Tanınmış jurnalist, "Mediaforum" saytının Baş redaktoru
Azər Qaraçənlinin "1937.az"a müsahibəsi.
- Azər müəllim, uzun illərdir sizi müxtəlif tədbirlərdə,
məclislərdə müşahidə edirəm. Niyə kənardan baxanda dənizdə gəmiləri
batmış adamı xatırladırsınız?
- Dalğınlıq yaradıcı adam üçün xarakterik vəziyyətdir. Qıraqdan
baxanda fikirli görünürəmsə, yəqin ki, bunun bir səbəbi burdan
gəlir. O biri yandan qayğılar da az deyil. Ancaq mən onun
tərəfdarıyam ki, neçə gəmi batır batsın, insan nikbinliyini,
ümidini saxlamalıdır. Və mütləq bunu elə etməlidir ki, batan
gəmilərin xatirəsi təhqir olunmasın. Yəni insan nikbin olmalıdır,
amma ağrılara da laqeyd olmamalıdır. Mən ağrıları alçaltmayan
xoşbəxtliyin tərəfdarıyam. Üzən gəmilərə baxıb sevinmək lazımdır və
bunu elə etmək lazımdır ki, batmış gəmilərin ruhu inciməsin. Ola
bilər, mən doğrudan da qıraqdan baxanda gəmiləri batmış adam kimi
görünürəm. Amma inanın ki, mənim qəlbimdə böyük bir ümid, nikbinlik
dənizi də var. O dənizdə batmaq yoxdur.
- Çox nikbin olduğunuzu, gələcəyə inamla yanaşdığınızı
deyirsiniz, amma hələ də subaysınız. İnandığınız gələcəyə gedən yol
həm də ailə qurmaqdan keçmirmi?
- Mən ailəyə çox böyük dəyər verirəm. Ailə göstərir ki, insan
bir-birinə necə doğma ola bilər və necə doğma olmalıdır. Dünyada
insan doğmalığına ailədən güclü örnək yoxdur. Ailə həm də Tanrının
insana bir işarəsidir: yəni görün sizdə necə böyük doğmalıq,
canıyananlıq, humanizm var, başqalarına da belə olun. Mən insan
doğmalığının, insan humanizminin ailədə açılan, ailədə üzə çıxan
formasını bütün dövrlərə, eləcə də indiyə və gələcəyə örnək
sayıram. İnsan bundan nəticə çıxarmalıdır. Sualınızın qalan
hissəsindən isə danışmaq istəmirəm, inciməyin.
- Siz ixtisasca psixoloqsunuz. Bir məsələyə
münasibətinizi bilmək istərdim: Sizcə, Azərbaycanda seksual inqilab
olsa, bunun ölkənin digər problemlərinin həllinə faydası nə qədər
olar?
- Mən əksini düşünürəm. Başqa problemlər həllini tapsa,
insanların seksual münasibətlərindəki problemləri də həll etmək
asanlaşar. Başqa problemlər deyəndə həm maddi, həm mənəvi, həm
ictimai, həm də siyasi problemləri nəzərdə tuturam.
Əslində, dünyada seksual inqilab deyilən bir şey yoxdur. Bu,
şərti termindir, onu rəmzi mənada qəbul etmək lazımdır, birbaşa,
hərfi mənada qəbul etmək olmaz. Dünyada yalnız seksual həyata
münasibətin kamilləşməsi, təkamülü var. Yox, mən səhv edirəmsə,
doğrudan da dünyada seksual inqilab varsa və ya ola bilərsə, onda
mən onun tərəfdarı deyiləm. Seksual həyata münasibət
kamilləşməlidir. Kamilləşmə təkamüllə olur. Mən bunun tərəfdarıyam.
Uzun müddətdir bu təkamül prosesi gedir. Düzdür, hansısa məqamda bu
proses dayana, hətta müvəqqəti tənəzzülə də uğraya bilər. Amma
dayansa da, tənəzzülə yuvarlansa da, bu, müvəqqəti olacaq. Seksual
həyata münasibətin kamilləşməsi prosesi hər cür əks prosesdən üstün
tendensiyadır. Bu, qalib tendensiyadır, onu ləngitmək olar, amma
sıradan çıxarmaq mümkün deyil.
