Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov
Quzanlı qəsəbəsində Ağdam, Laçın, Xocalı və Xocavənd rayonları
ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Axar.az komitənin saytına istinadən xəbər verir ki, görüşdən
əvvəl ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi
ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Görüşdə çıxış edən Ə.Həsənov Nazirlər Kabinetinin ötən ilin
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında
və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramının icrasına dair konfransda Prezident İlham Əliyev
tərəfindən verilən tapşırıqları və müəyyənləşdirilən prioritet
istiqamətləri diqqətə çatdırıb. Baş nazirin müavini bildirib ki,
ötən il dünyada həm iqtisadi, həm də siyasi baxımdan böhranlı il
kimi yadda qalıb. Dünyada mövcud münaqişələrin həllində heç bir
irəliləyiş olmayıb, əksinə, yeni münaqişə ocaqları yaranıb, qaçqın
və miqrantların sayı artıb.
Ə.Həsənov qeyd edib ki, dünyada iqtisadi böhran 2008-ci ildən
başlasa da, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu
siyasət nəticəsində Azərbaycanda bu böhran hiss edilmədi. Yalnız
neftin qiymətinin 4 dəfə ucuzlaşmasından sonra manatın məzənnəsi
aşağı düşdü. Bütün bunlara baxmayaraq, ötən il Azərbaycan
iqtisadiyyatı inkişaf edib, sosial proqramlar icra olunub.
Ümumdaxili məhsul 1,1 faiz, sənaye 2,4 faiz, kənd təsərrüfatı 6,6
faiz, qeyri-neft sektoru 8,4 faiz artıb. Ötən il 60 tibb obyekti və
20 məktəb tikilib, məcburi köçkünlər üçün 5 yeni qəsəbə salınıb,
100 min yeni iş yeri açılıb.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın
Prezident İlham Əliyev tərəfindən uğurla icra edilməsinin dinamik
sosial-iqtisadi inkişafa yol açdığını vurğulayan Komitə sədri
məlumat verib ki, son 12 ildə ölkəmizdə 25 elektrik stansiyası
tikilib, şəhərlərin 90 faizi, rayonların isə 80 faizi təbii qazla
təmin olunub. Həmin müddətdə 10 min kilometrdən çox magistral
yollar çəkilib, içməli su layihələri həyata keçirilib, Şəmkirçay,
Taxtakörpü su anbarları inşa edilib, Ceyranbatan gölündə
sutəmizləyici qurğular tikilib. Regionlarda 41 olimpiya kompleksi,
3 min məktəb, 600 xəstəxana inşa olunub və ya əsaslı şəkildə
yenidən qurulub.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə Prezident
İlham Əliyevin diqqət və qayğısından danışan Ə.Həsənov bildirib ki,
bu kateqoriyadan olan insanlar üçün respublikanın şəhər və
rayonlarında bütün sosial-texniki infrastruktura malik 94, o
cümlədən son 12 ildə 89 müasir qəsəbə və yaşayış kompleksi salınıb,
250 min məcburi köçkün yeni evlərə köçürülüb.
Manatın devalvasiyasından sonrakı vəziyyətə toxunan komitə sədri
qeyd edib ki, bundan istifadə etməyə çalışan bəzi işbazlar ölkədə
süni qiymət artımı yaratmağa cəhd göstərdilər. Lakin bu halların
qarşısı dərhal alındı. Görülən tədbirlər sayəsində unun və çörəyin
qiyməti ucuzlaşdı. Dövlətimizin başçısının sərəncamları ilə
maaşlar, pensiyalar və sosial müavinətlər artırıldı. Ölkədə əsaslı
struktur islahatlarına başlanıldı.
Ə.Həsənov qeyd edib ki, dövlətimizin başçısı məmurlara
xəbərdarlıq edib, onlara ciddi tapşırıqlar verib. Belə ki, dövlət
məmurları xalqın xidmətçisi olmalı, vətəndaşlara qayğıkeş münasibət
bəsləməli, onların problemlərinin qanun çərçivəsində həllinə kömək
etməlidirlər. Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham
Əliyevin qarşıya qoyduğu ən mühüm məsələlərdən biri də
sahibkarlığın inkişafıdır. İş adamlarına lazımi şərait yaradılmalı,
onlara kömək göstərilməli, bütün maneələr aradan qaldırılmalıdır.
Digər ümdə vəzifə ərzaq təhlükəsizliyinin təmin edilməsi, istər
kənd təsərrüfatı, istərsə də sənaye məhsullarının
rəqabətqabiliyyətli olmasıdır. Eyni zamanda, ixracyönümlü
məhsulların istehsalına xüsusi diqqət ayrılmalı, idxaldan asılılıq
azaldılmalı, inhisarçılığın qarşısı alınmalıdır. İstifadəsiz
torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməlidir.
Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısının verdiyi
bütün tapşırıqlar insan amilinə yönəldilib. Dövlət xalq üçün
çalışır. Atılan bütün addımlar əhalinin rifah halının daha da
yaxşılaşmasına xidmət edir. Ona görə də xalqla Prezident arasında
monolit birlik var. Komitə sədri deyib ki, ölkəmizdə yalnız bir
məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll
olunmamış qalır. Münaqişənin uzanmasının bəzi qüvvələrin
maraqlarına xidmət etdiyini vurğulayan Ə.Həsənov bildirib ki,
torpaqlarımızın işğaldan azad edilməsi üçün iqtisadiyyat və ordu
daha da gücləndirilməlidir.
Daha sonra Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış
edərək, dünyadakı iqtisadi-siyasi böhrandan, bu proseslərin
Azərbaycana təsirindən danışıb. Bildirib ki, qlobal böhranın
təsirlərini azaltmaq üçün Azərbaycanda lazımi tədbirlər görülür.
Xalq dövlətə, Prezidentə inanır, görülən tədbirləri
dəstəkləyir.
Görüşdə çıxış edən Ağdam rayonundan məcburi köçkün Əvəz
Mikayılov, Laçın rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin
direktoru Arif Feyzullayev, Xocalı rayon İcra Hakimiyyəti
başçısının müavini Vahid Əliyev və Xocavənd rayonundan məcburi
köçkün Oqtay Göyüşov göstərilən diqqət və qayğıya görə dövlətimizin
başçısına minnətdarlıqlarını bildirib, eyni zamanda bəzi mövcud
problemlərdən söz açıblar. Ağdam rayonunun Ayaq Qərvənd kəndinə
gedən yolun asfaltlanması, Ağcabədi rayonunun Taxtakörpü ərazisində
məskunlaşmış laçınlı məcburi köçkünlər üçün evlərin inşası,
Goranboy rayonunda məskunlaşan Xocalıdan olan məcburi köçkünlərin
suvarma suyuna olan tələbatının ödənilməsi, Beyləqan rayonu
ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlərə pay
torpaqlarının verilməsi ilə bağlı müraciətlər edilib.
Baş nazirin müavini Ağdam, Laçın, Xocalı və Xocavənd
rayonlarından olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb,
onların suallarını cavablandırıb.