2019.03.08, 10:11
Güney Azərbaycanın Mühəqqiq Ərdəbili Universitetində "Azərbaycan tarixi və mədəniyyəti" konfransının keçirilməsinə icazə verilməyib.
Kult.az xəbər verir ki, konfrans təhlükəsizlik orqanlarının təzyiqi ilə tədbirin başlanmasına bir neçə dəqiq qalmış ləğv edilib.
“Xətayi Mədəniyyət Ocağı”nın təşəbbüsü ilə planlaşdırılan mərasimə Məhəmməd Rəhmanifər, Rza Zərgəri, Eyvaz Taha və Mənsur Ciddi kimi ziyalılar dəvət olunub.
Tədbirin başlamasına bir neçə dəqiqə qalmış ləğv olunması azərbaycanlı tələbələrin etirazına səbəb olub.
Qeyd edək ki, Güney Azərbaycanda milli tələblər gündəmə gəldikcə, təhlükəsizlik orqanları mədəni fəaliyyət sahəsinə müdaxiləsini artırır. Son həftələrdə Mühəqqiq Ərdəbili Universitetində keçirilməli olan “Beynəlxalq Ana Dili Günü” konfransı, Təbrizdə Səccad Zeynalinin “Dirəniş eposu” kitabının təqdimat mərasimi və Təbrizdə “Azərbaycan qadın aşıqları konserti” təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunub.
***
Konfrans İran Prezidenti Həsən Ruhaninin birinci müşaviri Hüsaməddin Aşenanın göstərişi ilə ləğv olunub.
Bu barədə Mühəqqiq Ərdəbili Universitetinin “Xətayi dərnəyi”nin Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, konfransın başlanmasına bir neçə dəqiqə qalmış Prezidentin müşaviri Hüsaməddin Aşena Elm, Tədqiqat və Texnologiya Nazirliyinə gizli məktub göndərib və bundan sonra nazirliyin Mühəqqiq Ərdəbili Universitetinə təzyiqi ilə tədbir ləğv olunub.