Keçən gün "Axar.az"da Sahib-əz-Zamanın doğum gününün
qeyd olunmasına həsr olunmuş tədbirin video görüntüləri yayıldı.
Ancaq kişilərin iştirak etdiyi, bir çoxlarının əlindəki
telefonlarla videoya çəkdiyi, yuxarı kürsüdə oturanın mədhiyyə
deyib oxuduğunu əks etdirən görüntüləri sakitliklə, heç nə olmamış
kimi izləmək mümkün deyildi. Hətta üzərinə şam taxılan tortun
kəsilməsi səhnələrini izləyən normal insan başına döyüb ağlaya da
bilərdi.
Nə baş verir, cənablar! Geri, XIX əsrə, "Molla Nəsrəddin"
jurnalının səhifələrinə dönməyə niyə belə həvəslisiniz? XXI əsrdə
dini inancınızı belə XIX əsrin mənzərələrini özündə əks etdirən
şəkildə yaşamaqla düşünürsünüz ki, Mehdi daha tezmi zühur
edəcək?
Əslində, bu görüntülərdən sonra bir çoxları tortun kəsilməsinə
daha çox diqqət çəkdi. Ən çox da tortun xristian adətlərinə uyğun
olduğunu, onun üstünə taxılmış şamların İslamla əlaqəsi olmadığını
deyənlər buna irad bildirdilər.
Əcaba, ancaq bumu?
Təki İslama aid səviyyəli bir ayin, tədbir keçirilsin,
səviyyəli, inkişafa doğru imza atan bir məclis olsun və orda
xristan dininə aid hər hansı bir atributdan istifadə olunsun. Nə
qəbahət var, ikisi də Allahın dini deyilmi? Olsun, iki dinin
barışması və bir arada yaşaması adına atılan hər addımda olmaq nə
gözəl...
Amma adı çəkilən tədbirdə hər şey yaxşı, bircə tort kəsmək
qəbahət idi? Yox, tədbirin özü başdan-başa qəbahət idi.
Niyə?
Birincisi, İslamda ümumiyyətlə, israfçılıq ən pis
keyfiyyətlərdən sayılır. Dörd bir yanı yoxsullarla, kasıb
insanlarla dolu olan bir məmləkətdə belə bir məclisə xərclənən
pulu, məsələn, Novruz bayramı ərəfəsində hansısa yoxsul bir ailəyə
vermək dini inanclarımıza daha uyğun olmazdımı?
Bəlkə xeyiri bu məmləkətdən uzaq salmaq istəyənlər
bununla Mehdinin zühurunu sürətləndirmək istəyir?!
Dünyanın hər yerində dini inancı güclü olan insanlar
peyğəmbərlərin mövludunu qeyd edir. Ancaq hər şeyi səviyyəli və
dinə, doğum günü qeyd olunan adama yaraşan şəkildə edirlər.
Maraqlıdır, təriflərin yerə-göyə sığmadığı bir məclisin
keçirildiyi vaxt görəsən Mehdi bir anlığa zühur etsəydi, necə
olardı, özü haqqında bu qədər məddahlıq edən insanların dediklərinə
qulaq asar, yoxsa onlara etiraz edərdi?!
Əgər Mehdi deyildiyi qədər varsa, ki, İslamın bütün böyük
insanlarının məddahlığa qarşı olduğunu bilirik, onda o da etiraz
edərdi. Hətta o süfrədə olan nemətlərin də bir an öncə kasıblara
paylanmasını dilərdi.
Açığını deyim ki, videonu izləyərkən başqa bir cəhət də
diqqətimi çəkdi. Orda olan insanların üzündəki ifadə… Əslində,
bitkin, bir az səliqəsiz görünüşlü, hətta əl çalanda da üzündəki
ifadə dəyişməyən bu insanların həmin anda görəsən doğurdanmı bütün
düşüncələri Mehdiyə tuşlanmışdı, yoxsa ordan qalxandan sonra
görəcəkləri işlər, danışacaqları sözlər, edəcəkləri əməl haqqında
düşünürdülər?
Deyə bilmərəm, tək bildiyim o ki, bu ölkədə haqdan danışanın
haqsızlığını, sufilikdən danışanın daha çox dünyəviliyini, söz
verənin sözü qətl etdiyini, ləyaqətdən bəhs edənin ən aşağı əməllər
sahibi olduğunu dəfələrlə gördük. Mən demirəm ki, ora toplaşan
insanlar da belələrindəndir, haşa, belə fikirdən uzağam.
Sadəcə, sonda Azərbaycan adlı bir məmləkətdə insanının əhvalını
qısa olaraq yazdım, bu qədər!
Yeri gəlmişkən, tədbirdə oxuyan kəsin səsi çox gözəl idi, avazı
yaxşı gəlirdi, amma təəssüf ki, oxuduğu Quran deyildi…