Yuxarı

İrəvan göz yaşlarına inanmır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan göz yaşlarına inanmır

Ermənistanda ümumxalq matəmi elan olunmasa da, üç zabitin dəfn mərasimi dövlətin növbəti siyasi layihəsinin baş planına çevrildi. 12 noyabrdan bu yana cəmiyyətdə hökm sürən xof və qorxunu, xüsusilə də erməni milləti üçün xarakterik olan ruh düşkünlüyünü aradan qaldırmaq üçün hakimiyyət texnoloqları var gücü ilə çalışdılar.

Soyqırım ideologiyasını dövlət quruculuğunun təməl daşına çevirənlərdən başqa əməl gözləmək də sadəlövhlük olardı. Vaxtilə erməni patriarxı Vazgenin dediyi kimi, bir ölmüş erməni beş sağ həmvətənindən daha qiymətli hesab olunduğundan, düşmən əleyhinə propoqandaya yarayan belə qiymətli itkiləri sakitcə torpağa tapşırmaq böyük cinayət və tarixi səhv olardı. İndi tam əminliklə söyləmək olar ki, vertolyot qəzası müharibə tərəfdarlarının daha da fəallaşmasına səbəb olacaq. Lakin bundan öncə gərək hazırkı iqtidardan narazılığı dəf edəsən, halbuki real vəziyyət tamam başqa cürdür. İqtidara nifrət o qədər güclüdür ki, Ermənistan elitasını yığıb üç tabut qarşısında müntəzir dayandırmaqla ictimai mühakimədən qurtulmaq və milli birlik yaratmaq müşkül məsələdir.

İlk baxışda, vertoloyotun vurulması ilə həyatını itirmiş şəxslərin Surb-Sarkis kilsəsindən son mənzilə yola salınmasında qəribə heç nə yoxdur. Bunu etiqaq etdikləri parfiyalı müqəddəs Qriqoryanın xristianlıq ənənələri onlardan tələb edir. Lakin zabit mundiri və silahlı qüvvələrin şərəfi naminə istənilən ölkədə keçirilən belə dəfn törənləri hərbi akademiyalardan, yaxud dövlətin titullu salonlarından baş verərdi. İndi isə Sərkisyan rejimi onun fərqindədir ki, kilsə yenə də xalqın səfərbərliyində rol oynamasa və mənəvi sarsıntıların mülacəsi ilə məşğul olmasa, nəinki onun taxt-tacının dayaqları sarsılacaq, eləcə də cəmiyyətdəki parçalanmanın dərinləşməsi nəticəsində dövlət-vətəndaş qarşıdurması qaçılmaz olacaqdır.

Hətta Eçmiədzin kilsəsi belə hazırkı şəraitdə üç zabitin tabutunu Azərbycana nifrətin simvoluna çevirə bilmir. Halbuki keçmişdə yüz minlərlə insanı ayağa qaldıraraq coşmuş millətçilik hissinin fonunda belə cansız cəsədlərin ruhi qüvvəsindən yetərincə bəhrələnərdilər. Bu dəfə isə mərasimə toplaşan və kədər içərisində göz yaşlarını axıdan insanlar qəlblərində bir ayrı havaya kökləniblər. O solğun çöhrələrə diqqətlə baxın: sanki 1-ci Qarabağ savaşını udan bunlar deyil. Əsil həqiqətdə də dövlətə başçılıq edənlərin yad ünsürə çevrilməsinin nəticəsidir ki, xalq özünü onlardan ayrı tutur və aşağı dikdiyi başıyla təkcə hüznlü duyğularını gizlətmir, həm də rəhbərlərinin simasız varlığına baxmaq istəmir.

