Qənnadı məmulatları qida rasionumuzda geniş istifadə
olunan yeyinti məhsullarından olduğuna görə istehlakı zamanı
onların keyfiyyət və təhlükəsizlik göstəricilərinin
qiymətləndirilməsinə diqqət etmək lazımdır.
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidmətindən Axar.az-a verilən məlumata görə,
hazırlanmış hər növ qənnadı məmulatı saxlama şəraitini və saxlama
müddətini göstərən sənədlərlə müşayiət olunmalıdır:
"Qənnadı məhsullarının qablaşdırılması məhsulun konkret çeşidi
və normativ texniki sənədlərin tələblərinə uyğun olmalıdır. Bu
məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta və
karton yeşiklərə, qutu və sellofan paketlərə, çəki ilə satılanları
isə qutu, plitka və kağıza qablaşdırılır. Qablaşdırılmayan
məhsullar haqqında informasiya isə ticarət zalında məlumat
vərəqində göstərilməlidir.
Realizə zamanı unlu qənnadı məmulatlarından olan və keyfiyyət
göstəriciləri standartın tələblərinə cavab verən tort və
pirojnaların forması düzgün, zədəsiz olmalı, dadı və iyi çeşidinə
müvafiq olmalı, kənar iy və dad verməməlidir.
Şəkərli qənnadı məmulatları mürəbbə, cem, povidlo və s. şüşə və
ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Hər bir
istehsalçı və satıcı bilməlidir ki, qablaşdırılmasında nöqsan olan
qənnadı məmulatlarının satışı qadağandır".
Xatırladaq ki, bu kimi problemlərin aradan qaldırılması
məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti tərəfindən vaxtaşırı monitorinq və
yoxlamalar həyata keçirilir, mövcud olan problemlərin aradan
qaldırılması istiqamətində tədbirlər görülür.