Adətən dünyadakı hadisələr, siyasi böhranlar, savaşlar
və ya gərginliklər baş xəbər olur. Hansı ölkədə siyasi gərginliklər
var, harda daxili müharibələr gedir, hansı ölkə başqa bir ölkənin
torpağını işğal etdi...
Gündəm bunlarla dəyişir, insanlar hər gün əlinə aldığı qəzetdə,
kompüterini açıb oxuduğu xəbərlərdə ən çox bunlara diqqət edir.
Doğurdan da siyasi aləmdə yaşanan hadisələrin yanında Bakıdakı
ağacların qırılması axı elə də əhəmiyyətli xəbər deyil. Bəlkə
də...
Amma düşünəndə ki, bu ağaclar məhvi təkcə ağac qırılması ilə
qalmır, təkcə estetik məsələ deyil, birbaşa bizim səhhətimizin, ağ
ciyərlərimizin qətlidir, onda mənzərə dəyişir. Məsələ ondadır ki,
Bakının tozlu və boğuq havasından əziyyət çəkən insanı hələ də bu
ağacların qırılmasını özünə, səhhətinə qarşı bir əməl kimi
dəyərləndirmir, ya da bunu düşünüb, başını dərdə salmaq
istəmir.
Bakıda oksigen normadan 28% aşağıdır. Çirklənməsi yuxarı olan bu
şəhərdə, əslində, ağac olmaq işgəncədir, çünki Bakıda öz rəngini
qoruyub saxlayan, şux yaşıl rəngdə gözə dəyən ağacı olsa-olsa ancaq
Mərdəkan tərəflərdə görmək olar. Yadımdadır, yaxında Xırdalan
tərəflərə düşdü yolum... Yol kənarında olan ağacların rənginə
baxanda adamın canı sıxılır. Yaşıllıqdan əsər yoxdur, xəstə
görünüşlü, tozdan boz rəng almış ağacların halı normal düşünə bilən
birinin ürəyini ağrıdır. Yol kənarlarının qaydaya salınmaması,
tıxacda maşınların bu tozlu yol kənarına çıxması, ya da küləkli
havada toz-dumanın aləmi başına götürməsi Bakıdakı ağacların
bəxtinə "boz" bağlayıb.
Bir necə həftə bundan əvvəl Botanika bağında ağacların qırılması
ilə bağlı xəbərlər gəldi. Bu günsə bəlli oldu ki, az əvvəl xaricdən
baha qiymətə gətirilib əkilən Bakı bulvarındakı ağaclara da, necə
deyərlər, əl gəzdirilib. Daha sonra Bakı-Sumqayıt yolunda olan
ağacların kəsilməsi ilə bağlı video yayıldı. Maraqlıdır, yaxşıca
pul ödənib xaricdən gətirilmiş, kimsəyə lazım olmayan əliaçıqlıqla
Bakı bulvarını bahalı ağaclarla bəzəyib sonra da o ağacları
kəsməkdən hansı məntiqi nəticə çıxarmaq olar?! Təbii ki, ilk ağıla
gələn o olur ki, yenisini əkəcəklər... Bunun da adı nədir, buna nə
əməliyyatı deyilir?..
Aldığın ağacı başqa bir yerdə ək də!
Qəribədir ki, Bakı ətrafına da çıxırsan, yol boyu ağaclar
əkilir. Hətta Mehdiabad qəsəbəsinə gedən yolun neftlə kirlənmiş
torpaqlar olmasına baxmayaraq, orda da belə ağac əkiblər. Nə
deyəsən, əhsən! Amma deyə bilmirsən. Çünki bu əkilən ağacın da
taleyinə kəsilib atılmaq düşür.
Əgər bu ağaclar yaşıllaşdırma niyyəti ilə əkilirsə, niyə
xaricdən – Azərbaycan təbiətinə uyğun olmayan bahalı ağaclar
gətirilir? Niyə öz ağaclarımız becərilmir?
Son Türkiyə səfərimdə yol boyu olan meşə zolağında köhnəlib
qırılan ağacların yerinə yenisinin əkilməsinə diqqət etdim. Yeni
ağaclar bizdəki kimi taleyin axarına buraxılmır. Külək onları əyib
yöndəmsiz, estetik baxımdan ürək sıxan hala gətirməsin deyə,
məftillərlə sarılır. Bizdəsə Bakının belə küləkli olmasın
baxmayaraq, əkilən nazik ağaclar küləyin qarşısında buraxılır,
suvarılmır. Allahın yazığı gəlib yanmayan ağac da öz görkəmi,
yöndəmsiz, qozbel halı ilə adamın ürəyini sıxmadan başqa heç nəyə
yaramır…