Krımda keçirilən referendumun nəticələri bəlli oldu.
Əhalinin 97 faizi Rusiyanı seçdi. Təbii ki, əhalinin təqribən 60
faizi ruslardan ibarət olan Krımdan belə bir nəticənin ortaya
çıxacağı gözlənilən idi.
Çünki rusların Rusiya ilə birgə yaşamaq istəməsindən təbii heç
nə ola bilməz. Amma oradakı tatarların da Ukraynanın tərkibində
yaşamağı arzu etməsi bir o qədər təbiidir və harada rus əhalisi
varsa, oradakıların "hüquqlarını qoruyuram" deyib referendum
keçirən, hərbi müdaxilə edən Rusiyanın özündə azlıqda olan xalqları
görəsən kim müdafiə edəcək?
Referendumdan sonra ABŞ prezidenti Barak Obama da bunun Rusiyaya
baha başa gələcəyini deyərək sözün həqiqi mənasından Putini
hədələyib.
Bu hədənin hansı şəkildə və nə formada üz çıxacağını gözləmək
lazım gələcək. Çünki Rusiyanın referendum komediyasının ardından
Ukraynada yaratdığı dramın davam etməsi onu deməyə əsas verir ki,
hələ uzun müddət bu teatr səhnəsinin pərdələri salınmayacaq.
Qərb baş verənlərə qarşılıq olaraq hələ hədə dolu sözlərdən real
hərəkətə keçmədiyindən Rusiya daha da möhkəmlənmiş görünür. Hətta
"Rusiya1" telekanalının aparıcısı, öz siyasi görüşləri ilə Kremlə
yaxın olan Dmitri Kisilyovun ABŞ-ı nüvə silahı ilə hədələməsinə
qədər gedib çıxan polemikaların bundan sonra hansı məcrada davam
edəcəyini təxmin etmək o qədər də çətin deyil.
Əslində, indiyə qədər baş verənlərin fonunda Qərb sözdə
Ukraynanın yanında olduğunu deməklə, Rusiya isə işğal edib Krimı
Ukraynadan qoparmaqla məşğul olub. Bəs bundan sonra hadisələrin
gedişində nələr dəyişə bilər?
Bundan sonra təbii ki, sual ondan ibarət olmamalıdır ki, Rusiya
Krımı işğal edəcək, ya yox?! Rusiya qabalıqla istənilən yerdə
istədiyini edə bilər. Məsələ ondadır ki, Krımın işğalının
nəticələrini Rusiya qarşılaya biləcək, ya yox?!
Krım ətrafında baş verənlər artıq özünün ən kritik mərhələsinə
girib. İndiyə qədər dayanmaq bilməyən Rusiya bundan sonra, türklər
demiş, baş verənlərin bədəlini necə ödəyəcək?
Qərb təbii ki, dediyi sözlərin boş yerdə qalması qarşılığında
Rusiyanın həmişəki kimi jandarm rolunu daha da qüvvətləndirəcəyini
bildiyindən bu ölkəyə qarşı birləşəcək. Əks halda, Qərb bu bölgədə
söz sahibliyini itirib bütün ipləri Rusiyanın əlinə vermiş
olardı.
Rusiyanı nə gözləyir?
Ölkəyə gələn maliyyə axını dayanacaq, xarici ölkələrlə ticarət
əlaqələri səngiyəcək. Bu isə Rusiyanın iqtisadi çöküşünə səbəb
olacaq ki, yaxın tarixdə biz bu təcrid olunma nəticəsində İranın
necə geri çəkildiyinin şahidi olduqsa, Rusiyanın da geri
çəkiləcəyinin şahidi olacağıq.
Yuxarıda adını çəkdiyimiz aparıcı "kimsə Rusiyanı Böyük
Səkkizlikdən çıxarmağa cəsarət edə bilməz" deməsinə rəğmən, bu
qurumun Rusiyada keçirilməsi nəzərdə tutulan toplantısı təxirə
salınıb və bundan sonra ekrandan səsləndirilən hikkə dolu hədəyə
rəğmən, Rusiyanın Böyük Səkkizlikdən kənarlaşdırılması da real
görünür.
Bu baxımdan qəti demək olar ki, Jirinovski 16 martı bayram elan
etməkdə tələsib.