Əgər indiyə qədər asılılıq deyəndə zərərli vərdişlər, narkotik maddələr nəzərdə tutulurdusa, bu gün internet və mərc oyunlardan asılılıq da bu siyahıya daxildir. Mərc oyunlarına qurşanan insanlarda zaman keçdikcə psixoloji, şəxsiyyət, davranış pozuntuları üzə çıxır. Belə insanlar adətən davamlı olaraq yalan danışırlar, ailədə, ətrafda problem yaradırlar, külli miqdarda borclanırlar və fikirləşirlər ki, oynayım, borcumu qaytarım, daha sonra əl çəkərəm.
Bunu Axar.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov bu yaxınlarda mərc oyunlarda külli miqdarda pul uduzduğuna görə intihara cəhd dən gənc oğlan barədə danışarkən söyləyib. O bildirib ki, bu cür insanlar intihar etməzdən əvvəl affekt halında olurlar və məqsəd heç də intihar etmək olmur
“Sadəcə, öz yaşam tərzlərindən, həyatlarından bezdiklərin üçün belə bir yola əl atırlar. Əlbəttə ki, bu cür situasiyada intihar həll yolu deyil. Bu özü də mübahisəlidir ki, həmin gəncin məqsədi intihar, yoxsa asılılıqdan qurtulmaq istəyi olub. Çox yaxşı olardı ki, belə hallarda həmin insanlar mütəxəssis dəstəyi alsınlar.
Demək olmaz ki, bu insanlar istedadsız və qabiliyyətsizdirlər. Onların da potensialları var, sadəcə bu potensial neqativ bir istiqamətdə gedir. Həmin insanlar özləri də qeyd edirlər ki, bu onlardan asılı deyil. Psixologiyada da bu psixoloji pozuntu kimi dəyərləndirilir.
Norma ilə patologiya arasında çox incə bir xətt var. Demək olmaz ki, normal insan mərc oyunlarından asılı vəziyyətə düşə bilməz. Bu asılılıq genetik, sosial, psixoloji faktorlardan qaynaqlana bilər. Ola bilər çox yaxşı adamdır, işi-gücü yerindədir, amma gedib mərc oyunlarına aludə olur. Araşdıranda görürsən ki, onun bu vəziyyətə düşməsində genetik faktor əsasdır”.
Psixoloqun sözlərinə görə, mərc oyunları kimi zərəli vərdişlər insanlarda zamanla formalaşır. Onlar bu situasiyada hər şeyin yaxşısını düşünür:
“Bəzi insanlar mərc oyunlarına qoşulmamışdan əvvəl fikirləşir ki, imkanı yaxşıdır, 5-10 manat uduzmaqla heç bir problem yaranmaz. Digərlər isə əlində olan 5 manatını 15 manata çatdırmaq istəyir. İnanmıram ki, hansısa bir insan uduzmaq düşüncəsi ilə mərc oyunlarına qoşulsun.
Bu vəziyyətdə olan insanlar qətiyyən özlərini anormal hesab etmirlər. Əgər onların 40%-i bu asılılıqdan bezərək özləri psixoloqa müraciət edirsə, 60%-i ailəsinin, qohumlarının təkidi ilə gəlir. İnternet üzərindən sadəcə mərc oyunları ilə yanaşı kazinolar, yeniyetmələrin onlayn şəkildə oynadığı bir sıra pullu oyun da var. Bu asılılıqdan qurtulmağın yeganə yolu maariflənməkdir”.
Qeyd edək ki, bir müddət öncə Sumqayıtda gənc oğlan mərcdə yüksək miqdarda pul uduzduğu üçün intihara cəhd edib. O, qəbiristanlığa gedərək, dərmanlar qəbul etsə də, təsiri zəif olduğundan onun həyatını xilas etmək mümkün olub.