Son dönəm Ukrayna və Rusiya arasından baş verən
hadisələr sonra görünür ki, Rusiyanın onsuz da həmişə yaxşı olan
iştahası daha da artıb. Bütün postsovet məkanına daxil olan
respublikaların hər birinə müxtəlif yollarla mesajlar verməyə
çalışan Rusiya sanki bununla təkcə bu bölgəyə deyil, həm də bütün
dünyaya demək istəyir ki, istəsəm, buraları cəhənnəmə çevirə
bilərəm. Hətta məsələ o yerə çatıb ki, yaranan gərginlikdən sonra
Avropada bütünlükdə sakitliyin pozulacağı əndişələri
artmaqdadır.
Bir qədər əvvəl Moldova ilə bağlı, daha doğrusu, orda yaşayan
qaqauzlardan istifadə etməyə çalısan Rusiya indi də Qazaxistanla
bağlı suyu bulandırmaq istəyir. Belə ki, keçən gün Rusiyanın
Xakasiya vilayəti parlamentinin sədri Vladimir Stiqaşev mediaya
açıqlamasında bildirib ki, Qazaxıstan torpaqlarının bir hissəsi
Rusiyanın ərazisidir və bu yerlərdə yaşayan insanlar öz talelərini
həll etmək üçün Rusiyaya müraciət edə bilərlər.
Tək Baltikyanı respublikalardan başqa bütün keçmiş sovet
respublikaları bu və ya digər formada təhdid olunur. Amma Rusiya öz
daxilindəki müxtəlif xalqların olduğunu unudur deyəsən? Yaxşı, bəs
bir gün Rusiyanın tərkibindəki xalqlarda hansısa başqa bir ölkənin
tərkibinə keçmək istəsələr, elə onlarin da müraciət etməsi məsələni
həll edirmi?
Xalqların azad yaşamaq istəyini qətl edən Rusiya bu qədər
xalqların istəyinə və harda, necə yaşamasına fikir verən, hörmət
qoyandırsa, niyə çeçenlərin müstəqillik arzusuna məhəl qoymayıb bir
xalqı az qala soyqırıma məruz qoydu?!
Hansı ölkənin ərazisində beş-on rus yaşayırsa, onların guya
tapdanmış hüquqlarının müdafiəsi üçün oranı işğal edən Rusiya niyə
öz daxilidə olan digər xalqların hüququnu tanımır?!
Təbii ki, bu suallar qeyri-peşəkar səslənir. Çünki Rusiyanın
parçalanması, orda yaşayan xalqların hər birinin azad ölkəyə
çevrilməsi indiki halda real deyil.
Amma bütün olanlara qarşılıq Rusiyanın daxilində də
narazılıqların başlaması və ya başladılması da realdır.
Azərbaycanla bağlı da Rusiya sakit durmuş deyil. Qazaxıstan
fikirlərinin ardından Azərbaycan haqqında da qəribə bir fikir
səsləndirildi. Dağıstandan olan politoloq Xancan Qurbanov
Azərbaycanın parçalanmasının, federasiya dövlətinə çevrilməsinin
burda yaşayan digər xalqlar üçün yararlı olacağını deyib. Əslində,
hansısa bir politoloqun səsləndirdiyi fikrin arxasında heç də bir
şəxsin gəlişigözəl sözləri və ya qeyri-ciddi açıqlaması durmur.
Rusiya bununla Azərbaycana şimal sərhədlərində problem yarada
biləcəyi ilə bağlı mesaj vermək istəyir.
Dünən gecə isə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank
və zirehli texnikasının Ermənistanın Gorus bölgəsinin Karaşen
yaşayış məntəqəsinə gətirildiyi bildirilir. Bu da o demədir ki, Rus
tankları Laçının bir addımlığındadır.
Bu da bir şantajdır, yoxsa doğrudan da Rusiya Qarabağda
müharibəyə başlayıb onu tam olaraq nəzarətə götürə bilər?!
İndiki halda bu, real görünmür. Rusiya hər nə qədər imperiya
maraqlarının təmin olunması üçün hər şey etməyə hazırdırsa da, yeni
bir konfliktin yaranmasında maraqlı deyil. Rusiya düşdüyü durumu
deyəsən anlamağa başlayıb. Tələsik qərarla Krımı işğal edən Rusiya
prezidenti artıq Avropa dövlətlərinin nazirlərinə müraciət edərək
yaranan problemlə bağlı müzakirələrin aparılması təklifi ilə çıxış
edib. Bu da o deməkdir ki, artıq Putin və onun siyasətbazları öz
hikkələri ilə ölkəni saldıqları durumun fərqinə varmağa
başlayıblar.