Sağlamlığıni itirən
şəxslərin maddi təminatı sahəsində hökumətin həyata keçirdiyi
tədbirlər yerli məmurların səriştəsizliyi üzündən ünvanına gedib
çatmır.
Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük Sovxozunda yaşayan
1-ci qrup əlil Quliyev Rafail Ağamir oğlu İcra Hakimiyyəti
rəsmilərinin onu aldatdığını iddia edir.
"Axar.az"a açıqlamasında R.Quliyev bildirib ki, mənzil
şəraitinin yaxşılaşdırılması ilə bağlı bu il bir neçə dəfə
Prezident Administrasiyasına müraciət edib:
"Bunun nəticəsi olaraq 2013-cu il iyunun 13-də Xəzər rayon icra
başçısının müavini Vaqif Həsənov, Binə qəsəbə nümayəndəsi və
bələdiyyəsinin sədr müavinləri bizə gəldilər. Ailə vəziyyətimlə,
yaşayış şəraitimlə tanış oldular. 7 nəfərlik ailə ilə bir otaqlı
evdə qalırıq. Yağış yağanda bütün sular evimizə dolur. Vaqif
Həsənov da acınacaqlı vəziyyətdə yaşadığımızı gördü və bizə əlavə
bir otaq tikdirəcəklərinə, mövcud olan otağı isə təmir etdirərək
yaşamaq üçün yararlı vəziyyətə gətirəcəklərinə söz verdilər".
Ailəsinin çətin vəziyyətdə, ciddi maddi ehtiyaclar içərisində
yaşadığını deyən R.Quliyevi icra rəsmilərinin gəlişi çox
sevindirib:
"Həmin gün bir maşın mişar daşı, 20 kisə sement , 10 ədəd şifer
gətirdilər. Qalan lazımi tikinti materiallarını da
gətizdirəcəklərini söylədilər. Bu məni çox sevindirdi. Fikirləşdim
ki, mənə xeyirxahlıq edirlər, yəqin davamı da olacaq və otağı
tikəcəklər. Mənə dedilər ki, Prezident Administrasiyasından bu
məsələ ilə maraqlanırlar. Onlara məlimat vermək üçün İcra
Hakimiyyətinin mənim xahişimi yerinə yetirdiyi barədə razılıq
ərizəsi yazmağımı istədilər. Mən də onlara inanıb ərizəni
qabaqcadan imzaladım. O vaxtdan icra hakimiyyətinin
nümayəndələrinin heç birini görə bilmirəm. Zənglərimə də cavab
vermirlər. Evi tikməyə isə heç bir imkanım yoxdur. Heç olmasa usta
pulunu da vermədilər ki, özüm birtəhər tikdirim".
Qeyd edək ki, R.Quliyev xəstəliyinə görə 1999-cu ildə III qrup
əlil statusu alıb. 2009-cu ildə yıxılaraq aldığı travma nəticəsində
onurğasında ciddi fəsadlar yaranıb və ayaqlarını itirib. Hazırda I
qrup əlil olan R.Quliyev yalnız araba ilə hərəkət edə bilir.
Ailəsinin isə onun aldığı 185 manat pensiyadan əlavə gəliri yoxdur.
Ona görə də böyük ailə ilə kiçik bir otaqda yararsız şəraitdə
qalmaq məcburuyyətindədir. Xəzər Rayon İcra Hakimiyyətinin
səlahiyyətliləri isə R.Quliyevin yazdığı razılıq ərizəsini əsas
gətirərək ona kömək etməkdən imtina edirlər.
Məsələyə aydınlıq gətirmək üçün Xəzər rayon İcra Hakimiyyətinə
müraciət etdik. Başçının müavini və bu məsələ ilə birbaşa məşğul
olan Vaqif Həsənovla danışmaq cəhdlərimiz boşa çıxdı. İki gün
ərzində onun telefonları ardıcıl olaraq susdu. Məcbur qalaraq İcra
Hakimiyyətində mətbuat əlaqələndiricisi kimi tanınan Gülbala
Qurbanovla əlaqə qurduq. Sualımızı çox aqressiv qarşılayan
G.Qurbanov dedi:
"Xəzər rayon İcra Hakimiyyətində fərdi evlərin tikintisi
nəzərdə tutulmur. Həmin adam material verildiyi üçün çox sağ ol
desin".
Hazırda sözügedən saxta ərizənin etibarsızlaşdırılmasına çalışan
R.Quliyev isə bu il noyabrın 25-i və 29-da yenidən Prezident
Administrasiyasına müraciət edib.
Məsələni diqqətdə saxlayacağıq.