Bakıda 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi
zərurəti neçə ildir ki, müzakirə olunur. Bu ilin əvvəlində dövlət
səviyyəsində də bu binaların sökülməsi və yerində yeni binaların
tikilməsi üçün konsepsiya hazırlanıb. Fövqəladə hallar naziri
Kəmaləddin Heydərov isə bu ilin fevral ayında sahibkarlarla
görüşündə bu sahədə tikinti şirkətlərinə dəstək verəcəyini
bildirmişdi. Artıq paytaxt ərazisində prosesə başlanılıb, lakin
daha çox 2-3 mərtəbəli yaşayış binaları sökülür.
Ekspertlərə görə, əvvəlcə bir əsrdən çox yaşı olan binaların
sökülməsi vacibdir. Tikinti məsələləri üzrə ekspert Nüsrət
İbrahimov Yeni Müsavat-a açıqlamasında bildirdi
ki, Bakıdakı 5 mərtəbə və 9 mərtəbəli binaların heç də hamısı
qəzalı vəziyyətdə deyil:
"Ancaq bəzi 2 və 3 mərtəbəli, hətta 4 və 5 mərtəbəli binalar var
ki, qəzalı vəziyyətdədir. O binaların hər birinin istismar müddəti
var. Məsələn, qamış evlər 15 ilə, taxta evlər 25, daş evlər 60-100
il, beton-monolit evlər isə 120-150 il üçün nəzərdə tutulub. Ancaq
bu gün söküntü obyekti olan evlər əsasən XIX əsrin sonlarında, XX
əsrin birinci yarısında tikilən taxta evlərdir, artıq fiziki
cəhətdən tam aşınıb. Hazırda Fövqəladə Hallar Nazirliyi yerli icra
hakimiyyətləri ilə bu istiqamətdə iş aparır, hansı binalar
qəzalıdırsa onlar araşdırılıb, siyahısı hazırlanıb və müvafiq
strukturlara təqdim olunub. Bildiyiniz kimi, bu yaxınlarda Nazirlər
Kabinetində qərar qəbul olundu ki, həmin qəzalı binaların yerində
yeni və müasir tələblərə cavab verən binalar tikiləcək. Hazırda bu
istiqamətdə işlər aparılır. Məsələn, Bayılda və Sabunçuda işlər
gedir. Bəzi yerlərdə artıq tikintiyə başlayıblar".
Binaların sökülməsi zamanı sakinlərin hüquqlarının pozulması
hallarına gəlincə, Nüsrət İbrahimov bildirdi ki, o mənzillərin
əksəriyyəti özəlləşdirilmiş mənzillərdir: "Əslində dövlət o işə
qarışmamalıdır. Dövlət bu prosesdə sadəcə, köməkçi rolunda çıxış
edir. Əgər özəl mənzildirsə, mənim mənzilim qəzalı vəziyyətdədirsə,
mən özüm onu söküb təzəsini tikməliyəm. Çünki bu mənim özəl
mülkiyyətimdir. O baxımdan bu işlər dövlətdən ayrı aparılmalıdır.
Azərbaycanda dövlət o işə qarışır, bu da Sovetdən qalan ənənəyə
görədir ki, mən yaşadığım çoxmənzilli yaşayış binasında heç nə
etməməliyəm, hər şeyi dövlət eləməlidir. Amma hüquqi baxımdan
yanaşsaq, bu özəlləşmiş mənzildir. Onlar binanın həm ümumi
istifadədə olan hissəsinə məsuliyyət daşıyırlar, həm də şəxsi
mülkiyyətində olan hissəsinə. Onlar binanı idarə etmək üçün Mənzil
Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) formasında müstəqil
bir hüquqi şəxs yaratmalıdırlar, Ədliyyə Nazirliyində dövlət
qeydiyyatından keçirməlidirlər. Həmin binanı sığorta şirkətlərində
sığorta etdirməlidirlər. Müəyyən qəzalı vəziyyət yarandıqda isə o
binanı təmir və bərpa etdirməlidirlər".
Hazırda yaşayış binalarının sökülməsi prosesinə dövlətin nəzarət
etdiyini bildirən ekspert bunun da Sovet ənənəsinin qalığı olduğunu
və cəmiyyətin tələbi üzrə aparıldığını diqqətə çatdırdı: "Ancaq
bizdə o Sovet psixologiyası qalıb ki, hər şeyi dövlət eləməlidir.
Ona görə də dövlət bu yanaşmaları bilir və dolayı yolla da olsa
dəstək olur ki, həmin binalar sökülsün, yerində yeniləri tikilsin.
O ki, qaldı bu tikintini həyata keçirən şəxslərin sakinlərin
hüquqlarını necə təmin etməsi məsələsində, bu tərəflər arasında
bağlanmış müqavilə ilə tənzimlənir. Mənim bildiyimə görə, bu
müqavilədə nəzərdə tutulur ki, həmin ailəyə otaq sayına uyğun
olaraq otaq verilir, üstəgəl, hər ailəyə əlavə olaraq 20
kvadratmetr sahə təklif olunur".
(Musavat.com)