Rusiyaya bir neçə yüz kiloqramdan artıq heroin gətirməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Tayaqmurad İmamov (Taqaymurod Emomov) Azərbaycanda saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Qeyd olunub ki, saxlanılan şəxs hazırda Azərbaycandan Rusiya Federasiyasına ekstradisiyasını gözləyir.
Taqaymurad İmamov xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıqdır ki, axtarışda olub. İttiham tərəfinin fikrincə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir.
İmamov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini idxal edib. Bu işdə təqsirkarların çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, həmçinin təşkilatçı qismində İmamovun əleyhinə ifadə veriblər, bəziləri isə artıq həbsdən azad ediliblər.