"Salam xanım. Sizi
klinikadan narahat edirəm. Bizdə çox gözəl endirim kampaniyası var.
Sizin də nömrəniz şanslı nömrələr sırasına düşüb. Sizi təbrik
edirəm. İstərdim ki, klinikamıza gəlib burdakı kosmetoloji
xidmətlərdən istifadə edəsiz. Sizin üçün çox faydalı olacaq" və s.
və ilaxır.
Yəqin siz də belə zənglərə tuş gəlmisiz, tanımadığınız mobil
nömrələrdən zəng qəbul etmisiz. Bu zaman ya səhvən sizə zəng
vurduqları, ya da tanıdığınız adamın yeni nömrədən sizi aradığı
məlum olub. Amma son vaxtlar naməlum nömrələrdən daxil olan zənglər
vətəndaşları daha çox təəccübləndirir. Zəng vuran gözəl səsli
xanımlar çalışdıqları müəssisənin xidmətlərini təqdim edir və hər
hansı kampaniya barədə məlumat verirlər. Bu "xidmətlər" yay
aylarında daha da fəallaşıblar. Mən onların təşəbbüsündə pis bir
məqam görmürəm və məlumatı yaymağın bir vasitəsi kimi qəbul edirəm.
Amma sözümün canı var.
Son iki ayda mən üç belə zəng qəbul etmişəm. İlk olaraq "Atlas"
Tibb Mərkəzindən arayan xanım bir həftə ərzində burada ginekoloji,
endokriniloji, pediatrik müayinələrə endirim edildiyini dedi. Və
məni də bu kampaniyaya qoşulmağa dəvət etdi. Əlbəttə, həkim
müayinəsinə ehtiyacı olan adam belə fürsəti mütləq
dəyərləndirməlidi. Həm də endirim olunanda bu lap əla. Ancaq
razılaşdıqdan sonra xanım təkid edir ki, mütləq qeydiyyatdan keçin.
Sonra da hər gün zəng edib əlavə suallarla adamı yorur.
Bu günlərdə isə "VİP Həyat" MMC-dən zəng edən xanım pulsuz
kosmetoloji xidmət göstərdiklərini bildirdi. Və mənim də nömrəmin
"şanslılar" sırasına düşdüyünü bildirdi.
Ev telefonumuza gələn zəng isə daha maraqlı idi. Zəng vuran bu
dəfə kişi oldu və yəqin elə buna görə evin kişisini soruşdu. Mən də
tez dəstəyi təsadüfdən həmin saatda evdə olan yoldaşıma uzadıb
mətbəxə keçdim. Çox keçmədi ki, yoldaşımın səsinə geri
qayıtdım:
"Bu işlərlə qadınlar məşğul olur. Mənim qab-qacaqdan başım
çıxmır. Al xanımla danış".
Necə deyərlər, sevincim gözümdə qaldı. Və uzun-uzadı reklam
məlumatlarını yenə də mən dinləməyə məcbur oldum. Bilmirəm, bəlkə
mobil operotorların kişi müştərilərinə də bu cür zənglər gəlir.
Yəqin ki, onlar üçün də belə "xidmətlər" mövcuddur, sadəcə, mən
rast gəlməmişəm. Amma hər dəfə bu kampaniyaların belə bayağı
formada, insanı oturduğu yerdə narahat etməsindən çox, məni bir
sual düşündürür. Görəsən bizim ev və ya mobil nömrələrimizi necə
əldə edir, hətta "şanslı" kimi digərlərindən seçirlər? Bu, xidmət
operatorlarının müqavilələrdə göstərilən məxfilik prinsiplərinə
xəyanət etməsidir, yoxsa başqa nüanslar var?
Qaydalara əsasən, nömrə alarkən bu, fərdi məhsul sayılır və
yalnız öz razılığımızla onu tanıdığımız, yaxın bildiyimiz adamlara
verməliyik. Və hamı da belə edir. Bəs bizim xəbərimiz olmadan mobil
və ya ev nömrələrimiz klinikaların, ayrı-ayrı firmaların
menecerlərinə necə gedib çıxır?
Məncə, bu barədə düşünməyə dəyər. Belə anlaşılır ki, insanların
şəxsi həyatı o qədər də güvəndə deyil. Xüsusilə mobil operatorlar
bu məsələdə öhdəsinə düzən vəzifəni yerinə yetirməkdən çox, qazanc
əldə etməyi düşünür.
Uzaqdan tanıdığım bir nəfərin rastlaşdığı hadisə isə lap
qəribədi. Nazlı xanım anasının adına olan nömrə ilə "Azercell"
şirkətinin xidmətindən istifadə edir. Günlərin birində bir nəfərlə
aralarında şəxsi zəmində mübahisə yaranır və həmin adam onun
telefon danışıqlarını çıxararaq narazı qaldığı məqamları sübut
edəcəyini deyir. Nazlı xanım da düşünür ki, qanunla özünə məxsus
nömrəyə aid məlumatları yalnız özü əldə edə bilər. Ona görə də
arxayın işi ilə məşğul olur. Və bir gün həmin adam qovluqda
Nazlının telefon danışıqlarını özünə təqdim edir. Bizim kimi Nazlı
da bu hadisəni təəccüblə qarşılayır. Deməli, mobil operatorlar
şəxsi məlumatları kənar şəxslərə də verə bilirlər. Təbii ki,
nəyinsə müqabilində. Nazlı xanım hazırda bu məsələni məhkəmədə
araşdırmaqla məşğuldur. Oturduğu yerdə çətin işə düşmək belə
olar.
Guya güvənli bilib həyatımıza daxil etdiyimiz mobil nömrələr həm
də bizə ciddi problemlər yaşadır. Məncə, hüquq-mühafizə orqanları
operatorların işinə nəzarəti gücləndirməlidir. Çünki insanların
şəxsi həyatına müdaxilə yolverilməzdir.