Mart ayının 16-da Bakıda "Miraj" adlı restoranda
PKK-çılar Novruz bayramı şənliyi keçirib. Mətbuatda gedən
fotolardan da bəlli olur ki, salonun ön səhnəsində Azərbaycan
bayrağı ilə qondarma Kürdistanın bayrağı asılıb.
Gəlin bir anlığa xəyali olaraq Türkiyəyə, orda olan salonlardan
birinə gedək və təsəvvür edək ki, həmin salonda ermənlər bayram
edib. Türkiyənin bayrağı ilə yanaşı, qondarma "Qarabağ
respublikası"nın bayrağını asıb. Belə bir foto və məlumat burda
yayınlanarsa, dərhal "vətən, millət, sakarya" deyənlər bunu az qala
Türkiyənin Ermənistan siyasətinin tərkib hissəsi kimi qələmə verib
nə gəldi yazacaqlar.
Əgər xatırlayırsınızsa, illər öncə Türkiyə-Ermənistan futbol
komandalarının qarşılaşdığı oyunda Türkiyə prezidenti Abdulla Güllə
yarışı seyr edən Serj Sərkisyanın oturduğu hündür kürsü belə
Azərbaycanda söz-söhbətə səbəb olmuşdu. Düşmənimizi belə gözəl
qarşıladıqlarına görə Türkiyə siyasiləri tənqidə məruz
qalmışdı.
Bu, bizim Türkiyədən gözləntilərimiz, ümidlərimizin qarşılığında
göstərdiyimiz təpki idi. Ən xırda detalı belə güzəştə getmək
istəmirik.
Yaxşı bəs, Bakının mərkəzində yerləşən və orda olan insanların,
salonun sahibindən tutmuş qulluq edənlərə qədər hamının nə baş
verdiyini anladığı bir məclisdə baş verənlərə, orda Kürdistanın
bayrağının asılmasına niyə ən azından salonun sahibindən etiraz
gəlmədi?
Orda baş verənləri mətbuata məhz orda işləyənlərdən biri ötürüb.
Demək, bu olanların məlumat yükü olduğunu anlayıb. Amma hamı da
susub, PKK-çıya xidmət edib, onun qarşısına qab aparıb, qab
gətirib. O kəsə ki, Türkiyədə sabah Azərbaycanın başına bir bəla
gələrsə, döyüşəcək, bizi qoruya biləcək məhmətçiyə güllə atıb onu
şəhid edir.
Bu, necə olur, bəlkə bir gün başqa bir sarayın, ya da elə adı
çəkilən "Miraj"ın rəhbərliyi də Qarabağı müstəqil respublika kimi
təmsil edənlərin bayram etməsinə izn verəcək ki, mən siyasətə
qarışmıram?!
Biz artıq buna da hazır olaq bəlkə?!
Məgər belə bir həssas mövzunu anlamaq üçün siyasətə qarışmaq
lazımdır ki?
Yox, sadəcə, vətəndaş olmaq lazımdır!
Son dövrlər Azərbaycanda nurçuların az qala dövlətin içinə
sızmasından bəhs edən yüzlərlə məlumat oxuduq. Nurçulara bağlı olan
insanların Azərbaycanda yüksək post tutması, Milli Məclisdə onlarla
deputatın onlardan maaş alması ilə bağlı məlumatların ortalarda
dolaşması onu deməyə əsas verir ki, Azərbaycanda nələrsə yolunda
getmir. Dövlətin içinə sızmış, Bakıdan Fətullah Gülənə gedən
məktublarda "öz adamları" kimi təqdim etdikləri insanların yüksək
dövlət postlarında işləmələri, yüzlərlə tələbəni xaricdə dövlət
hesabına oxutdurmaları bizi düşünməyə niyə vadar etmir?
Ya da bəlkə nurçuların bu qədər geniş miqyasda dövlət içinə
sızmasını izlədikdən sonra Bakıda bir sarayda da PPK-çının hərbi
paltarda heç nədən və kimsədən çəkinmədən şəkil çəkdirməsinə də o
qədər təəccüblənməməliyik?!