"Dollarla kredit götürənlərə güzəştlərin tətbiq
edilməsinə ehtiyac var".
Bu haqda Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
İqtisadçı sözügedən məsələ ilə bağlı Mərkəzi Banka təkliflər
verdiyini açıqlayıb:
"Əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin
aylıq ödənişi 390 manat idisə, indi həmin məbləği ödəyən vətəndaşın
aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar
kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait
ödəməlidir. Bu isə kredit faizlərinin ödənilməsində çətinlik
yaradacaq. Bununla bağlı MB-yə təklif etmişik ki, dünya
praktikasında belə hallarda tətbiq edilən 2 yoldan birini seçilsin.
Birincisi, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, MB
bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta
məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müştəri
üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər. Məsələn,
müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və
indi bu məzənnə 1.05 manatadək yüksəlibsə, o zaman bundan sonra
ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürülə
bilər. Bu zaman aylıq 500 dollar ödəniş etməli olan şəxs 525 manat
deyil, 460 manat ödəyəcək. Bu isə o deməkdir ki, müştəri əvvəlkinə
nisbətən hər 500 dollarda 135 manat deyil, 70 manat əlavə ödəmə
həyata keçirəcək. Bu həm müştərinin yeni məzənnənin təsirindən
müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin
azalmasının qarşısının alınmasına imkan verəcək".
Vüqar Bayramov bildirib ki, bu məsələdə həm müştərilərin, həm də
bankların maraqlarının qorunmasına ciddi ehtiyac var:
"Mərkəzi Bank dollarla kredit götürən vətəndaşlar üçün güzəştlər
tətbiq edə bilər. Yəni MB kommersiya banklarından dollarla kredit
götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxmalı və
həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin aşağı salınmasının
təmin edilməsi ilə bağlı tövsiyə məktubu göndərməldir. Bu zaman
dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq
etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq
olar. Bu, ikinci çıxış yoludur. Həm vətəndaşların sosial təminatı
baxımından, həm də problemli kreditlərin həcminin artmasının
qarşısının alınması baxımından MB-nin prosesə müdaxilə etməsi və
qeyd edilən təkliflərdən ən azı birini qəbul etməsinə ehtiyac
var".