Artıq həqiqətləri gizlətmək mümkün deyil və Qarabağın ermənilər üçün "ölüm düşərgəsi"ndən başqa bir yer olmadığını, nə qədər müqəddəs epopeyalar uydurulsa da, çırağı sönən minlərlə ailənin nakam həyatına səbəb olmuş müharibəni durdurmaqdan başqa çarələrinin qalmadığını hər kəs yaxşı başa düşür. Tribunada yaralı ayağı ilə intiqama səsləyən Seyran Ohanyan da fərqindədir ki, bu xalq 20 il əvvəlki deyil və "qana-qan" çağırışına səs verən bir ovuc korrupsionerin itirilmiş ictimai siması, saxta yasçılığı və vətənpərvər nekroloqları qəbirlərdə uyuyan oğulları geri qaytarmaq imkanında deyil. Qarabağdan qazananları hamı yaxşı görür, tanıyır və belələrinin erməni analarının əlindən aldıqları övladlarını tikə-tikə parçalayıb və bir süfrəyə büküb onlara qaytarmağının intiqamı çox sərt olacaq. Axı müharibəni udmuş tərəfin gerçək yaşantıları bu olmamalıydı.

Cəmiyyətin sosial psixologiyası elə qurulub ki, bir uğur hadisəsi baş verəndə bütün pisliklər müvəqqəti unudulur, yalnız yaxşıları görmək meyli artır və nailiyyətlər qabardılır. İndi isə Ermənistanda 90-cı illər Azərbaycanının ab-havası hökm sürür. Qarakənd səmasında vurulan helikopterdən sonra siyasi elitasının sayılıb-seçilən oğullarını itirən bir ölkəni sonralar həmin zərbə və məğlubiyyətlər seriyası ən azı 3 il təqib edəcəkdi. Hər rayon itirildikcə azərbaycanlılar o məşum hadisəni xatırlayacaq, çarəsiz bir şəkildə qurbanlarının ən böyüyünü məhz onda verdiklərini yaxşı başa düşəcəkdilər. İndi Mi-24 sindromu ermənilərin gerçək sosial-siyasi durumununu təyin etmək üçün ən başlıca ölçü qurğusuna çevrilib. Elə isə sual olunur, "qara qutu"nu oxumağa çalışan gerizəkalılar görmürmü ki, sadə adamlar üçün öz taleləri və qaranlıq gələcəkləri onsuz da harada və kimin tərəfindən vurulduğu bəlli olan qurgunun yanmayan lentindən daha əhəmiyyətlidir.

Dedik axı, uğursuzluğun və ya məğlubiyyətin hər iki üzü qaradır. Dünənə qədər yenilməz ordularından və güclü diplomatiyalarından danışanlar görün indi nə deyirlər? Deputat Zarui Postancan tələb edir ki, Sərkisyanı cinayətlərinə görə daş-qalaq etmək və ətrafını da ona qatmaq lazımdır. Çünki Avrasiya Birliyinə üzv olmaqla bu gün vertolyot hadisəsində bütün dünyanın seyrçi qalmasına məhz o, səbəb olub. Xanım parlamentari iddia edir ki, Qərb Rusiya məsələsində tutduğu mövqeyə görə bundan sonrakı faciələrdə də Ermənistanın yanında olmayacaq.

Təcrübəli eks-diplomat Ara Papyan Dağlıq Qarabağı müstəqil dövlət kimi qəbul etdirə bilmədiklərindən Avropanın Azərbaycanın hərbi qüvvələri tərəfindən erməni texnikasına zərbə endirilməsini təbii hesab etməsini təəccüblə qarşılayanları qınayıb və güclənmiş "düşmən"in yalnız 2015-ci ilin Olimpiya oyunlarına görə gələn il müharibə etməyəcəyinə bel bağladığını dilə gətirib.

Edvard Nalbandyansa dünya turnesinə çıxıb və prezidentinin İrəvanda Avropa Birliyinə daxil olan ölkələrə məgik diplomatiya, yəni, ziyafət mərasimi ilə yapdıqlarını Xarici İşlər naziri Cenevrə mərkəzində davam etdirib. O deyib ki, Azərbaycan Minsk Qrupunu saymır və qonşu ölkənin hərbi büdcəsini son on ildə 25 dəfə artıraraq gələn il üçün 4.7 milyard dollara çatdırması ilə Cənubi Qafqazın təhlükəsizliyinə açıq təhdidə səbəb olub. Onun dilindən düşməyən "balta diplomatiyası" ifadəsi isə yəqin tezliklə helikopterin üzərinə köklənəcək. Çünki faciələrin xarakteri belədir - böyüyü gələndə kiçik itkiləri unutmalı olursan.

