Təhsil sahəsində korrupsiya və rüşvətxorluğa qarşı
kəsərli mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə,
ölkəmizdə müasir təhsil sisteminin formalaşdırılması və beynəlxalq
standartlar səviyyəsində qurulması istiqamətində mühüm tədbirlər
həyata keçirilməkdədir.
Təhsilin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi
neqativ amillərlə mübarizəni daha səmərəli təşkil etmək məqsədilə
dövlətimizin başçısının verdiyi göstərişlər bu istiqamətdə
təxirəsalınmaz tədbirlərin daha sistemli, davamlı və kompleks
xarakter daşımasını şərtləndirib.
Belə ki, Ucar rayon sakininin Ağcabədi Pedaqoji Kollecinin
direktor əvəzi Sahib Hüseynovun qanunsuz hərkətlərə yol verməsi
barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə
daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq
tədbirləri həyata keçirilib.
Kollecin direktor əvəzi Sahib Hüseynovun qış imtahan sessiyası
zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün ona müraciət
etmiş 4-cü kurs tələbəsindən 11 fevral 2013-cü il tarixdə 450 manat
məbləğində rüşvəti təhsil müəssisəsinin inzibati binasında
vasitəçidən istifadə etməklə özü üçün alarkən cinayət başında
yaxalanmasında və qeyd edilən əməli törətməsində şübhələr üçün
əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət
alma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən
müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti
otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və
soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri
yazılmış jurnal, 59 ədəd plastik ödəmə kartı və həmin kartlara aid
açılmamış vəziyyətdə pin-kod vərəqləri, şəxsiyyət vəsiqələri,
"Ədalət və Qanun" qəzetinin redaktoru işləməsi barədə özünə aid
vəsiqə və digər sənədlər, eyni zamanda yaşadığı evdən istintaq üçün
əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb.
S.Hüseynov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə
barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda tələbələrin adlarının qarşısında pul məbləğləri qeyd
olunmuş jurnal, təqaüd kartları və əldə edilmiş digər sənədlər
əsasında kollecdə sistemli rüşvət hallarının baş verməsinə şübhələr
üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən
edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.