Müharibələr öldürmək üçün bir bəhanədir, yoxsa insanlıq
müharibə etmədən də yaşaya bilər? İnsanın içindəki öldürmək
istəyinin qanuniləşdirilmiş forması olan müharibələr, əslində,
mahiyyət etibarilə cinayətin son həddidir. Amma kimsə müharibədə
döyüşüb yüzlərlə insanı öldürən birini buna görə ittiham
etmir.
Sakitlikdə bir insanı təsadüfən belə öldürmüş olsa da, ittiham
olunan birini məmnuniyyətlə həbsxana divarları arasına salan
qanunlar müharibə vaxtı öldürmüş biri üçün işləmir. Hətta
müharibədə öldürmüş biri sonradan qəhrəman kimi o ölkədə ən mötəbər
vəzifəni belə tuta, dövləti belə idarə edə bilir.
İnsan hər zaman ədalətdən üz çevirə, onu rədd edə bilər. Çünki
bu dünyanın sakini olan insan mahiyyət etibarilə ədalətli deyil,
əksinə, dünya onun üçün öz mahiyyətindəki haqsızlığı üzə çıxarıb
ortaya tökmək üçün bütün imkanları yaratdığından insan dünyadan beş
əllə yapışıb.
İndi Azərbaycanda müharibə getmir, Qarabağ münaqişəsi
dondurulub. Amma Azərbaycan vətəndaşları yenə də müharibədə ölür.
Ona aid olmayan bir müharibədə…
Bir müddət öncə Suriyada döyüşən Azərbaycan vətəndaşları
haqqında xəbərlər gündəmdən düşmürdü. Onların pul qarşılığı
Suriyaya döyüşməyə getməsi və hətta həyatlarını itirməsi haqqında
yayılan xəbərlərin ardından bəlli oldu ki, bu insanlar vəhabi
təriqətinin burda ələ aldığı insanlardır.
Yəqin ki, etdiklərinə haqq qazandıran, hətta savab olduğunu
düşünüb ölümləri ilə şəhidlik zirvəsinə yüksəldiklərini düşünüb
bununla özlərinə təsəlli verənlər doğurdan da aldadıqlarının
fərqində deyillər.
İslamda şəhildik anlayışını hərə öz bildiyi kimi izah edib
insanların beyinlərini yumaqla, kiminsə ömrünü qumar masasına
yatırıb puç etməklə əslində cəhənnəmi burda, o ölümə verdikləri
insanların arxada buraxdığı ailələri əzaba düçar etməklə
yaradır.
Amma məsələ təkcə bununla da bitmir. Azərbaycandan Suriyaya
gedən insanlar orda bir-birinə qarşı döyüşür. Hər iki tərəfdən də
ölənləri şəhid kimi ailəsinə göndərirlər. Hər iki tərəfdən haqq,
din adına vuruşanlar eyni millətin nümayəndəsi olsa da, ölkəsindən
uzaqda, ona aid olmayan, əslində, haqqın və ədalətin bir-birinə
qarışıb sərhədləri itən yerdə soyuqqanlı şəkildə bir-birini
öldürürlər.
İndi də Krım ətrafında baş verən hadisələrdə bunun şahidi
oluruq. Belə ki, Çeçenistanda iki dəstə yaradılıb. Biri Kadırov
tərəfindən "Şərq", digəri də "Dudayev" dəstəsi... Bu dəstələrin
ikisi də Ukraynada müharibə başlayarsa, vuruşacaq. Biri Rusiya
tərəfində, digəri Rusiyaya qarşı…
Bir millətin nümayəndələri yenə başqa bir ölkədə bir-birini
öldürəcək. Düzdür, eyni millətlə qeyri-millətin bir-birini
öldürməsi elə də fərq etməz, sonucda insan ölür. Arxasından acılı,
bədbəxt insanlar buraxır, onunla birgə arzular, xəyallar ölür.
Biz adətən çeçenlər haqqında Qafqazın ən qəhrəman xalqlarından
biri kimi təsəvvürə sahibik. Amma qəhrəman saydığımız xalq bir
zamanlar Rusiyaya qarşı vuruşurdusa, indi bir-birinə qarşı
vuruşacaq. Dünənə qədər Rusiya Federasiyasının bütövlüyünü
təhlükəyə soxan xalqın nümayəndələri indi həmin dövlətin əmri ilə
başqa bir ölkənin ərazi bütövlüyünü pozmaq üçün vuruşacaq.
Demək ki, bir xalq haqqında o qəhrəmandır, qorxaqdır deyə
düşünmək düzgün deyil. Vəziyyətə görə dəyişən, özünə özgələşən xalq
var.