Yuxarı

Ermənilər Naxçıvandakı məhəllələrə atəş açdılar

Ana səhifə Digər Tarix
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin 1905-ci ildə Azərbaycanda törətdikləri qırğınlar Türkiyə tarixşünaslığında

Əvvəli burada

Osmanlı sultanına qarşı sui-qəsd cəhdində təqsirli bilinən Leon Paşalıyan adlı şəxsin həmin dövrdə Bakıda olduğu bildirilib və onun Osmanlıya göndərilməsi üçün Rus hökumətindən tələb edilib. Əlbəttə, belə cəzasız qalan quldurların Bakı şəhərində toplanması da vəziyyətin gedişinə öz mənfi təsirini göstərməyə bilməzdi.

Məlumdur ki, 1905-ci il fevralın 26-da isə Qafqazda canişinlik sistemi bərpa olundu. Rusiyanın Cənubi Qafqaza təyin etdiyi canişin Vorontsov-Daşkovun ikiüzlülüyü, ermənipərəst siyasət yürütməsi heç kəsə sirr deyil. Əksər türk müəllifləri də bunu nəzərdən qaçırmamağa çalışıb və ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlarda çarizmdən dəstək alan Vorontsov-Daşkovun “müstəsna” rolunu xüsusilə qeyd ediblər. Erməniləri özünə dost seçən və bunu gizlətməyən Vorontsov-Daşkov çar II Nikolaya təqdim etdiyi hesabatında müharibələrdə ermənilərin onlarla (ruslarla - V.U.) bərabər olduğunu xatırladır və I Pyotrdan bu günə kimi Rusiyanın Qafqazdakı siyasətinin ermənilərlə dostluq yönündə olduğunu qeyd edir. Bu hadisələrdən bəhs edən tarixçi T.Svitoxovski rusların müsəlmanlara qarşı münasibətlərinin dəyişməsini elə Vorontsov-Daşkovun canişin təyin edilməsindən sonra başladığını qeyd edir. N.Şeyxzamanlı göstərir ki, Azərbaycan tarixi boyunca ermənilər türklərdən çəkinmişlər, onlara qarşı çıxmağa cəsarət etməmişlər. Lakin rus hakim dairələrinin nəvazişi daşnakların əl-qolunu açaraq onların dövlətqurma xəyallarını gücləndirmişdi. Bunun üçün yerli türk xalqlarını məhv etmək və köçürmək lazım idi. Tarixçi Firuz Kazımzadə qeyd edir ki, azərbaycanlıların ermənilər kimi bir daşnak təşkilatı yox idi. Buna görə ermənilərə qarşı baş verən döyüşlərdə azərbaycanlılar plansız və silahsız hərəkət etdikləri üçün ağır tələfat verdilər. Erməni quldur dəstələrinin məhv etdiyi kəndlərdə yüzlərcə, minlərcə insan həyatını itirdi. Rusların, qan tökülməsinin qarşısını almğa imkanı olmalarına baxmayaraq erməniləri müdafiə etdikləri üçün müdaxilə etmədilər.

Bakıdan sonra hadisələr tədricən digər bölgələrə yayıldı. İrəvan bölgəsi hadisələrin ən qaynar nöqtələrindən birinə çevrildi. Sərhədə yaxın Qarabulaq nahiyyəsi ilə Kağızman, İrəvan və Başqala ətrafında toplanan erməni quldurlarına bu ərazilərdəki erməni əhalisi tərəfindən hər cür yardım edildiyindən Osmanlı hökuməti onların sərhəddikeçmələrinə mane olmaq üçün lazımi tədbirləri görürdü.

