11:24
Şahdağ Milli Parkında yanğın
başlayıb.
Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən
xəbər verir ki, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli
Parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar
yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2
helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub.
Hal-hazırda əməliyyat davam edir.
11:52
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli
Parkında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, yanğın
16 avqust 2015-ci il tarixdə saat 18:00 radələrində Şahdağ Milli
Parkının İsmayıllı rayonu Tircan kəndinin yüksək dağlıq ərazisində
yerləşən meşə sahəsində baş verib.
Yanğının söndürülməsi üçün dərhal ETSN-nin yerli qurumlarının
nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri,
habelə yerli əhali hadisə yerinə cəlb olunub. Yanğının tam
söndürülməsi üçün zəruri tədbirlər görülür.
Qeyd edək ki, hava şəraiti küləkli və isti olduğundan yanğın
daha geniş ərazini əhatə edib. Bu gün səhər saatlarında yanğın
lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar
Nazirliyinin 2 helikopteri də yanğın ərazisinə cəlb olunub.
İlkin ehtimala görə yanğın meşədə moruq yığan vətəndaşların
ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının
müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ
Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına
müraciət hazırlanır.
Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın
miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı
qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa,
yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan
xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
***
İsmayıllı rayonu ərazisində baş verən meşə yanğının
qarşısı alınıb.
APA-nın xəbərinə görə, Şahdağ Milli Parkı ərazisində başlayan
yanğın getdikcə geniş ərazini əhatə edib.
Rayonun Tircan kənində yüksək dağlıq ərazidə quru ot, kol-kos və
meşə zolağında ağaclar yanıb. FHN-in İsmayıllı, Ağsu və Şamaxı
Dövlət Yanğından Mühafizə Hissələrinin texnika və canlı qüvvəsi,
eləcə də meşələrin mühafizəsi və bərpası müəssisələrinin
əməkdaşları yanğının söndürülməsinə cəlb olunub. Yanğın yüksək
dağlıq ərazidə olduğu üçün alovun qarşısını vaxtında almaq
çətinləşib. Əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri də
cəlb olunub. Yanğın söndürülüb. Ümumilikdə 3 hektar meşə ərazisi və
kol-kos yanıb, Şahdağ Milli Parkının qalan hissəsi alovdan mühafizə
olunub.