Dünən ermənilərin BMT-də yaydıqları bəyanatın mətni də eyni tezisləri təkraralayır. Hələ üstəlik, 2 gündür ABŞ-a səfərə çıxmış qondarma prezident Bako Saakyan da Kilikiya Apostol kilsəsi və erməni lobbisinin üzvləri ilə görüşündə dünya birliyini sərt bir şəkildə qınamaqla Azərbaycanı ciddi cəzalandımağa çağırıb.
Amma bu bəyanatlar erməni müxalifətini belə inandıracaq gücə malik deyil və belə çağırışların heç bir nəticə verməyəcəyini hakimiyyət əleydarları açıq söyləyirlər. Onların son siyasi təhlillərində qırmızı xətlə keçən tezislərdən biri budur: ermənilər özlərini ruslara təslim etməklə dünyadan təcrid olunublar və günün birində Azərbaycan ordusu erməni nəzarətində olan rayonları azad etsə, Qərb Rusiyanın hərbi-siyasi müttəfiqinə çevrilmiş Ermənistana görə bu əməliyyata seyrçi qalacaq. Üstəlik, Qafqazlarda təzədən münaqişəni alovlandırmaq məqsədi güdən Azərbaycan bununla ruslara qarşı avropalı emissarların diqtəsi ilə sən demə 2-ci cəbhə açmaq niyyəti güdürmüş. Məqsəd şimal qonşusunun qüvvələrini parçalamaqla onu Ukrayna ilə konfrontasiyada zəiflətmək və Avropa Birliyə ilə inteqrasiyaya nail olmaqdır. İddiaların absurdluğu o yana qalsın, ancaq seçilən dilin zamanında bizim ölkəmizdəki siyasi leksionlarla necə eynilik təşkil etdiyini gördünüzmü?

Bu mülahizə, giley və ittihamlardan ən maraqlsı helikopterin rusun silahı ilə vurulmasıdır. Əvvəlcə xəbərlərdə "Strela"nı qaralamışdılar. Sonra "İqla-5"i ümumxalq mühakiməsinə çıxardılar. Guya NATO buraxılşlı tankdan-topdan həyatını itirmək o qədər ağrılı deyil, nəinki müttəfiqinin gülləsindən. Bütün tarixi qələbələrini xarici dövlətlərin köməyi ilə qazanmış bir ölkənin insanlarının qafasında bu nəinki xəyanət duyğusunu gücləndirir, üstəlik, itaətsizlik üçün geniş zəmin yaradır. İndi vertolyot hadisəsindən sonra dərinləşmiş siyasi parçalanmanın səbəblərindən və küçə etirazlarındakı əsas tələblərdən birini də "Rusiyadan ayrılmaq" şüarı təşkil edir.

Nə qədər tanış səhnələrdir, deyilmi? Sən demə, adamları xoşbəxtliyinə görə eyni, bədbəxtliyinə görə fərqli sayanlar yanılırlar. Məgər o vaxtlar şəhid verərkən bizim mücərrəd və heç nəyə yaramayan dünya ictimaiyyətindən tələblərimiz elə bu cür deyildimi? Hamısı oxşar trafaret yaşantılardır. Adama elə gəlir ki, dünyanın ədalətsizliyindən danışan ermənilər, sanksiya və qətnamə tələb edən rejim rəhbərləri Azərbaycanı yalnız o vaxt təqlid etməyə başlayırlar ki, özləri ciddi itkiyə məruz qalmış olsunlar.

Ancaq dünya o göz yaşlarına necə inansın ki, ölən zabitləri Qarabağın prezidentinin əli ilə mükafatlandırıb, amma aparıb İrəvanda basdırırsan. Heç soruşan da yoxdur - İlkin Muradovun sərrast zərbəsinin yüksək qiyməti ilə müqayisədə ölən və onları gəlib daşıyanların şücaəti nədən ibarətdir? Bəlkə Qarabağda yaşayanların hamısına elə birdəfəlik "qəhrəman" statusu verələr ki, onlar Ermənistanın yüzillik tələsində girovdular!

