Binəqədi rayonunda yerləşən Daş
bazarının yaxınlığında bir yataqxana var. Ünvanını soruşduqda,
eləcə, "Binəqədi, DSK 4-ün binası" deyirlər. Bu bina heç də
yataqxana adına tikilməyibmiş.
Xatirələrin əsiri
olanda
Sakinləri Dağlıq Qarabağdan və işğal
olunmuş ətraf rayonlardan olan bu yataqxananın miskin görkəmi elə
ilk baxışdan diqqəti çəkir. Buranın sakinləri göydə Allahın, yerdə
isə əlaqədar təşkilatların yadından çıxmış kimi görünür. İnsanların
sifətində burdan çıxa bilməməyin xofu yaşanır. Taleyini, həyatını
bu cəhənnəm əzabında çürüdənlərdə sanki buradan qurtulmaq yolunu
aramaq üçün nə hey qalıb, nə həvəs. Onlar xatirələrinin əsiri
olanda xoşbəxt görünürdülər. Hər halda, acınacaqlı həyat yaşayan bu
insanlar ötənlərə, müharibədən qabaqkı günlərə qayıdanda
sifətlərində ani də olsa xoş bir təəssürat oyanır.
Güclü yağışın Bakını iflic vəziyyətə
saldığı bir zamanda, suyun aydınlıq gətirmədiyinin bu yataqxanada
bir daha şahidi olduq. Yağış suyu yataqxananın dar dəhlizindəki
çuxurlarda hələ də vardı. Elə otaqlarda da…
Yenə hardan yada
düşdük
Yataqxana sakinləri məktəbli uşaqlarını
qucaqlarında palçıqdan və lehməli sulardan qoruyaraq məktəbə yola
salır. Həyətdə yaşlı bir qadınla söhbət etmək cəhdimiz əvvəlcə baş
tutmur: "Yenə hardan yadınıza düşdük, indi nə istəyirsiz? İmza
dediz, verdik, adamı neçə dəfə aldatmaq olar?"
Qadına, onların yaşam tərzi ilə
maraqlanmağa gəldiyimizi deyirik. Hirs-hikkəsinin üstünə bir qədər
su çilənir: "Nə bilim, a bala, bura çoxlu qoltuğu papqalı, əli
qələm-dəftərli gəlir, hamısı da bizi barmaqlarına dolayıb
gedir".
Adını soruşuram. "Adım nəyinə lazımdır?
Cəbrayılın Daş Veysəlli kəndindənəm. Burada öləcəyik, yəqin.
Qaçqınkom da bizi saymır. Heç özümüzün, rayonumuzun rəhbərləri bizi
adam yerinə qoymur, onda qalmış Bakının yekə adamları, heç siz də
dediyimizi yazmazsız, bala, bilirəm. Özü də sizi qınamıra ha…"
Sakinlər başımıza toplaşır.
Ermənilərin edə
bilmədiyini…
"Sizin kimiləri çox görmüşük. Erməni
köpəyoğlunun bizə edə bilmədiyini ediblər bizə. Burda adam yaşayar?
Prezident, Allah ömür vermiş, qaçqına ev tikir, ora da babat imkanı
olan qaçqınlar köçür, bizə qoz qabığı da düşmür", – orta yaşlı,
gözləri çuxura düşmüş, üzü tüklü, ovurdları batıq kişi siqaretini
sümürərək deyir və əlini yelləyib uzaqlaşır.
Ölməmək üçün mübarizə
aparırıq
Yataqxananın sakini, məcburi köçkün
Sədaqət Abbasova: "22 ildir burada yaşayıram. Hələ də bizimlə
maraqlanan yoxdur. Yataqxananın hər tərəfi damır. Dəfələrlə
Qaçqınkoma müraciət etsək də, xeyri olmayıb. Deyirlər, biz sizə nə
köməklik edək ki, bu bina Komitənin nəzdində deyil".
Şuşa qaçqını olan Həsrət xanım Əliyeva
da bizimlə söhbətində: "Yataqxana Komitənin olmadığına görə
qeydiyyata da düşə bilmirik, - dedi. - Sahə həkiminə müraciət
edirik, elə bil, daşa-qayaya deyirsən sözünü, qulaq asırlar, amma
heç bir yardım etmirlər. İş yerim yoxdu. Bu vəziyyətdə, yoxsulluq
içində bu yataqxanada qalmaq məcburiyyətindəyəm. Yağış yağan kimi
su binanın içinə dolduğundan bütün kabellər qısaqapanma verir.
Günlərlə qaranlıqda otururuq. Burada yaşamırıq ki, sadəcə ölməmək
üçün mübarizə aparırıq".
