Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-ayrı
vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə
küllü miqdarda dələduzluq etməkdə təqsirli bilinən Əhliman
Məmmədov, İlham Cəfərov və Eyvaz Bayramovun cinayət işi üzrə
məhkəmə başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə
təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Əhliman
Məmmədov 13 il, İlham Cəfərov və Eyvaz Bayramov 11 il müddətinə
azadlıqdan məhrum ediliblər.
İttihama görə, adıçəkilənlərin yaratdığı mütəşəkkil dəstəyə
İlham Cəfərov rəhbərlik edib, dəstə üzvləri arasında vəzifə bölgüsü
aparıblar. Mütəşəkkil dəstənin üzvləri Azərbaycanda güzəştli
kreditlərin alınması, o cümlədən ayrı-ayrı vəzifələrə təyin olunma
adı ilə müxtəlif fiziki şəxslərə yalan vədlər verərək, etibardan
sui-istifadə etmə və aldatma yolu ilə onların külli miqdarda
əmlaklarını ələ keçirib, həmin şəxslərə külli miqdarda ziyan
vurublar.
İlham Cəfərov və Əhliman Məmmədov 2011-ci ilin oktyabr ayında
kəndli və fermer təsərrüfatının inkişafı məqsədi ilə uzunmüddətli
güzəştli kreditlər vermək adı ilə "Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında İqtisadi İnkişaf Birliyi" adlı saxta təşkilat
yaradıblar. Əvvəlcədən hazırladıqları saxta sənədlərdə İlham
Cəfərov özünü "Hacıyev A.Ş" adı ilə "Nazirlər Kabinetinin İcra
Aparatının rəhbəri" kimi qələmə verib və mütəşəkkil dəstənin digər
rəhbəri Əhliman Məmmədovun vasitəsi ilə müxtəlif fiziki şəxslərə
təqdim olunub. Bu yolla İlham Cəfərov və Əhliman Məmmədov həmin
şəxslərə yalan vədlər verərək, onların əmlaklarını ələ
keçiriblər.
Bir müddətdən sonra onlar əmlaklarını aldatma yolu ilə
mənimsədikləri vətəndaşların narazılıq etdiklərini görüblər və
narazı şəxsləri inandırmaq məqsədilə əlavə daha bir saxta qurum -
"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə
Mərkəzi Fondu"nu yaradıblar. Bu dəfə dəstə İlham Cəfərov özünü
"Abbasov Nəriman Zülfüqar oğlu" adı ilə həmin saxta fondun
prezidenti, Əhliman Məmmədov özünü vitse-prezidenti kimi təqdim
ediblər. İlham Cəfərov və Əhliman Məmmədov Şəki, Beyləqan, Bərdə,
Şamaxı, Quba və Xaçmaz rayonunun ərazisində malik olduqları torpaq
sahələrində kəndli və fermer təsərrüfatını inkişaf etdirmək istəyən
şəxslərin də etibarlarından sui-istifadə ediblər. Aldatma yolu ilə
onlara guya uzun müddətli güzəştli kredit verəcəklərini yalandan
vəd edərək, təkrarən dələduzluq etməklə onların hər birinin müəyyən
məbləğdə pullarını ələ keçirib mənimsəyiblər. Mütəşəkkil dəstənin
üzvləri qısa müddət ərzində vətəndaşların etibarından sui-istifadə
etmə və aldatma yolu ilə onlara ümumilikdə 215 min manat məbləğində
ziyan vurublar. /milli.az/