Krım ərtafında yaranmış münaqişəli vəziyyət böyüyür.
Rusiyanın ardından ABŞ gəmiləri də Krıma doğru yol alıb. Demək olar
ki, hər dəqiqə yeni və bir-birini təkzib edən xəbərlər
gəlir.
Bu günsə bəlli oldu ki, Ermənistan əgər iki ölkə arasında savaş
başlarsa, Rusiya tərəfindən müharibədə iştirak edib Ukraynaya qarşı
vuruşacaq. Əslində, Ermənistanın bu bəyanatı təəccüblü deyil, hətta
gözləniləndir. Unutmaq olmaz ki, Qafqazda ilk münaqişə ocağını
Rusiya məhz Ermənistanın əli ilə yaradıb, eyni zamanda, bu ölkənin
hərbi hissələri və ümumən xarici siyasəti tamamən Rusiyanın təsirı
altındadır.
Azərbaycansa hələ Ukrayna hadisələri ilə bağlı heç bir açıqlama
verməyib. Bütün hallarda, Azərbaycan üçün bu hadisələr nə ilə
nətiçələnə bilər? Bölgədə yerləşən ölkələrin heç birində demokratik
və güclü dövlət istəməyən Rusiyanın Ukraynada istədiyini həyata
keçirə bilməsi əslində çox təhlükəlidir. Azərbaycanda Qarabağ,
Gürcüstanda Osetiya və Abxaziya, Moldovada Dnepropetrovsk,
Ukraynada Krım... Əlindən çıxdığı ölkələrin hər birində ocaq
qalayıb, bununla da bölgədən əlini çəkmək istəməyən Rusiyanın
Krımda möhkəmlənməsi əslində təkcə Krımla məhdudlaşmayacaq.
Rusiya imperiya maraqlarını təmin etmək, hər zaman iştah dişini
iti saxlamaq üçün təbii olaraq bir vaxtlar əsarətdə saxladığı
ölkələrdə təsirini itirmək istəmir. Bu üzdən Azərbaycanda hər hansı
bir vəziyyət yaranarsa, Rusiya bura hərbi müdaxilə etməkdən
qətiyyən çəkinməyəcək.
Rusiya xarici siyasətini "suyu bulandırmaq" bəhanəsi üzərində
qurmayıb. Məsələn, Qərb dövlətləri hər hansı bir bölgədə əməliyyat
aparmaq üçün mütləq bəhanələr uydurur, amma Rusiya birbaşa və kobud
müdaxilə edən bir ölkə kimi yəqin Azərbaycana da müdaxilə etmək
istərsə, bunu əsaslandırmağa belə çalışmayacaq.
Əslində, Krım ətrafında yaranmış münaqişə həm də Rusiyanın
zəiflədilməsi baxımından dünya üçün bir şansdır. Bu fikir bəlkə də
amansız görünə bilər, amma Rusiyanın bölgədə bütünlükdə və
birdəfəlik zəifləməsi üçün Krımda, necə deyərlər, burnunun ovulması
tam yerində olardı. Əks halda, Krımda da Gürcüstanda olduğu kimi,
heç bir maneə ilə üz-üzə qalmadan və asan şəkildə işğal siyasətini
həyata keçirərsə, bundan sonra Rusiyanın daha da möhkəmlənəcəyi və
bunun da hansı fəsadlar verəcəyini anlamaq üçün elə də böyük
araşdırmalara ehtiyac yoxdur.
Ukrayna bütünlükdə Rusiyanın imperiya maraqlarına soyuq su
səpilməsi üçün açar rolunu oynayan ölkədir. Əgər Ukraynanı
parçalamağa və istədiyinə nail olarsa, bu, eyni zamanda Qarabağ
düyününün daha da möhkəmlənməsinə gətirib çıxaracaq.