“Starlink” peyk internet xidməti yerin aşağı orbitində yerləşdirilmiş minlərlə peyk vasitəsilə internet bağlantısı yaradır. Bu sistem kabelli internetə və ya mobil operatorlara ehtiyac olmadan qlobal internetə çıxışı təmin edir. Xidmətin əsas hədəfi internet infrastrukturu zəif olan və ya ümumiyyətlə internetin əlçatan olmadığı bölgələrdir.
Bu sözləri Axar.az-a açıqlamasında texnobloger Fərid Pərdəşünas “Starlink”in ölkəmizdə fəaliyyətə başlamasından danışarkən bildirib.
Onun sözlərinə görə, “SpaceX” şirkəti üç il əvvəl Azərbaycanda qeydiyyatdan keçmiş və bununla da “Starlink” xidmətinin yerli bazara daxil olması üçün zəruri prosedurlar başlamışdı:
“Nəhayət, 2025-ci ilin birinci rübündə bu proses tamamlanaraq xidmət rəsmi istifadəyə verildi. “Starlink”dən istifadə üçün xüsusi avadanlıqlar tələb olunur və bu avadanlıqlar iki əsas kateqoriyaya bölünür. “Mini modem” 370 manata, “Standart modem” isə 640 manata təklif edilir. İnternet paketlərinin qiymətləri 80 manatdan başlayır və aylıq abunə haqqı seçilmiş paketin növündən asılı olaraq 80 və ya 100 manat təşkil edir. Bundan əlavə, səyyar istifadə üçün xüsusi tariflər də mövcuddur: 50 GB həcmində internet paketi 90 manata, limitsiz internet paketi isə 170 manata təqdim olunur.
“Starlink”dən istifadə etmək üçün istifadəçilər müəyyən prosedurları yerinə yetirməlidirlər. İlk olaraq, rəsmi sayta daxil olaraq 100 manat depozit ödəmək, daha sonra uyğun modem seçmək və internet paketini müəyyənləşdirmək lazımdır. Sifariş tamamlandıqdan sonra 50 manat çatdırılma haqqı ödənilir və avadanlıq istifadəçinin ünvanına göndərilir. Qurğunun quraşdırılmasından sonra internetdən istifadə mümkündür”.
Ekspertin sözlərinə görə, “Starlink” əsasən ucqar və dağlıq ərazilərdə yaşayanlar üçün sərfəli ola bilər:
“Optik internet şəbəkəsi və ya mobil internetin mövcud olduğu yerlərdə isə “Starlink”in qiymətləri daha yüksək olduğu üçün onun alternativlərə nisbətən daha az cəlbedici olması mümkündür”.