Cəbhədə yaşanan son gərginlik və itkilərimiz hər kəsi
narahat etsə də, Prezident İlham Əliyevin uzun müddətdən bu yana
təkrar etdiyi bir xəbərdarlığın həqiqət olduğunu ortaya qoydu –
bölgədə olan atəşkəs çox həssasdır və ona lazımi diqqət
yetirilməsə, bu konflikt daim isti bir fazaya keçərək regionda
müharibəni yenidən alovlandıra bilər.
Prezidentimizin də qeyd etdiyi kimi, nəticəsiz danışıqlar sülhə
gətirməyəcək, regionda sabitliyin qorunmasını təmin etməyəcəkdir.
Bunun başlıca səbəbi isə ATƏT-in Minsk Qrupu tərəfindən 20 il davam
edən qeyri-effektiv və mənasız danışıqlardır. Əslində, sizdən üzr
istəyərək ifadəmi düzəldəcəm – bu, ATƏT tərəfindən yox, Rusiyanın
idarəçiliyi və Qərbin təhkim olunması ilə yürüdülən mənasız
danışıqlardır. İkili standartlar, milli maraqlar, lobbilərin
təsirlərini, xalqların müqəddəratı prinsiplərini bilirik və nəzərə
alırıq. Bəs necə olur ki, Dağlıq Qarabağ xaricində də işğal edilmiş
torpaqların adını dəyişən, oranı talayan, ora erməniləri
yerləşdirən Ermənistan dövlətinə Rusiya-Qərb kulisləri "tərəfsiz",
"dinç" formada yanaşır? Ukrayna məsələsində ortaya qoyulan mövqe
Qarabağ məsələsində niyə ortaya qoyulmur?
Tarixən türklərin torpaqlarında yaradılmış bir erməni dövləti
necə olur ki, həyasızlıqla başqalarının ərazisini tutub mənimsəyir,
bu bəs etmirmiş kimi, bir də atəşkəs rejimini pozaraq əsgər və
mülki əhalimizi öldürür?
KİV-lərdə bu gün yenə Fransa hökumətinin utanmaz bəyanatı
səslənirdi: "Dağlıq Qarabağ məsələsinin sülh yolundan başqa həll
yolu yoxdur". Sülh yolu ilə həll edə bilirsinizsə, edin,
bacarmırsınızsa, onda bizə dərs keçməyin. Nədənsə Fransa işğal
edilmiş ərazilər haqda olan 4 BMT qətnaməsini heç yada da salmadı;
onlara görə işğalcı ara- sıra diversiya aktları törədərək
Azərbaycan vətəndaşlarını qətlə yetirə bilər və uzanan danışıqlar
prosessində bu cəzasız qalmalıdır.
Görsənən budur ki, Prezident İlham Əliyevin səsləndirdiyi lazımı
an gəldi və o anı gətirən də məhz elə bu erməni qudurğanlığı
oldu.
Rusiyanın mövqeyi başa düşüləndir, lakin BMT Baş katibinin, AB
vitse-prezidentinin, ABŞ Dövlət Departamenti sözcüsünün "tərəfləri
atəşkəsə riayət etməyə səsləmələri" növbəti riyakarlıqdan başqa bir
şey deyildir və onu göstərir ki, əhalisi 3 milyon ətrafında olan və
gələcəkdə Qafqazdakı varlığı şübhə altına düşən Ermənistanın ağlını
başına alması vaxtı çoxdan gəlib, keçib də. Bu da ancaq erməni
xalqının ciddi itkilərə məruz qoyularaq reallaşdırıla bilər.
Erməni xalqı əyər cinayətkar Sarkisyan hökumətinin arxasında
durursa, işğal edilmiş əraziləri boşaltmırsa, deməli, bunun
bədəlini ödəməlidir ki, mövcud fikrini nəzərdən keçirsin.
Gələk Rusiyanın Soçi görüşü təklifinə. Hələ ki, heç bir tərəf
bunu qəbul etdiyini açıqça bildirməyib, amma bu görüşün baş tutma
ehtimalı var, bununla belə, bu görüş top atışlarının fonunda
keçəcək. Bu, Azərbaycanın protestidir, illərcə sürən nəticəsiz
danışıqlara və erməni qudurğanlıqlarına olan etirazdır. Rusiya isə
yaranmış vəziyyətdən başqa cür istifadə etmək istəyir. Bu məsələdə
Rusiyanın 2 məqsədi var: birincisi, Azərbaycanı Avrasiya İqtisadi
İttifaqına yaxınlaşdırmaq, ikincisi isə Dağlıq Qarabağda öz
sülhməramlılarını yerləşdirməkdir.
Böyük ehtimalla, heç birinə də nail ola bilməyəcəkdir. Prezident
İlham Əliyev isə bu görüşə əliboş getməyəcəkdir, çünki o bilir ki,
bu görüşə nailiyyətsiz getməyin Azərbaycan üçün bir faydası
olmayacaqdır. Bu səbəblə yaxın günlərdə cəbhə xəttində
uğurlarımızın olması gözləniləndir. Onsuz da elə bu günlərdə
Ermənistan tərəfinə canlı güvvələr baxımından vurulan itkilər
müəyyən bir nailiyyətdir.
Amma əsas nailiyyətlər hər halda müəyyən ərazilərin geri
qaytarılması olacaqdır.