İrəvan bölgəsindəki qırğınlara daşnak komitəsinin başçılarından olan Dro başçılıq edirdi. Artıq 1905-ci il martın əvvəllində İrəvana aid kəndlərin ermənilər tərəfindən yandırılması arxiv sənədlərində də öz əksini tapıb. Xüsusilə İrəvan hadisələri, Üç kilsə qırğını, Ağrılı Qatar soyqırımı və Oxçu-Şabadin hadisələri azərbaycanlıların yaddaşlarından silinməyib. İrəvandakı qanlı hadisələrdən bəhs edən Mir Möhsün Nəvvab yazır ki, bu iğtişaşın başlanmasına səbəb olan ermənilər müsəlmanların imarətlərini gülləbaran etməyə başladılar. Ermənilərə nisbətən müsəlmanların bu məhəllədə az olmasına baxmayaraq, ermənilərə qarşı müqavimətdə mətanətlə dayandılar və onlara böyük zərbələr endirdilər. Üç gün ərzində ermənilərdən 40, müsəlmanlardan isə 2 nəfər öldürüldü. Yalnız güllələr tükəndiyinə görə müsəlmanlar məhəlləni tərk etməyə başladılar. Bunu eşidən ermənilər məhəlləyə soxularaq oranı talan etməyə başladılar. Erməni silahlı birlikləri əsasən erməni kəndlərinin əhatəsində olan azərbaycanlı kəndlərini, erməni və müsəlmanların birgə yaşadıqları kəndləri və sərhəd kəndlərini hədəf seçirdilər. Bu da ta əvvəldən Azərbacana və buradakı azərbaycanlılara qarşı işğalçı siysətin aparıldığını göstərməkdədir. İri mərkəzlərdə isə ermənilərin məqsədi azərbaycanlıları büsbütün şəhərdən köçürmək idi. M.M.Nəvvab davam edərək yazır ki, ermənilərin qoca, qadın, kişi və uşaqlara etdikləri zülmü qələmə almaq çox çətindir. İrəvanda ermənilərin müsəlmanlara etdikləri qəddarlıqları eşidən müsəlman kürd tayfaları silahlanaraq erməniləri öldürməyə başladılar. Lakin dövlətin qoşunu kürdlərə mane oldu. Ermənilərin İrəvan ətrafındakı müsəlman kəndlərinə etdikləri hücumlara dair məlumatlar Tiflisdə rus dilində nəşr olunan qəzetlərdə öz əksini tapıb.

Çox keçmədən qanlı qırğınlar Naxçıvanı öz ağuşuna aldı. Azərbaycanlıların daha sıx yaşadığı Naxçıvan bölgəsində Sivaslı Hamazaspın başçılığında daşnaklar yerli əhaliyə qarşı heç ağla sığmayan bir zülm törətdilər. Bir müddətdən bəri silahlanmaya başlamış olan Naxçıvan erməniləri azərbaycanlı əhaliyə düşməncə bir münasibət bəsləməyə başlamışdı. Necə ki, onlar 1905-ci ilin mayında Cəhri kəndində 3 nəfəri yaraladılar, Tumbul kəndində isə bir azərbaycanlını öldürdülər. Bunun üçün İrəvan valisi Baranovski, İrəvan bələdiyyə rəisi Ağamalov və İrəvanda olan Naxçıvan bələdiyyə rəisi Cəfərqulu xan Naxçıvana gəldilər. Azərbaycanlı əhali ermənilərin onlara olan münasibəti və etdikləri zülmü valiyə şikayət etdilər. Buna baxmayaraq, hadisələrin qarşısının alınması yönündə bir nəticə əldə olunmadı. Mayın 9-dan etibarən hadisələr yenidən başladı. Ermənilər Naxçıvandakı müsəlman məhəllələrini atəş altında saxlayırdı. Osmanlı arxiv sənədlərində, ermənilərin müsəlmanları öldürərək doqquz kəndi yandırdıqları, 40 nəfəri əsir götürdükləri, milyonlarla zərər və ziyana səbəb olduqları öz əksini tapmaqdadır. Həmin sənəddə həmçinin, Naxçıvan və Uluxanlıda ölənlərin 29 nəfərinin Osmanlı təbəəsi olduğu qeyd edilməkdədir. 1905-ci ilin iyulunda Naxçıvanda ermənilərlə müsəlmanlar arasında qarışılıqlığın davam etdirildiyi haqqında məlumatlar digər arxiv sənədləri arasında yer almaqdadır. Naxçıvandakı hadisələrdən bəhs edən M.M.Nəvvab yazır ki, şəhər erməniləri məğlub oldular. Böyük Badamlı kəndinin bütün erməniləri tam ehtiramla kəlmeyi-şəhadəti deyib müsəlmanlığı qəbul etdiklərini bildirdilər. İrəvan qubernatoru Əlixanov həmin kəndə gələrkən ermənilər bunu öz razılıqları və könüllü etdiklərini bir daha bəyan etdilər.

