"Bir təbəssümünə bütün var-dövlətimi
verərəm".
Bu sözlər Türkiyənin böyük iş adamı Akın İpəyə məxsusdur. O
İpəyə ki, indi onun torpaq sahəsində Gülənə məxsus malikanənin
tikildiyi bəlli olub. ABŞ-da Ağ Ev və onun həyətindəki hovuzun eyni
olan malikanənin əzəmətini görəndə ilk anda adamın ağlına bu sual
gəlir: din, Allah adına danışan, hər zaman ideallar və bu dünyanın
keçərli olduğundan geniş bəhs edən bir adamın dünyəvilik əleyhinə
danışdıqlarını dinlədikdən sonra belə bir dünyəvi malikanənin
ortaya çıxmasına necə yanaşasan?! Sadəcə, insanın yalanı kimi?
Yoxsa insan xarakterində sağalmaz xəstəlik olaraq yuva salmış
ikiüzlülük kimi?
Hər halda, Fətullah Gülənin dünyəvi vətəndaşlıq iddiaları,
hamıya eyni gözlə baxmaq kimi təşəbbüsləri, dünyəviliyə q arşı
moizələri ilə bu malikanə tərsdir. Lakin insanın bəlkə də elə bu
olduğunu göz önündə tutub onu deyə bilərəm ki, burda təəccüblü heç
nə yoxdur.
Əksinə, insan olmaq məhz elə budur!
Açığını deyim ki, hələ tələbəlik illərində, özünü axtarış
dönəmində Bakının hər binası, təşkilatında təşkil olunan tədbirlərə
qatılıb danışanların nə dediyini anlamağa çalışan biri kimi heç
vaxt kimsənin təsirinə məruz qalmamışam. Hətta o illər Asif Atanın
düşüncələrinin ən yayğın vaxtı idi və bütün rəfiqələrim onun
ocağına qatılsa da, bir mən eləcə tək dayanıb durdum.
Fətullah Gülənin də moizələrinə çox qulaq asmışam, hətta
Samanyolu TV-nin hər gün bol-bol yayınladığı və ədalətin hər zaman
qalib olacağı düşüncəsini aşılamağa çalışdığı seriallarından
bəzilərinə də baxmışam, bu adamların amacı, istəkləri nədir
deyə…
Sonra elə gətirib ki, qohumlarımdan Çağ Öyrətim liseyində
oxuyanlar və oranı valideyinlərinin təkidinə baxmayaraq, tərk edən
uşaqlarla da qarşılaşdım. Uşağın əsas narazılığı da o idi ki,
liseydə hamını köləyə çevirib öz istədikləri kimi formalaşdırmaq
istəyirlər.
Beləcə, mən anladım ki, məsələ ədalət, insanlıq, din, hətta
Allah belə deyil. Hər şey, ən ali olanlar belə kimlərinsə
ambisiyalarının qurbanlığı ola bilər. Necə ki, son günlər Gülənin
bütün bunları öz istəklərinə qurban verdiyini gördük.
Məsələ Ərdoğanın siyası kursu və ya etdikləri deyil. Məsələ
ondadır ki, din, Allah adına əməl sahibləri olduğunu iddia
edənlərin dinləmə aparatları, siyasi gedişləri, bir dövləti içindən
çökdürmək, onun gerçək vətənsevərlərini həbsxanalara atdırmaq, daha
nələr, nələr kimi planları varmış. Necə olur ki, PPK ilə döyüşən
insanlar, ölkənin gələcəyini düşünən kəslər az qala sorğu-sualsız
həbslərə atılırdı?!
"Ergenokon" davası açıb, Ərdoğan hakimiyyəti ilə işbirliyinə
girib əvvəl vətənsevərləri təmizləmək əməliyyatı keçirən, sonra da
birdən xarici qüvvələrlə əlbir olub öz daxili müttəfiqini çökdürmək
planlarını işə salan insanlar bütün bunları edir və dindar
olur...
Bəlkə İslam dinini bunlar başqa cür anlayıb?
Ya Allahla münasibətlərini başqa qurub, bizim anlaya bilmədiyim
şəkildə?!
Və bütün bunlarda da insan, ədalət və haqq anlayışı
yoxdur...
Amma bir şey var... Samanyolu TV-də yayımlanan ədalətin qalib
olduğunu aşılayan filmlər yayımlanır ha, bax onlardakı ideya
deyəsən həyatda da əksini tapır. Gülənin Ərdoğanla birləşib haqsız
yerə həbs etdirdiyi insanlar azadlığına qovuşur.
İndi Ərdoğan onları, necə deyərlər, Gülənin acığına sərbəst
buraxır...