Nərmin orta məktəbin 3-cü sinfində oxuyur. Amma bu,
müəlliməsinin böyük zəhməti və səbri hesabına mümkün
olub.
Yəqin ki, siz də "olar getmək evə?", "dişi ağrıyır mənim" kimi
baş-ayaq cümlələrlə danışan uşaqlara tez-tez rast gəlirsiz. Həmin
uşaqlar Azərbaycan məktəblərində çox ciddi ünsiyyət problemi
yaşayırlar. Elə Nərmin kimi. Yarı rus, yarı azərbaycanca qurduğu
cümlələri sinif yoldaşları düzgün başa düşməyəndə ya ona açı cavab
verir, ya da gülüş obyektinə çevirirlər. Bunun səbəbini anlamayan
Nərmin isə bir neçə cəhddən sonra susmağa, ya da ağlamağa üstünlük
verir. Bu isə hələ 7-8 yaşı olan uşağın zəif psixologiyasında,
altşüurunda dərin mənfi izlər qoyur. Bütün bunlar gənc
valideynlərin "rusca danışmaq kübarlıq, yüksək mədənyyətdir"
düşüncəsi ilə yaşamasıdır.
Elə isə niyə rus dilində tərbiyə edib danışdırdığınız övladınızı
6 ildən sonra Azərbaycandilli məktəbə etibar edirsiz? Hələ bir
əlavə xərc çəkib uşağın ana dilini yaxşı öyrənməsini təmin etməyə
çalışırsız. Cavab çox sadədir. Özünü sevməsən, özünə hörmət
etməsən, başqaları sənə salam da verməyəcək. Bir halda ki, ana
dilimizin ifadə imkanları fikrimizi gözəl və anlaşıqlı formada
çatdırmağa imkan verir, niyə uşaqlı-böyüklü hamımız ondan
yararlanmayaq?
Bu günlərdə maraqlı bir statistika ilə rastlaşdım. Deməli,
dünyadakı 200-ə yaxın dövlətin əksəriyyəti öz ana dilində deyil,
başqasının dilində danışır, yazışır. Rəsmi dövlət dillərinin sayı
70-ə yaxındır. Azərbaycan dilinin bu azlıqda yer alması məni
qürurlandırdı. Demək ki, hələ də dünyada ana dilində danışa
bilməyən, balasını ingilisin, portagizin, ərəbin dilində danışdıran
və ona alışdıran milyonlarla ana var. Onların sırasında fərqlənmək
sizcə, gözəl hiss deyilmi?
Bu yaxınlarda ABŞ-ın ölkəmizə təyin edilən yeni səfiri Robert
Sekutanın hələ öz ölkəsindən bizə azərbaycanca səslənməsi, Bakıda
Azərbaycan dilində müsahibəsi çox sevindirici idi. Bütün dünyanın
amerikalının, ingilisin dilində danışmağa can atdığı bir dönəmdə
bir diplomatın dilimizə münasibəti bizi silkələməlidir.
Mən uşaqların xarici dilləri öyrənməsinə həmişə tərəfdar
olmuşam. Hətta buna lap kiçik yaşlardan başlamağın əhəmiyyətini
vurğulamaq lazımdı. Çünki nə qədər dil bilsən, o qədər adamsan.
Ancaq bütün dillər də, elmlər də ana dilli tərbiyə mühitində
öyrənilsə daha effektli olar. Dünyadakı bir çox xalqların (onların
sırasında Azərbaycan əsilli toplumlar da var) öz ana dillərində
danışmaqdan məhrum olmalarını nəzərə alaraq, Allahın nəsib etdiyi
xoşbəxtliyə dəyər verməliyik.