Son illərdə Səhiyyə Nazirliyi orta məktəbləri təcrübə
meydanına çevirib. Uşaqlara heç bir tibbi müayindən keçmədən
məcburi qaydada peyvənd vurulması barədə çox yazılıb. Ölümlə
nəticələnən halların olmasına baxmayaraq, bu prosesdə heç bir
yenilik edilmədi.
Ötən il icbari dispanserizasiya adı altında kampaniya xarakterli
yoxlamalarda həkimlərin uşaqları başlarından eləməsini hamımız
gördük. Həmin kampaniyanın nəticələri, aşkarlanan xəstəliklərin
statistikası barədə məlumatlar çox xəsisliklə mediaya verilirdi.
Açıqlanan informasiya isə ümumi rəqəmlərdən o yana getmədi.
Bu il isə məktəblərdə qurd xəstəliklərinə qarşı "mübarizəyə"
start veriblər. Bu dəfə uşaqlara həb formasında dərman
verəcəklərini elan ediblər. Səhiyyə rəsmilərinin dediyinə görə, bu
tədbir ötən il aparılan dispanserizasiyanın davamıdır. Yəni, həmin
yoxlamalar zamanı məktəblilərin çoxunda qurd invaziyalarının olduğu
aşkarlanıb. Həkimlər də onu müalicə etmək üçün məhz məktəblərdə
dərman paylamağa qərar veriblər. Bəs bu xəbər niyə indi
açıqlanır?
İlk baxışda qayğıkeşlik və uşaqların sağlamlığına diqqət
nümunəsi kimi görünən bu proses, əslində, dərman alverindən başqa
bir şey deyil. Mən bunu qurdlarla illərdir mücadilə edən valideyn
kimi deyirəm. Təcrübə göstərdi ki, ən müasir metodlar və ən son
preparatlar belə, insan bədənindəki qurd yumurtalarının kökünü
kəsməyə qadir deyil. Həm də bu xəstəlik yoluxucu olduğundan eyni
zamanda ailə üzvlərinin hamısı müalicə almalıdır. Əks halda,
uşaqların qorunması mümkün olmur.
Bu problemi həkimlər, elmi araşdırmaçılar daha yaxşı bilirlər.
Belə bir şəraitdə səhiyyə sisteminə rəhbərlik edən məsul şəxslər
cəmi bir həblə nəyəsə nail olacaqlarına özləri inanırlarmı? Şəxsən
mən inanmıram. Ona görə də bu kampaniyadan imtina etdim. Və tanıyıb
bildiyim analara da bunu tövsiyə etdim.
Digər tərəfdən, üzərində heç bir yazısı, istifadə qaydası, əks
təsirləri barədə məlumat olmayan bir həbi uşağa vermək onun həyatı
ilə oynamaq deməkdir. Məsuliyyətdən yayınmaq istəyən məktəb
rəhbərləri isə uşaqlara tapşırırlar ki, dərmanları şənbə-bazar
günləri evdə olanda içsinlər. Görəsən həmin müəllimlər bunu öz
balalarına rəva görərlərmi?
Ciddi yoxlama aparılmaması bir yana, mənşəyi məlum olmayan
dərmanın məktəbli körpələrə bu formada paylanılması sadəcə
məsuliyyətsizlikdi. Uşaqların taleyinə bu qədər biganə münasibət
onsuz da reytinqi aşağı olan səhiyyəmizə daha bir zərbə vurur.