1992-ci il fevralın 26-da
Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində
soyqırım aktı həyata keçirdi.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif
yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər
qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə
məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə
valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər
dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də
məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və
ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda həmçinin mayor
Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında Sovet ordusunun
366-cı alayının 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı
altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan
Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və
giziri iştirak edib. ("Xocalının işğalına dair istintaq
materiallarından").
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq
istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib.
Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən,
dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200
azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz
qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla
130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.
Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə
yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər
küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın
baş dərisinin soyulması faktını da qeydə alıb.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli
səhifələrdən biri kimi daxil olub.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni
millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə
məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub,
qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər
tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet
dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min
azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz
düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi
torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu və
bununla da Ermənistan monoetnik dövlətə çevrildi.
1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr,
erməni ideoloqların "dənizdən dənizə Ermənistan" adlı sərsəm
ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on
minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz
tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq
Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və
vəhşiliyə hazır olduqlarını nümayiş etdirir. XX əsrin faciəsi olan
Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin
nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan
xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır
cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima,
Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada
dayanır.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu,
bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət
olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər
tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək
məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o,
Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və
mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət
tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının
kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri,
həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf
dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.
Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv
edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı
qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni
vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə
qarşı zorakılıq aktıdır.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı
sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük
Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə
ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini
Səriyyə Talıbova danışırdı ki, "4 məshəti türkü və 3
azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra
daha 2 azərbaycanlının gözlərini çıxartdılar".
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici
hərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını və
bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb,
hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda
istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi
silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə
Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd
olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini
təsdiqləyir.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü,
ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı
olan jurnalist və publisistləri dəhşətə gətirib.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri
qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz
olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli
"Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması"
Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq
məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı
deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı
törədilib. Bu gün Ermənistanda mühüm dövlət postlarını tutanlar,
Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və
digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq
məhkəmə qarşısında cavab verməlidirlər.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü
dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq
təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın
Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı
soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi
qiymət verməlidir.
Xatırladaq ki, artıq dünyanın bir neçə ölkəsinin parlamenti
Xocalı soyqırımını tanıyan qərar qəbul edib.