meyarım özümü ədəbi çevrədə təsdiq etmək idi. Sağ
olsunlar ki, Xəlil Rza Ulutürk və başqaları bunu gördü və mənim
haqqımda məqalələr verdilər, "uğurlu yol" yazdılar. Tələbə vaxtı
mən evdən pul almırdım, şeirlərimin qonorarı ilə dolanırdım.
- İndi necədir ki?
- İndi görürsən ki, reklamla, söz oyunu ilə məşğuldurlar. Qələm
adamlarının çoxu, indi dostdurlar, bir-birini tərifləyirlər. Əksər
tənqidçilərdə də maddi maraq var, özlərini təriflədirlər.
Maraqlanırsan ki, bu qədər məşhur olan adamın ortada nə əsəri var.
Görürsən ki, gənc müəlliflər hekayə yazmağı bacarmır, ancaq romanı
çıxdı. Soruşsan ki, romanın janrının tələbi nədir, qaydası necədir,
deyə bilməzlər. Hecada şeir yazmağa çətinlik çəkirlər, amma ağ
şeirlər yazırlar. Belinskinin bir sözü var: "Fikir, poetikada
gözəldir".
Oxucuya sözün varsa, yaz
- Mən belə başa düşdüm ki, hər hansı bir əsər
ideologiyaya xidmət etməlidir, onun süjet xətti olmalıdır. Bu gün
sənin müşahidələrin bunun əksini deyir, yəni ədəbiyyat əslinə qalsa
nəyəsə xidmət etməlidir?
- Hər bir qələm adamının ortaya qoyduğu əsər özündə nəyisə
ehtiva etməlidir, oxucuya nəsə deməlidir. Söz yığını olmalı deyil.
Oxucuya sözün varsa yaz, yoxdursa xatirəni, gündəliyini roman
adına, povest adına oxucuya sırıma.
- İndiki gəncləri deyirsən, ancaq doğurdan da indiki
gənclərin arasında elələri var ki, sanballı əsər qoyublar ortaya.
Konkretlik yoxdur e. Bəlkə ad çəkək ki, onlar özlərinə olan iradı
görsün? Bəlkə mütaliə etmirsən gəncləri...
- Əslində ad çəkmək o deməkdir ki, o adam qarşılıq verə bilər,
deyər, bizim ona antipatiyamız var. Yox, elə deyil. Mən ədəbi
mərhələləri internet, qəzet və bütün vasitələrlə izləyirəm. Bir
jurnal redaktoru və qələm adamı kimi. Bilməliyəm ki, müasirim olan
şair və yazıçı necə yazır. Bilirəm bu gün yazılan əsərlərin 80
faizinin ədəbiyyata dəxili yoxdur. Mən ixtisasca filoloqam,
dilçiyəm. Şeirlər var, nöqtəsi, vergülü yox, heç olmasa fikri
olmalıdır axı. Elə adam var ki, şeir yazmağı bacarmır, beş dənə
poeması var. Mən otuz ildir ədəbiyyatdayam, cəmi bir poemam var.
Nizaminin bir sözü var, deyir: "Çalış birin min olmasın, min bir
olsun". Tülkü deyir, mənim yeddi balam var, şirin bir balası. Şir
cavab verir ki, mənim bir dənəm şir balasıdır. İndi mənim 5-6
kitabım çap olunub, məndən gəncin 50 kitabı. Amma gəlin görək
şeirdirmi, sıxsan, ortada bir əsər qalırmı, qalmırmı...
- Sənin nəzərində oxucunun, yoxsa yazıçının məsuliyyəti
çoxdur?
- Əlbəttə yazarın. Yazıçı həmişə oxucudan yüksək pillədə
durmalıdır. Ədəbiyyat həm də ədəb-ərkandır. Amma indiki cavan
yazarları araşdırırsan, görürsən ki, bu gün ailə qurur, bir aydan
sonra boşanırlar. Gedib sərxoşluq edir, xoşagəlməz əməllərə
qoşulurlar. Oxucu ondan nə nümunə götürəcək? Bəzən elə adamlar var
ki, yaxşılığı, xeyirxahlığı təbliğ edir, amma özü ev yıxmaqla,
dəllallıqla, şantajla məşğuldur.