Naxçıvandakı İran sərhəd komandanlığına rus təbibi olmaq üzərə gələn Lazar adındakı şəxsə casusluq iddiasıyla cinayət işi açılmışdı. Rus hərbçiləri ilə sıx əlaqədə olan daşnakların belə casuslardan istifadə etmələri yəqin ki, geniş xarakter almışdı, çünki onların ifşa olunması demək olar ki, qeyri-mümkün idi. Naxçıvanda ermənilərlə müsəlmanlar arasındakı döyüşlər noyabrın ayının sonuna kimi davam etmişdi.

Bakı, Gəncə, Tiflis, İrəvan və Naxçıvanda çox sayıda azərbaycanlının öldürülməsi və qətli törədən ermənilərin cəzasız qalmasına etiraz edən Qarabağdakı azərbaycanlılar iyul ayında Şuşa-Yevlax yolunda bir sərnişin avtobusuna, Bakı-Batumi dəmir yolu xəttində isə bir stansiyaya hucum etdilər. Şuşada qanlı hadisələr baş verdi və avqustun sonuna kimi davam etdi. Daha sonra qanlı hadisələr Zəngəzura sıçradı. Qarabağdakı hadisələrdə 158 azərbaycanlı kəndini ermənilər qarət edərək yandırdılar. Çoxu azərbaycanlı olmaqla minlərlə insan qətl edildi. Osmanlı arxivlərində Şuşadakı qanlı hadisələrdən bəhs edən xeyli sənədə rast gəlmək mümkündür.

M.Saray yazır ki, hakim rolu oynayan rusların laqeydliyi, erməni daşnak təşkilatının insanları amansızcasına öldürmələri, azəri türklərini də təşkilatlanmağa vadar etdi. 1905-ci ildə Gəncədə Şəfi Rüstəmbəyov, İsmayıl Ziyadxanov, Nəsibbəy Yusifbəyli, Ələkbər və Xəlil Xasməmmədov və Həsən Ağazadə tərəfindən “Difai” (Müdafiə) təşkilatı quruldu. Azərbaycanlı ziyalıların rəhbərlik etdiyi və milliyyətçi Azərbaycan xalq kütlələrinin də qoşulduğu bir təşkilat olaraq “Difai” qurulmuşdu. T.Svitoxovskinin fikrincə, bu təşkilat rus-erməni yaxınlaşmasının təhlükəsinə cavab olaraq təsis olunmuşdu. “Difai” təşkilatına gəlincə zərurət qarşısında qurulan bu təşkilat, xalqımıza qarşı qeyri-insani davranan, azğınlıq edən, erməni-azərbaycanlı mübarizəsində ermənilərə açıq şəkildə yardım edən rus çar məmurlarına layiq olduqları cəzanı vermək üçün qurulmuşdu. Hər rus məmurunun etdiyi fənalıq yaxşıca araşdırıldıqdan sonra öldürülür və vəziyyət çap olunan bir bəyannamə ilə xalqa elan edilirdi. Bu firqənin bəyannaməsi Qafqaz müsəlmanlarının “var olma və ya olmama” davasını açıqcasına ortaya qoymaqla öz siyasi platformasını elan etmişdi. Tarixçi T.Sünbül göstərir ki, erməni-azərbaycanlı savaşının bir məhsulu olan “Difai” öncəliklə Rusiyaya qarşı tutarlı bir mövqe ortaya qoydu və Şeyx Şamildən bəri hər hansı ciddi bir müqavimətin göstərilmədiyi çarlıq idarəsinə qarşı uzun sürən sükutu pozmuş oldu. Bu təşkilat beləcə Azərbaycan Milli Hərəkatının ilk nüvəsini təşkil etmişdir.

