14:50
Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev öz qohumlarına vəzifə verib.
Axar.az Tribunainfo.az-a istinadla xəbər verir ki, fond rəhbəri xalası oğlu Mail Məmmədovu DSMF-yə icraçı direktor, bacısının həyat yoldaşı Şahin Əliyevi isə özünə müavin təyin edib.
Onların peşəkar təcrübəsinin olub-olmadığı, əvvəlki iş yeri və vəzifələri barədə də məlumat yoxdur. Bu şəxslərin əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyib-işləmədikləri barədə də heç bir məlumata rast gəlinmir.
Bu təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, cavab almaq mümkün olmayıb.
Qeyd edək ki, məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.
***
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyevin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır.
Bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Yaqut Dadaşxan qızı Dadaşova, Fondun sədri Zəka Mirzəyevin anası isə Pərvuzə Ağasəlim qızı Sadıqovadır:
"Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qayınatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.
Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər".