Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol
qəzası baş verib.
Hadisə bu gün saat 16:30 radələrində Lənkəran şəhərinin Həzi
Aslanov xiyabanında qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini, 35 yaşlı Gülarə Hacırza qızı
Feyzullayevanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri
alan Gülarə Feyzullayeva minik avtomobilində Lənkəran Mərkəzi Rayon
Xəstəxanasına çatdırılıb.
Həkim-travmatoloq Bahadır Heydərov deyib ki, müayinə zamanı
xəstədə burunun əzilməsi, bir də hər iki əlin arxa səthində əzilmiş
yaralar aşkar edilib. Xəstənin vəziyyətinin kafi olduğu
deyilir.
Xəstəxanada zərərçəkənlə söhbət baş verən hadisənin təsadüf
olmadığını deməyə əsas verir.
Zərərçəkənin ailə üzvləri bildirdilər ki, bu gün günorta saat
14:00 radələrində Gülarə Feyzullayevanın 10-cu sinifdə oxuyan, hələ
16 yaşına çatmamış qızı naməlum şəraitdə qaçırılıb və sonra bu
barədə ailə üzvlərinə xəbərdarlıq edilib.
Gülarə atası və qardaşı ilə deyilən əraziyə gələndə maşında əks
tərəflə mübahisə yaranıb və sürücü atanı kənarlaşdırandan sonra
qadın maşından düşmək istəmədiyindən zorla maşından salınıb. Bu
zaman Gülarə xəsarət alıb, qardaşını isə zərərçəkən tərəfin
iddiasına görə, maşın 200 metrəcən sürükləyib.
Artıq hadisəni törətməkdə təqsirli bilinən "VAZ-21099" markalı
maşının sürücüsü və azyaşlını qaçırmaqda təqsirləndirilən şəxs
Lənkəran Şəhər Polis Şöbəsinə aparılıb. Onların rayonun Mamusta
kəndindən olduğu bildirilir. Lənkəran polisindən baş verən hadisə
ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib (ANS).