- Mən bildiyim təkamülün həyata keçməsi üçün uzun illər
lazımdır. Ətrafımız isə sevdiyi adamla azad münasibətdə yaşaya
bilməyən aqressiv adamlarla doludur. Siz seksual inqilab terminini
şübhə altına alsanız da, nə ad verməyinizdən asılı olmayaraq,
sürətli dəyişiklik, yəni seksual inqilab seksual həyatdakı
problemləri indiki zamanda, tez həll edə bilər. Təkamül öz
missiyasını həyata keçirənə kimi biz vaxt itirəcəyik və seksdən
zədəli nevroz nəsillər yetişdirəcəyik...
- Bəli, dedikləriniz kədərlidir. İnsanların qurban getməyinin
qarşısını almağa çalışmaq lazımdır, amma qurban verməməklə. Əgər
doğrudan da seksual inqilab olubsa və ya ola bilərsə, onda bir
məsələyə ciddi diqqət yetirmək lazımdır: onun qurbanları olubmu,
ola bilərmi? Mən dinc dəyişikliyin tərəfdarıyam. Seksual inqilab
dinc inqilabdırmı? Bunu dəqiqləşdirmək gərəkdir. Seksual inqilab o
vaxt faydalı ola bilər ki, birincisi – qansız, qurbansız olsun,
ikincisi – insanı özünün və başqalarının seksual həyatına
münasibətdə kamilləşdirsin. Seksual inqilab bunu bacaracaqmı? O,
seksual həyata münasibətdə başqa bir ifratçılığa – instinktlərin
anarxiyasına gətirib çıxarmayacaq ki? Nəticədə seksual inqilabın
özünü aradan qaldırmaqdan ötrü yeni bir inqilaba zərurət
yaranmayacaq ki? Və ən sonda cəmiyyət bir vaxt seksual inqilabla
üstündən sıçrayıb keçdiyi mərhələyə qayıtmayacaq ki? Belə suallar
var. Çıxış yolu yenə təkamüldədir. Səbirlə, addım-addım
irəliləməkdən başqa düzgün yol yoxdur.
- Sovet dövründə yaranan Azərbaycan ədəbiyyatına
münasibətiniz necədir? Radikal gənclər o əsərləri köləlik dövrünün
kölə ədəbiyyatı adlandırır...
- Gənclərin radikal yanaşmada olması təbiidir. Bir az yaşlanan
kimi bu yanaşmanı özləri təkzib edəcəklər. Sovet dövründə yaranmış
ədəbi əsərlərin yalnız bəzisini kölə ədəbiyyatı adlandırmaq olar.
Ancaq bunu hamısına aid etmək, əlbəttə ki, yanlışdır. Sovet
dövründə həqiqi sənət əsəri az yaranmayıb. Nəinki ideoloji cəhətdən
sovet sistemindən azad olan və yaxud həmin sistemin əleyhinə olan,
hətta ideoloji cəhətdən sovet sisteminin təbliği üçün yazılmış
əsərlərin arasında yüksək sənət nümunələri var.
- Ümumiyyətlə, ideologiyanın sənətə təsiri daha çox
müsbət yöndə olur, yoxsa mənfi?
- Sırf dövlət ideologiyasını nəzərdə tutursunuzmu?
- Xeyr, ümumilikdə ideologiya. Məsələn, bütün qəlbi ilə
Allaha inanan, yer üzündə konstitusiya kimi bir tək "Quran"ı
tanıyan adam bəşəriyyətin qazancı sayıla biləcək bir əsər yarada
bilərmi?
- Əlbəttə, yarada bilər. Dünya belə böyük sənət əsərləri ilə
doludur. Faktiki olaraq siz burada ideologiya deyəndə ideyanı,
insanın hansısa bir yola, xəttə inamını nəzərdə tutursunuz. Bu,
sənətə yalnız o vaxt mənfi təsir göstərə bilər ki, insan həmin
ideyaya ürəkdən inanmasın. Ürəkdən inananda sənətə mənfi təsiri
yoxdur. Ürəkdən gəlməyəndə isə istər ideoloji olsun, istər
qeyri-ideoloji - əsər zəif alınacaq, həmin əsərdə səmimiyyət,
təbiilik çatışmayacaq.
- Son dövrlər azərbaycanlı radikal islamçıların
Suriyadakı döyüşlərdən gələn xəbərlərinin ardı-arası kəsilmir.
Bunun qarşısını necə almaq olar? Sizcə, islamın hansı qolu daha çox
təbliğ olunmalıdır ki, gənclər radikalizmə meyilli
olmasın?