Bir də Xankəndində hərbi hava qüvvələri mövcuddursa, onların heyət üzvləri təlim-məşq zonasında uçuşlar zamanı qətl edilibsə, o boyda məkanda dəfn yeri tapılmadığına başqalarını necə inandırasan?

Yəqin, Rusiya televiziyalarında siyasi duellərə çıxan Qərb ekspertlərini və yaxud rəsmi şəxslərini hər gün görürsünüz. Solovyov onlardan soruşur: siz "yaşıl adamlar"ın (rus hərbçilərinin) Donetskdə, Luqanskda vuruşduğunu necə sübut edirsiz? Verilən cavab əksər hallarda hansısa peyk şəkilləri, yaxud kəşfiyyat məlumatları deyil, məhz qəbiristanlqlara gətirilən hərbçilərin cəsədləri olur. Halbuki peşəkar və yüksək çekistlik qabiliyyətinə malik olan Putinlə müayisədə siyasi meyit Sərkisyanın əsgərlərini Qarabağda tapıb çıxarmaq böyük məharət tələb etmir. Cəmisi 190 milyon dollarlıq büdcəyə malik olan separatçı bölgənin hansı səviyyəli silahlı qüvvə yaradacağını hərbçi olmadan da hesablamaq mümkündür.

İndi guya Qarabağ ordusu qəhrəmanlıq və igidlik göstərib düşmənin əlindən cəsədləri alıbsa, onda Tiqranın yetirmələrini bu müqəddəs torpağa tapşırmaqdan niyə vaz keçiblər? Buna ilk növbədə erməni anaları yol verməzdilər. Ancaq hazırda ən böyük qorxunu yaşayan da məhz erməni hakimiyyətidir. Birdən Azərbaycan müharibədə taktikanı dəyişir - daha əsgərlərin atdığı atəşə qarşılıq vermir, əvəzində düşmənin hərbi obyektlərini, texnikasını, erməni zabitlərini nişangaha çevirir, onda bu zərbələrin yaratdığı iqtisadi və siyasi təsirin qarşısında necə dayanmaq olar? Axı tarixən bütün savaşları aparan ən böyük qüvvə məhz valyutalar olub. Napoleon əbəs yerə pulu 1-ci yerə qoymurdu ki!

Lakin İkinci Qarabağ savaşı başlamasa da, Sərkisyan Azərbaycan xalqının bütün istəklərini öz ölkəsində həyata keçirir. O, hərbi sərkərdə mundirini çıxarıb prezident kostyumunu geyəndən öz millətinin qəniminə çevrlib. Heç bir hökumət onun qədər bütün dünya erməniliyini belə parçalaya, milli ideyaların və xəyalların iflasına, hər il 92 min insanın ölkəni birdəfəlik tərk etməsinə, 0.8 fazilik iqtisadi artıma və yoxsulluğun 24 faizə yüksəlməsinə nail ola bilməzdi. Etiraf etmək lazımdır - ermənilərin həqiqi milli potensialı diletant liderlərinin daşıdğı keyfiyyətlərədən qat-qat yuxarıdır. Heyif ki, onun 3-cü dəfə namizədliyini irəli sürmək hüququ yoxdur. Əks halda, bir xalqa bundan böyük pislik mümkün olmazdı. Dahi Nizaminin "Bayquşların söhbəti"ndə deyildiyi kimi, nə qədər o cür şahlar var, xarabazarlıqlar və göz yaşları da bir o qədər qaçılmaz olacaq. Tarixi İrəvan buna məhkum edilib.

Ataları azərbaycanlıları qətlə yetirməkləri ilə fəxr edənlərin evlərinə indi öz övladlarının cansız bədənləri gəlir. Lakin Azərbaycan düşmən də olsa, erməni ölümlərindən zövq almır. Təkcə ona görə yox ki, rəhm hissi şərqli mədəniyyətinin ayrılmaz tərkib hissədir, həm də ona görə ki, ölüm bu dünyada insan üçün verilən ən böyük cəza deyil!

Tarix
2014.11.28 / 02:00
Müəllif
Zahid Oruc
Digər xəbərlər

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla