Keçən gün Qazaxıstanın prezidenti Nursultan Nazarbayev
İslam dini və türklərin qadına münasibəti ilə bağlı fikirlər
söylədi. Ərəblərə hörmətimiz var, amma bizim qadınımız hər zaman
sərbəst oldu, istədiyi kimi geyindi, cəmiyyətdə problem yaratmadı
deyib, türk qadının həyat tərzini müdafiə etdi.
Mən də açığını deyim ki, qısa video çəkilişi izləyib ürəyimdə bu
adama "əhsən" dedim. Bir prezidentin öz dəyər və ənənələrinə,
mütərəqqiliyə verdiyi qiymətə əhsən deməmək mümkün deyildi
zatən.
Amma mən tarix, ərəblər və türklərin qadınlara münasibətindən,
onların həyat tərzinin fərqindən, ya da bu iki xalqın kişilərinin
qadına münasibətindəki ayrıntılardan yazmaq istəmirəm. Tarixi
tarixliyində və tarixçilərə buraxsaq, məncə, daha yaxşı olar.
İndiyə gələk…
XXI əsrin Azərbaycan qadınına…
Bu gün Azərbaycan qadınından danışanda onun hüquq və
azadlıqlarına ilk baxışdan heç bir əngəlin olmadığını söyləmək
olar. Onların işləməsi, karyera qurması, təhsil almasına kimsə mane
olmur kimi görünür.
Amma bu, zahirən belədir. Mahiyyətdəsə elə ən böyük əngəl
qadınlarımızın zehniyyətidir. Qadının özünün özünə tanıdığı haqq və
hüquqlardır.
Azərbaycanda qadınlardan danışanda daha birmənalı olaraq fikir
söyləmək də mümkün deyil. Nə yazıq ki, bu cins öz daxilində
parcalanıb, sanki həmrəyliyini itirib. Qadınlar haqqında fikir
söyləyəndə onları hətta kateqoriyalara da ayırmaq mümkündür.
Birinci tiplər azadlığını düşüncədə əldə edib sərbəst şəkildə
özünü ifadə etməyə çalışır. Bu tip qadınlar cinsiləri ilə deyil,
şəxsiyyətləri ilə öndə olmağa çalışır və buna nail olmaq üçün
çalışırlar.
İkinci kəsim cinsiyyəti ilə öndə olmağa çalışır və daha çox ovçu
qadınlar rolunda olmağa üstünlük verirlər. Onların əsas həyat
idealı yaxşı yaşamaq və gözəl geyinməkdir. Təlabatları elə də böyük
deyil.
Üçüncü kəsimsə, hələ də keçən əsrin düşüncə tərzini yaşadır,
"mən qadınam yerimi bilməliyəm…"
Azərbaycanda birinci tip qadın olmaq çox çətindir, çünki
cəmiyyət, kişilər, adətlər, hətta qadınların özləri belə bu tip
qadınaları sevmirlər. Çünki bu tip qadınlar adətən əsrlərdir
formalaşan stereotipləri dağıda bilər və mühafizəkar toplum və
kəsim buna razı deyil.
İkinci tiplər üçün həyatı yaşamaq adətən o qədər də çətin deyil.
Çünki onlar adətləri də, kişiləri də idarə etməkdə o qədər çətinlik
çəkmirlər.
O ki, qaldı axırıncı kəsim, onların gündəlik təlabat ödənirsə,
necə deyərlər uşaqları və özü ac qalmırsa, demək ki, problem
yoxdur.
Bu iki son kəsim üçün kişi daha bank hesabıdır…
Biz adətən cəmiyyəti, kişiləri günahlandırıb olduğumuz durumdan
onları şikayətçi tutub bununla da məsuliyyəti boynumuzdan atmağa
çalışırıq. Amma əsas məsuliyyət elə bizim öz üzərimizə düşür.
Açğını deyim ki, Azərbaycan qadınına uzun müddətdir ki,
sırınmağa çalışılan əxlaq azadlığının nəticələrini izlədikcə mən
daha çox məsuliyyətin birinci kəsimin üzərinə düşdüyünü düşünürəm.
Bu kəsim məncə özünü cəmiyyətdə möhkələndirə və sübut edirsə, necə
deyərlər ayağını yerə bərk basarsa, qadınlarımız daha layiqli
şəkildə təmsil olunmaq şansını qazana bilər.
Əgər biz inkişaf edən dünyanın bir parçası olmaq istəyiriksə,
qadınların istismar obyekti, kişilərin bank hesabına çevrilməsini
istəmiriksə, bir-birimizə münasibətimizi dəyişməliyik. Əks halda,
hər iki çinsin nümayəndələri bir-birinə sayğısını və güvənini
itirmiş vəziyyətdə yola davam etməli olacaq ki, artıq bunun
simptomları görünməkdədir.