- Yeni dövrdə dini radikalizm bizim vətənimizə əsasən
qloballaşma nəticəsində ayaq açıb. Qloballaşma yaxşı prosesdir,
amma onun belə ziyanlı cəhətləri də var. Biz qloballaşmanın
qarşısını almaq haqda düşünməməliyik, buna heç gücümüz də çatmaz.
Qloballaşmadan fayda götürməli, onun mənfi təsirlərini isə minimuma
endirməliyik. Gənclərin radikalizmə meyillənməsinin qarşısını
almağın siyasi yolunu demokratikləşmədə, iqtisadi yolunu azad
sahibkarlığın inkişafında görürəm. Bu, insanları dünyəvi dövlət
quruluşunun indiki dövrdə ən yaxşı ictimai-siyasi münasibətlər
sistemi olduğuna bir daha inandırardı. Ancaq dini radikalizmin
qarşısını almaq üçün bunlar yetərli deyil. Başqa işlər də
görülməlidir.
Siz soruşdunuz ki, islamın hansı qolu təbliğ olunmalıdır.
Əlbəttə ki, liberal qolu. Məsələn, Tanrı "Quran"da Məhəmməd
peyğəmbərə deyir ki, sən insanların üzərində hakim deyilsən, sən
yalnız öyüd-nəsihət verənsən, təbliğatçısan. Əgər Tanrının elçisi
hakim deyilsə, onda başqaları nə haqla hakimlik edir? İslamda
Tanrının rəhimli və mərhəmətli olduğu aşılanır.
"Bismillahir-rəhmanir-rəhim", yəni "Mərhəmətli, rəhimli Allahın
adıyla" – əsl müsəlman hər işə bu sözlə başlayır. "Quran" surələri
bu sözlə açılır. Ona görə də rəhimli və mərhəmətli Allah təbliğ
edilməlidir.
Tanrı liberaldır. Məncə, dini radikalizmin qarşısını almağın ən
yaxşı yollarından biri bunu təbliğ etməkdir. İlahi liberalizm
təbliğ olunmalıdır. Ancaq təəssüf ki, bunu təbliğ edən azdır.
- Nikbinlik, liberalizm, təkamül... Bu qədər intiharın
yayıldığı, depressiv meyillərin gücləndiyi bir vaxtda bütün bu
mütərəqqi duyğuları necə qoruyub saxlaya bilirsiniz? Yəqin Allaha
çox inanırsınız...
- Mütərəqqi duyğuları qorumaq mənə asan başa gəlmir. Çünki mənim
içimdə bunun rəqibiylə mübarizə də gedir. Bədbinliyə qapıldığım,
zülmətə büründüyüm anlar az olmur. Ancaq sonda yenə işıq yanır, gün
doğur, qaranlıq çəkilir. Həm də mənim içimdə gün doğanda qaranlığı
əzib doğmur, qaranlığı əzizləyib doğur. Bu, mərhəmətlə, yəni işıq
saçmaq üçün doğan gündür, yandırıb yaxmaq üçün doğan gün yox.
Tanrıya çox inandığımı deyə bilmərəm, amma inanıram. Tanrıya
çox, həddindən çox inanmaq istərdim. Buna nail olmaq üçün də içimdə
mübarizə gedir.
- Homoseksual İsa Şahmarlının intiharı ciddi rezonansa
səbəb oldu. Bu intiharı protest kimi dəyərləndirənlər də var idi.
Azərbaycan cəmiyyəti homoseksuallıqla münasibətlərini necə
qurmalıdır?
- İsa Şahmarlının faciəsi bizi bu məsələlər haqda dərindən
düşünməyə vadar etməlidir. Həm ümumiyyətlə intiharlar haqqında, həm
də azlıqların, eləcə də cinsi azlığın cəmiyyətimizdəki vəziyyəti
haqqında. Azərbaycan cəmiyyətində cinsi azlığa münasibət
müdrikləşməlidir. Bu münasibət elə olmalıdır ki, cinsi azlığın
nümayəndəsi intihar etməyə nəinki əsas, heç bəhanə də tapa
bilməsin.