Şuşadakı qığınlarda ermənilərə yardım edən rus məmurları layiqli cəzalarını aldılar. Belə ki, general Qalaşapov hesabat vermək üçün getdiyi Tiflisdə “Difai” partiyasının Şuşa təşkilatının üzvü, xalq arasında cəsur bir igid kimi tanınan Hüsü tərəfindən öldürüldü. Hüsü “Difai”ninköməyilə İrana qaçırıldı. Gəncə hakiminin müşaviri Kreşçinski Şuşada olarkən ermənilərə kömək etdiyi üçün Gəncədə evinin qarşısında Topal Həsən kəndinin sakini Səməd tərəfindən vurularaq öldürüldü. Şuşada “Dəli sudya” kimi tanınan rus ordu məhkəməsinin prokuroru Lunyakin ermənilərə yardım etdiyi üçün “Difai”nin Şuşa komtəsinin qərarı ilə öldürülmüşdü. Tərtərdə polis müdiri Felikinski eyni şəkildə öldürülənlər arasında idi. Bütün bu mücadilələri Azərbaycanın azadlıq mübarizəsinin başlanğıcı olaraq dəyərləndirmək lazımdır.

Gəncədəki hadisələrin başlanmasının da əsas səbəbkarının erməni daşnakları olduğu şübhəsizdir. Bu hadisələrdən bəhs edən M.S.Ordubadi yazır ki, 1905-ci il noyabrın 8-də daşnaklar müsəlmanları müharibəyə təhrik etmək üçün heç bir günahı olmayan Bəhmənli sakinlərini qətlə yetirdilər, sonra isə Gəncənin Qoşa Çinar məhəlləsində Mollacəlilli sakinləri gülləbaran edildi. Gəncədə ermənilərin üç yüz müsəlman evini dağıtdığı və erməni məhəlləsindəki müsəlman xanələrini qarət etmələri haqqında məlumatın Osmanlı dövlətinin Tiflisdəki səfirliyi tərəfindən İstanbula çatdırılıb. Gəncədə Sako və Abraham Gülhancyana tabe olan daşnak quldur dəstələrinin qırğınlar törətdiyi qeyd olunmaqdadır. Gəncədəki müsəlman xalqa ermənilərin zərər verməsinin qarşısını almaq, onların haqlarının və mallarının qorunması üçün Rusiya hökuməti ilə daimi əlaqə saxlanılması Osmanlı dövlətinin diqqət mərkəzində olduğu, arxiv sənədlərində öz əksini tapıb.

Gəncənin ermənilər məskunlaşmış dağlıq hissəsində azərbaycanlı məhəllələri olan Mollacəlilli, Çaylı və Hacıməlikliyə hücum edən ermənilər evləri qarət edib yandırırdılar. Xalq arasında cəsarəti və igidliyi ilə məşhur olan Qara Tatoğlu silahlı adamları ilə ermənilərin qarşısını alırdı. Ermənilərin təhriki ilə ərazilərdə kazarmaları olan rus süvari birliyindən açılan atəş nəticəsində Qara Tatoğlu öldürüldü. Bu, xalq arasında böyük üzüntüyə səbəb oldu. Rus əsgəri, polis və jandarma birlikləri azərbaycanlıların öldürülməsinə laqeyd qaldıqları halda, ermənilər bir az dara düşdüklərində onlara yardım edirdilər. Əli silah tutan xalq və dağlardan enərək köməyə gələn Dəli Alının başçılığındakı döyüşçülər Ələkbər Bəy Rəfibəylinin ümumi komandasında erməni kənd və məhəllələrini mühasirəyə aldılar. Hücum hədəfinə çatmış və ermənilər etdiklərinin qarşılığını almaqda idilər. Dəli Alı müxtəlif vaxtlarda Yelizavetpol (Gəncə) quberniyasının bəzi yerlərini öz nəzarəti altına alaraq, bu ərazilərdə əvvəlcə ermənilərlə, sonra isə döyüşən əhaliyə qarşı münasibəti yenə dəyişən ruslarla mübarizə aparmalı olurdu. Ən geniş fəaliyyət qaçaqların rus hakim dairələri ilə amansız mübarizəsi idi. 1905-ci ildə sürətlənən mübarizə eyni şövqlə 1914-ci ilə kimi davam etdi. Ermənilər təlaşa və panikaya qapılmışdılar. Bu arada Rusiya baş hakimi Bauer, ordu komandirləri, tanınmış gürcü əsilzadələri və başqa görkəmli şəxslərlə birlikdə hərəkatı dayandırmaq xahişi ilə Ələkbər Bəy Rəfibəylinin yanına gəldilər.