- Bizim Cavid Zeynallı haqda nə düşünrsən?
- Cavid Zeynallının romanını oxudum, xoşum gəlmədi.
- "Leya", yoxsa "Günəşi gözləyənlər"?
- Birincisi, hansı romanı idi, bax onu nə isə xoşlamadım. Çünki
romanın tələblərinə cavab vermir, həm də ki, Cavid öz uşağımızdır,
ancaq onun qələmi püxtələşməyib. O, hələ hekayələr yazmalı, bir az
inkişaf etməli idi, sonra roman janrı. Roman janrı ağır
janrdır.
Sındıra bilmədim ana qəlbini
- Mübahisə etmək istəməzdim. Cavidin romanları oxucu
toplaya bildi. Amma bu bir zövqdür. Ümumiyyətlə, sənin arzuların
səni hara apardı, haracan gətirdi?
- Çox böyük arzularım var idi. Amma ailə-məişət qayğıları, bütün
bunlar bəzən bəzi arzulara güzəştə getməyə məcbur edir. "Yazıçı"
nəşriyyatında redaktor yeri boş idi, məni dəvət etdilər. Evdə
məsləhətləşdim , rəhmətlik nənəm dedi ki, sən mənim ən sevdiyim
övladımsan, getmə gözümdən, gedərəm özümdən. Mən də gedə bilmədim,
sındıra bilmədim ana qəlbini.
- Demək sənin arzuların gerçəkləşmədi. Kobud alınsa da,
ürəyində qaldı arzuların?
- Ədəbiyyat adamı deyəndə, əslində ədəbi mühit olmalıdır,
meydanda olmalıdır, sözün demək üçün kürsü lazımdır.
- Məsələn, Aslan Quliyev Yardımlıda yaşayır, səndən də
bir az o yanda. Ancaq o özünü ədəbi mühitdən kənar hesab etmir və
mütəmadi dərc olunur.
- Çalışdım ki, Cəlilabadda özüm ədəbi mühit yaradım. Jurnal
təsis elədim, nəşriyyat açdım. İstədim ki, AYB-nin burda bölməsini
yaradım və daha böyük işlərlə məşğul olum. Amma təəssüf ki, bəzi
axmaq adamların, nəfsi iti, gözü götürməyən adamların hesabına o
istək gerçəkləşmədi.
Cənub poeziyasının paytaxtı Cəlilabaddır
- AYB-nin Cəlilabad bölməsi yaransaydı, Azərbaycan
ədəbiyyatı nə qazana bilərdi?
- Tənqidçi Vaqif Yusifli yazır ki, cənub poeziyasının paytaxtı
Cəlilabaddır. Əgər Cəlilabadın AYB-də otuzdan çox üzvü varsa,
onları bir araya gətirmək lazım idi, onların əli ilə çox iş görmək
olardı. Çox təəssüf ki, biz bu birliyi yarada bilmədik.
- Sən nəyə ümid edirdin, doğrulmadı? Konkret nə
istəyirdin özünlə, özünün ədəbi mühitdəki mövqeyinlə
bağlı?
- Mənim heç bir tələbim, istəyim olmayıb. Sadəcə, mən başımı
aşağı salmışam, gücüm çatan səviyyədə ədəbiyyatımıza, qələm
adamlarına kömək etməyə çalışmışam.
- Ən çox həyatda təəssüfləndiyin, can atdığın və çata
bilmədiyin nələr idi?
- Ən çox məni narahat edən cəmiyyətin xəstə olması, bu günkü
gənclərimizin acınacaqlı dünya görüşüdür. Millətimizin sabahını mən
yaxşı görmürəm.