Cəmiyyətdə cinsi azlığa münasibət üç prinsipə söykənməlidir:
şəxsi həyatın toxunulmazlığı; yetkinlik yaşına çatmış, psixi
cəhətdən özünü idarə etməyi bacaran insanların könüllü cinsi
əlaqələrinə dövlətin və ictimaiyyətin müdaxilə etməməsi;
bəyənmədiyimizə dözümlü yanaşmaq. Məhz bu prinsiplər cinsi
azlıqları təqib olunmaqdan xilas edə bilər. Tənqid olunmaqdan yox,
təqib olunmaqdan, təhqir olunmaqdan.
Yeri gəlib, deyim ki, intiharın əsl səbəbini bilmək də çətindir.
Ona görə mən həm "əsas", həm də "bəhanə" sözlərini işlətdim. Bunu
təsadüfən demədim. İntiharın kökünü dəqiq bilmək çox çətindir.
İntiharqabağı məktublar, intihar edən adamların son bəyanatları da
intiharın həqiqi səbəbini izah etməyə bilər. İntihar edən adamın
özü onu bu yola yönəldən əsl motivi dərk etməyə bilər. Bunu
intihara cəhd göstərən, amma sağ qalan adamlarla aparılan söhbətlər
də göstərir. İntihar sirdir. Hətta səbəbi ən aydın şəkildə görünən
intiharın da sirri var. Bundan başqa, zahirən əcəl kimi görünən,
təsadüfi qəzaların adına yazılan gizli intiharlar var. Yəni lap
sirli intiharlar da var.
Bayaq biz Suriyada müharibəyə gedən azərbaycanlı gənclərdən
danışdıq. Kim bilir, bəlkə də onların arasında elə adamlar var,
Suriyaya yollanmağının əsl səbəbi özünə bir intihar yolu tapmaqdır.
Bəlkə də Suriyaya yolu bağlansaydı, avtomobilə oturub onu elə
sürətlə sürəcəkdi ki, axırda divara çırpılacaqdı, biz də bu ölümü
bir avtomobil qəzası kimi qeydə alacaqdıq. Yaxud da evdə elektrik
naqilini düzəldəndə yalın əliylə açıq naqildən yapışacaqdı,
nəticədə statistik cəhətdən tok vurub öldürən adamların siyahısına
düşəcəkdi.
Təəssüf ki, heç bir iqtisadi, ictimai, siyasi, intellektual
inkişaf intiharın qabağını ala bilmir. Mən bilmirəm intihara
birdəfəlik son qoymaq üçün nə etmək lazımdır. Bu çox çətin
məsələdir, güman ki, mümkün olan məsələ deyil. Ancaq dünya buna
çalışmalıdır, bunun yolunu tapmağa çalışmalıdır.
Bütün bunlardan elə çıxmasın ki, mən İsa Şahmarlının intiharının
kökündə Azərbaycan cəmiyyətində homoseksuallara olan münasibətin
durduğunu inkar edirəm. Yox, mən eləcə demək istəyirəm ki,
intiharın səbəbini dərk etmək çətindir. Azərbaycan cəmiyyətində
cinsi azlığa olan münasibət həmin azlığın nümayəndəsini intihar
həddinə çatdıra da bilər. Bu, mümkündür. Yəni İsa Şahmarlının
intiharının kökündə birbaşa cəmiyyətin cinsi azlığa münasibəti dura
bilər. Lap birbaşa yox, dolayı səbəb rolunu oynasa da, yenə bu,
ciddi siqnaldır və biz ona məsuliyyətlə, vicdanla reaksiya
verməliyik. Başa düşməliyik ki, Azərbaycanda cinsi azlığa
münasibətin təkmilləşməsinə, kamilləşməsinə, belə məsələlərdə hər
kəsin müdrik mövqe tutmasına böyük ehtiyac var.
- Azər müəllim, çox maraqlı söhbət oldu. Sizə təşəkkür
edirəm. İstəyirəm bu müsahibənin yekununu siz
verəsiniz...
- Yekunda ən əsas söz deyilməlidir. Mən söhbətimizin ruhuna
uyğun əsas sözü demək istərdim. Heç kim öz xoşbəxtliyini
başqalarının bədbəxtliyi üstündə qurmağa çalışmamalı, hər kəs
özünün və başqalarının həyatıyla ehtiyatla davranmalı, özünə və
başqalarına həyat eşqi aşılamalı, ümidini itirməməli, ölümü yox,
həyatı, radikallığı yox, liberallığı təbliğ etməli və bütün bunları
insan ağrılarını danmadan etməlidir.