1905-ci ilin dekabrın 4-də Yeilzavetpolda iki müsəlman kəndinə hücüm edərək səkkiz insanın ölümünə səbəb olan erməni quldur dəstəsinin yaxalanaraq cəzalandırılmasının Rusiya hökumətinin vəzifəsi olduğu və bu dəstənin İrəvan əyalətindəki erməni quldur dəstəsi ilə birləşərək Osmanlı ölkəsinə girmələrinə mane olunması üçün lazımi tədbilərin görülməsinin zəruriliyi qeyd olunmuşdu. Gəncədə həbsxana imamı Molla Atakişi gizli rus polisinə xəfiyyəlik edərək bir çox üzvünü ələ verdiyi üçün “Difai” partiyasının qərarı ilə öldürüldü. Gəncənin polis müdiri Bannikov eyni səbəblə “Difai” partiyasının qərarı ilə qətlə yetirilib.

1905-ci ilin sentyabrında Yelizavetpol quberniyasında hərbi vəziyyət rejimi tətbiq edildi və eyni zamanda Yeilzavetpol quberniyası ərazisində iki müvəqqəti general-qubernatorluq təşkil edildi. Halbuki hərbi vəziyyətin elan olunması çar qanunvericiliyinə belə zidd olub, yalnız müharibə zamanı və əməliyyat gedən bölgələrdə elan edilə bilərdi.

1905-ci ilin sentyabrda Bakıda qanlı hadisələr yenidən alovlandı. Bu dəfə daha çox qan töküldü və daha çox yer yandırıldı. Bölgədəki neft quyuları da yanmağa başladı. Ölü sayısı 600 nəfərə çatdı ki, onların da 3/2-si azərbaycanlılar idi. Ermənilər tərəfindən müsəlmanların qətlindən sonra, Bakı və Şuşadakı müsəlmanların bir qismi 1905-ci ilin sentyabr ayında Osmanlı Padışahının himayəsini istəmək qərarına gəlmişdilər.

1905-ci ilin sonunda Bakıda ücüncü dəfə çarpışma meydana çıxdı. Tiflis və Gəncəyə də hadisələr sıçradı. Ancaq buralarda daha təşkilatlı olan və rus silahına sahib olan ermənilər daha az itki verdilər. Qarabağ, Bakı, Şamaxı və başqa vilayətlərdə döyüş üstünlüyü azərbaycanlıların tərəfində idi.

Ermənilər bölgə xaricində də Azərbaycan türklərinə qarşı soyqırımı davam etdirirdilər. Rus işğalı sonrasında Azərbaycandan alınıb Rusiyaya birləşdirilən və nüfuz baxımından Azərbaycan türklərindən ibarət olan Dərbənddə, Tiflisdə və Rostovda ermənilər azərbaycanlılara aid dükan və evlərə zərər verdilər. Gəncədən sonra ermənilərin əsas hədəfi Batum və Tiflisdə yaşayan türklər olub. Kutais və Qoridə çıxan qarışıqlıqlarda bir çox insan ölümünə bais olan, cinayət başında yaxalanan silah qaçaqçısı və bomba istehsalçısı ermənilərin Rusiya hökuməti tərəfindən yalnız pulla cərimə edilməsini sadəcə istehza ilə qarşılamaq lazımdır.

Tarixçi B.Aslana görə, 1905-ci ildə Azərbaycanda baş verən türk-erməni savaşı və daha sonra Rusiyada panslavizm cərəyanının güclənməsi, Azərbaycan türklərində birlik, dayanışma və mübarizə aparmaq ruhunu inkişaf etdirərək, “türkçülük” cərəyanının qüvvətlənməsinə və beləcə Türkiyəyə qarşı böyük bir maraq və sevginin meydana gəlməsinə yol açıb. 1905-ci ildən sonra Azərbaycanın hər tərəfində rus üsul-idarəsi ilə mübarizə və inkişaf üçün çalışmalar sürətləndi.

