"Fermerlər məhsulu yığır,
bazara çıxarır və satılmayan hissəsini də anbarlara
göndərirlər".
Bunu
"Axar.az"a ölkədəki kənd təsərrüfatı məhsullarının
saxlanılması üçün tikilmiş saxlama anbarlarının vəziyyəti və
istifadə şərtlərini şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis
Vahid Məhərrəmov bildirdi:
"Həmin anbarlardan istifadənin az olma səbəblərindən biri ondan
ibarətdir ki, saxlama anbarları fermerlərə sərf edəcək şərtlərlə
təklif olunmur. Onsuz da fermerlərin istehsal etdiyi məhsulun maya
dəyəri yüksək deyil və onlar üçün saxlama anbarlarının sahiblərinin
təklif etdiyi qiymət faydalı deyil. Yəni bunlar baha başa gələn
məhsulu bir müddət saxladıqdan sonra o məhsulun maya dəyəri qalxır,
bu isə satışda müəyyən problemlər yaradır. İkinci səbəb isə saxlama
anbarlarının fermerin məhsuluna görə məsuliyyət daşımaması ilə
əlaqədardır. Yəni onlar fermerlə müqavilə bağlamırlar və məhsul
xarab olduğu halda xarab olan məhsulun dəyərini ödəmirlər.
Fermerlərə sərf etmir ki, o məhsulu bu formada kiməsə təhvil versin
və sonra kimsə xarab məhsulu ona qaytarsın. Yaxud adətən deyirlər
ki, elektrik enerjisində yaranan problem nəticəsində məhsulunuz
xarab olub. Məhz bu səbəblərə görə fermerlər saxlama anbarlarında
məhsul saxlamaqda maraqlı deyillər".
Ekspertin fikrincə, məhsulun uzun müddət saxlanması üçün xüsusi
texnologiya tələb olunur və həmçinin xüsusi sortlar
yetişdirilməlidir: "Öncə məhsulu uzun müddət saxlamaq üçün çalışmaq
lazımdır. Bu isə xüsusi texnologiya tələb edir. Belə olan halda
xüsusi sortlar yetişdirilir və sort yetişdirmə ilə də məşğul olan
çox ciddi qurum olmalıdır. Bizdə Genetika və Seleksiya İnstitutu
var, çox təəssüf ki, onlar bununla məşğul olmurlar. Yəni elə sort
olmalıdır ki, həmin məhsulu uzun müddət saxlamaq olsun. Bundan
əlavə məhsulu saxlamaq üçün müəyyən mərhələlərlə həmin məhsul
yığılmalıdır. Amma bizdə bunu başqa cür edirlər. Fermerlər məhsulu
yığırlar və bazara çıxarırlar və satılmayan hissəsini isə anbarlara
göndərirlər. Məhsulun tam yetişmiş halda anbarda saxlanılması
mümkün deyil. Xüsusi texnologiya var və həmin texnologiyadan
istifadə edilməlidir. Məhsul çıxarılmalıdır və "şoklama"
edilməlidir. Yəni ki, qısa müddətdə temperatur müsbət iki (+2)
dərəcəyə qədər düşməlidir, bu zaman isə həmin məhsulda inkişaf
prosesi avtomatik olaraq dayanır və bundan sonra onu uzun müddət
saxlamaq olar. Çox təəssüf ki, bu texnologiyalar Azərbaycanda
tətbiq edilmir, ona görə də bizim istehsal etdiyimiz məhsulu uzun
müddət saxlamaq olmur. Hansı ölkələrdə ki, bu sahədə həm elmi, həm
də texnoloji potensial yüksəkdir həmin ölkələrdə məhsulları uzun
müddət saxlamaq olur və bunun nəticəsidir ki, onlar Azərbaycana
baha qiymətə qarpız, alça və başqa məhsulları ixrac edirlər".
Anbarlar
düzgün yerlərdə tikilmir
Fermer Elçin Əzizov isə problemin fərqli səbəbləri olduğunu
görür. Salyanda inşa edilən və hazırda isə demək olar ki,
istifadəsiz qalan saxlama anbarını nümunə göstərən ekspert hesab
edir ki, əsas problem anbarların yerləşdirilməsindədir:
"Bir neçə il bundan öncə Salyanın keçmiş icra başçısı, general
Əliağa Hüseynov anbar tikdirdi. Amma təəssüf ki, bu gün ondan
istifadə edilmir. Həmin saxlama anbarının tikintisi üçün 2 milyon
manatdan çox vəsait xərclənib, ancaq nə faydası?! Çünki bu
ərazilərdə anbarlara yerləşdiriləcək qədər məhsul yığılmır. Məhsul
ən çox olan vaxtında belə anbarın 20 faizini əhatə etmək mümkün
deyil. Məncə, bu anbar cənub zonasında tikilsəydi, daha əhəmiyyətli
olardı".
Xatırladaq ki, ölkənin bir neçə yerində saxlama anbarları
tikilib istifadəyə verilib. Amma əksər fermerlər bu anbarlardan
istifadə etmirlər. Onlar səbəb kimi qiymətlərin bahalığını
göstərirlər.