Yalqız qadının toyuq
təskinliyi
Dəhlizdə iki toyuq görünür. Elə bil bit
vurub...
"Mənimdir. İki toyuq saxlayıram, düzdü,
yer yoxdur, deyəcəklər ki, bunu niyə saxlayırsan, amma inanın, tək
qadınam, bu toyuqlarla təskinlik tapıram". Bu da Həsrət xanımın
sözləridir.
Adamda sifət olar
da
Ağdamın Baş Qarvəndindən olan, adının
çəkilməsini istəməyən məcburi köçkün:
- Parlament seçkiləri vaxtı, Ağdamın
hansısa seçki dairəsindən namizədliyini irəli sürən indiki
deputatlardan biri gəlib vətəndaşlarla görüşüb dedi ki, sizə
yaşamaq üçün bütün imkanları yaradacam. Vətəndaşları aldadıb səs
yığdılar. Heç kim heç nə etmədi. Suyumuz bərbad haldadır. Bizi
addımbaşı aldadırlar. Həyasızlıq edirlər. Adamda sifət olar
da.."
Deputatın adını soruşuram.
- Qoy oturmuşuq yerimizdə... Bizi
zibilə salma, - deyir.
Qaçqınkomdan rüşvət
istəyirlər
- Heç bir idarə burada qaçqınların
yaşadığını vecinə almır. Hazırda biz atılmış, tərkedilmiş bir həyat
sürürük. Mən müharibə vaxtı iki şəhid vermişəm. Amma bu günkü gündə
dövlətim mənə heç bir kömək etmir. Dəfələrlə olub ki, bura
telekanallardan çəkilişə gəliblər. Amma heç biri efirə
verilməyib. "İç Xəbər"dən çəkilən kadrlar isə
hansısa yolla "itirilib". Qaçqınkoma qeydiyyata düşmək
üçün müraciət edirəm, deyirlər ki, 600-700 manat pul gətir, səni
qediyyata salım. Mənim imkanım olsa, niyə burda qalırdım?!
Burada erməni yoxdur
axı...
Ağdam qaçqını olan Zeynalov Mehbalı 5
uşaqla dar bir otaqda məskunlaşıb.
- Baxın, görün burda yaşamaq olar?
Təsəvvür edin, bir otaqda ata, ana, qayınata, gəlin, oğul-uşaq
yerləşib. Bizim yemək otağımız da buradı, yataq otağımız da. İyirmi
birinci əsrdə, neft və milyonlar ölkəsində bu şəraitdə yaşamaq
acınacalı deyil e, tamam başqa şeydi, söz tapmaq olur ha deyəsən,-
deyib, binanın altında olan qamışlığı göstərir: - Bu qamışlığa bir
baxın. Bakı şəhərində bu cür qamışlığın olması gülməlidir. Bizim
deputatlar hara baxır? Hara baxır bizim nazirlər? Biabrçılıqdır...
Bizi ermənilər qaçqın salıb, amma... amma burada erməni yoxdur axı.
Niyə bizi öz millətimiz bu günə salır?
Veteranlıq adı üçün 700
manat
Ağdamdan olan Elşən Yunus oğlu Fərhadov
da dolanışığın çətinliyindən, onlara olan haqsızlıqdan, illərlə
döyüşdüyündən və müharibə veteranı adı ala bilməməsindən söz
açdı:
- Hərbi biletimi alıblar, qaytarmırlar.
Mənə veteran adı vermək üçün 700 manat pul istəyirlər... Ali Baş
Komandan əmr versin, gedək xarabamızı alaq, orda ölək.
Uşaq kanalizasiyaya düşüb
öldü
Yataqxananın zirzəmisi kanalizasiya və
qurunt suları ilə dolub. Yaxına düşmək belə olmur. Ağcaqanadlar,
mığmığalar havada, qurbağalar gölməçənin içində ürək bulandırır.
Üfunət iyindən yaxın düşmək belə olmur.
- 2 il bundan öncə körpə uşaqlardan
biri zirzəmidə kanalizasiyaya düşdü, boğulub öldü. Xilasedicilər
gəldi, uşağı zirzəmidəki bu çirkabdan çıxararkən özləri də ilişib
qaldılar, ordan çıxa bilmədilər, bu dəfə camaat onlara yardımçı
oldu. Hətta çəkiliş də etdilər, amma efirə vermədilər.
Zirzəminin çəkilişlər etmək cəhdimiz
baş tutmadı. Ora girmək mümkün deyildi.
O birilərin tayı
Yataqxanadan ayrılırıq. Arxamızca
deyilən sözlər hələ də qulağımızdadır:
- Bunlar da o birilərinin tayı olacaq.
Gəldilər, getdilər...