“Difai” partiyasının aktiv fəaliyyəti çarlıq rejimini dərin təşvişə salmış oldu. Bu hadisələrdən sonra rus məmurları qorxu içərisində bütün hərəkətlərini ölçərək addım atır, digər tərəfdən “Difai” partiyasının kimlər tərəfindən idarə olunduğunu aydınlaşdırmağa çalışırdılar. Rus idarəsi “Difai” partiyasının bir üzvünü tapıb xəbər verənə 50 min qızıl rubl bəxşiş vəd etmişdi. Lakin buna baxmayaraq vəziyyət yenə dəyişmədi. Azərbaycandakı “Difai” partiyasının bir qolu erməni komitəçiləri ilə mübarizə aparmaq üçün Qarsda açıldı. Qars şöbəsində yerli ziyalılardan İbrahim bəy Cahangiroğlu, Həsən xan qardaşları ilə Səttar bəy və Hacı Ağa yer almışdı. Sonra təşkilatın üzvləri artaraq can başla çalışırdılar.

Göründüyü kimi, türk tarixçiləri 1905-ci il hadisələrinin araşdırılmasına xüsusi önəm verib, hadisələrin obyektivliyini qorumaq üçün əllərindən gələni əsirgəməyiblər. Müxtəlif illərdə nəşr olunan kitab və məqalələrdə bu məsələlər qaldırılıb, keçirilmiş beynəlxalq konfranslarda həqiqəti dünya, Avropa, o cümlədən sovet tarixçilərinin diqqətinə çatdırmağı unutmayıblar. Türkiyə tarixçiləri sovet tarixşünaslığında ört-basdır edilmiş və gizlədilmiş olan bu qırğınları dünya ictimaiyyətinin diqqətinə çatdıırılmasında mühüm rol oynayıblar. Eyni zamanda qanlı qırğınlardan bəhs edən Osmanlı arxivlərindəki sənədləri də dünya tarixçilərinin üzünə daim açıq olub.

Hadisələrə laqeyd qalmayan Osmanlı dövləti imkan daxilində qırğınların gedişinə müdaxilə etməyə və Azərbaycanı xalqını bu mübarizədə yalnız qoymamağa çalışırdı. Bütün bunlar qardaş türk xalqı ilə dostluq meyllərinin daha da güclənməsinə, Azərbaycanda milli birliyin möhkəmlənməsinə, işğalçı rejimə qarşı daha təşkilatlı mübarizəyə meydan açırdı.

Milli qırğınlarla müşayiət olunan qanlı 1905-ci il hadisələri Azərbaycan tarixində uzun zaman silinməyəcək dərin bir iz buraxıb. Çar Rusiyasının dəstəyi ilə erməni millətçilərinin həyata keçirdiyi bu qırğınlarda minlərlə günahsız insanın həyatına son qoyuldu, yüzlərlə kənd viran edildi. Hadisələrdən əvvəl tam təşkilatlanmış və silahlanmış olan, qanlı qırğınları hazır vəziyyətdə qarşılayan daşnakçılar döyüşlərdə xüsusi amansızlıq nümayiş etdirdilər. Öz qonşularından belə vəhşiliyi gözləməyən və heç bir hazırlıq görməyən silahsız Azərbaycan xalqı mənfur düşmənin hücumlarını dəf etmək məcburiyyətində qaldı. Döyüşlərin gedişində təşkilatlanmağı bacaran və silahlanaraq çevik hərbi gücə çevrilən azərbaycanlı döyüşçülər erməni quldurlarına ağır zərbələr endirə bildilər. Bir çox bölgələrdə üstünlük azərbaycanlıların tərəfinə keçdi.

“Difai” təşkilatına gəlincə, həqiqətən də bu təşkilatın 1905-ci il hadisələri zamanı Azərbaycan xalqının müdafiəsində və aparılan mübarizənin daha əlverişli olmasında mühüm rol oynadığı danılmazdır. Təşkilatın Rusiya hakim dairələrini az da olsa Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmağa məcbur etməsi də mühüm amillərdən hesab olunmalıdır. 1905-ci ilin qanlı qırğınları əsasən Bakı, Gəncə, Naxçıvan, Qarabağ və İrəvan bölgələrində baş verib.

Tarix
2017.01.21 / 09:18
Müəllif
Vidadi Umudlu
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla