(Pritça)
Yollar sizi seçmir, siz yolları seçirsiz
O, dağlar qoynunda doğulmuşdu.
Onların kəndi dağın döşündə yerləşirdi. Elə bil, hansısa əfsanəvi
nəhəng kəndin evlərini ovcuna doldurmuş, dağın başından aşağı
buraxmışdı. Ağac budaqlarından hörülmüş, sarı palçıqla şirələnmiş
yöndəmsiz daxmalar orda-burda, yuxarılarda ilişib qalmış, çiy
kərpicdən tikilmiş böyük evlər isə aşağı sürüşmüş, dağın hər iki
tərəfindəki dərələrdən axıb kəndin ayağında birləşən iki kiçik
çayın sahillərinə qədər gəlib çatmışdı.
Burda hara baxsan meşədir, təkcə kəndin söykəndiyi dağın
başından başqa. Dağın yay-qış qarlı olan başı keçəldir, lap içi
pendir dolu motal kimi. O, atası ilə dağın lap zirvəsinə kimi
qalxmağı, ordan aşağı baxmağı sevirdi... Dağın ətəklərindən
yavaş-yavaş duman qalxır. Sən dağın kəlləsində durmusan, bütün
dünya sənin ayaqların altındadır. Əlini uzatsan, buludlara çatar.
Hətta qartal, məğrur dağ qartalı səndən aşağıda süzür. Sən
zirvədəsən, sən xoşbəxtsən. Amma təəssüf içindəsən: Şimalda daha
hündür dağlar görünür. Sən hələ ora getməmisən, o dağları fəth
etməmisən. Bəlkə də heç zaman fəth etməyəcəksən...
O böyüyürdü, artıq atası ilə meşəyə gedir, odun doğrayır, atın
belində kəndə gətirirdi. Onlara odun yalnız qışda lazım olmurdu,
atası dəmirçi idi. Yay-qış ocağı yanır, kürəsi işləyidi. Kənd
camaatının dediyi kimi, əlləri qızıl idi, adi at nalından tutmuş
polad tiyəli xəncərə kimi düzəldirdi. Ətraf kəndlərdə də məhşur
idi. Başqa-başqa yerlərdən gəlib düzəltdiklərini pulla alırdılar,
taxılla, balla dəyişirdilər. Onun dəniz haqqında maraqlı
söhbətlərinə diqqət kəsilirdilər.
Atası gənc yaşlarında dəmir-dümür almaq adı ilə evdən çıxmış,
axtardıqlarını tapınca neçə gün, neçə gecə yol getmiş, böyük
dəryanın kənarında yerləşən böyük şəhərə çatmışdı. Burda 3-4 at
qoşulmuş arabaların hərəkət etdiyi geniş küçələr, dağlar kimi
hündür evlər vardı. Burda bazarda quş südündən can dərmanına kimi
hər şey satılırdı. Qadınlar ot daşımırdı, inək sağmırdı, uşaqlar
işləmidi, oxumaq, yazmaq öyrənirdi. Amma dəmirçini heyrətlərə qərq
edən ucu-bucağı görünməyən dərya - dəniz idi. Gün batanda dənizdən
batırdı, gün çıxanda dənizdən çıxırdı, dənizin üfüqləri qan rənginə
boyanırdı. Dənizdə gəmi adlanan, hündür dirəklərindən ağ parçalar
sallanan böyük taxta qayıqlar üzürdü. Bu gəmilərə bir kəndin
camaatı minirdi, hara istəsə gedirdi.
O, bütün bunları atasından eşidirdi. Artıq bığ yeri tərləmişdi,
atası kimi yaxşı dəmirçi idi. Amma kənddə qalmaq, atasının
sənətinə, yurduna sahib olmaq istəmirdi. Arzularının dənizini
görmək istəyirdi, xəyalların qanadlarında uçmaq, göylərə qalxmaq,
dünyaya baxmaq istəyirdi.
Atası yaşlaşırdı, artıq başı fırlanır, əlləri sözünə baxmırdı.
Günlərin bir günü kürənin başında gözləri qaraldı, yanan odun
üstünə yıxıldı. Qohum-qardaş yığışdı, ailəsinə səbr dilədilər,
Allahdan rəhmət istədilər, dəmirçini son mənzilə yola saldılar.
Oğlan atasının ehsanını, qırxını verdi, satasını satdı, alasını
aldı. Anasını, bacısını kənd camaatına, kənd camaatını Allaha
tapşırdı. Xurcununu çiyninə atdı, dəmi-dümür almaq bəhanəsi,
əslində isə dənizi görmək niyyəti ilə sübh tezdən evdən çıxdı.
Kəndin ayağında, iki çayın qovşağında ayaq saxladı, əyilib doğma
sulardan içdi. Sonra körpünü əvəz edən fısdıq kötüyünün üstündən
keçdi. Dönüb bir də atasının uyuduğu dağlara baxdı…
O, bütün günü yol getdi. Axşamüstü gəlib dördyol ayrıcına çıxdı.
Yolun biri sola dönüb dağlara tərəf qalxırdı. O biri aşağı,
dərələrə döğru gedirdi, üçüncüsü düzənliklərə istiqamətlənirdi
(dördüncüsü də onun gəldiyi yol idi). O, bulaqda əl-üzünü yudu,
xurcununu açıb pendir-çörəyini yedi. Elə burda, bulağın başında
yolçular üçün hansısa xeyirxah insanların qurduğu talvarda
gecələdi. Sübh tezdən yola düşdü. O, dağlarda doğulmuşdu, dağlarda
isə dəniz yox idi. Atasının dediyinə görə, dəniz düzənlərdə olmalı
idi. Ona görə də düzənlərə gedən yolu seçdi. Nağıllarda olduğu
kimi, yeddi gün, yeddi gecə yol getdi. Doğrudur, dənizi görmədi,
amma böyük, abad bir şəhərə gəldi. Burda 3-4 at qoşulmuş arabaların
hərəkət etdiyi enli küçələr, dağlar kimi hündür binalar vardı.
Burda qadınlar ağır iş görmür, uşaqlar işləmirdi, evin bütün
ağırlığını kişi çəkirdi. O, qollarını çirmədi, işə girişdi. Düz üç
il bu şəhərdə dəmirçi işlədi, kişi kimi işlədi, kişi kimi də pul
qazandı.
Günlərin bir günü kəndlərindən bir nəfərə rast gəldi. Xoş-beş
etdilər, yerlisi dedi ki, bəs bacına elçi düşüb, cehizi yoxdur deyə
anan toy edə bilmir, səni gözləyir. O, satdığını satdı, aldığını
aldı, xurcununu belinə atıb doğma yurda yol aldı. İki çayın
qovşağında ayaq saxladı, əyilib doğma sulardan içdi. Atasının
qəbrini, anasının ocağını ziyarət etdi. Bacısına yaxşı cehiz aldı,
üç gün, üç gecə toy çaldırdı. Bir azdan darıxmağa başladı. Dənizi
görmək arzusu yenə onu başdan çıxardı.
Yenə dördyol ayrıcı, ana qoxusu hopmuş pendir-çörəyin ağız
ləzzəti, keçmişin həsrəti, gələcəyin ümidləri… O, bu dəfə dərələrə
gedən yolu seçdi. Nağıllarda deyildiyi kimi, beş gün, beş gecə yol
getdi. Doğrudur, dənizi tapmadı, amma abad, kiçik bir şəhərə çatdı.
Burda küçələr təmiz, evlər səliqəli idi, daşdan tikilmişdi. Dağlar
kimi hündür binalar yox idi, amma dəmirçiyə ehtiyac çox idi. O,
burda dəmirçi dukanı açdı. Dəmir-dümür alıb işinə başladı.
Qollarını çırmayıb düz beş il burda işlədi, yaxşı pul, hörmət
qazandı.
Günlərin bir günü bir həmkəndlisinə rast gəldi, oturub bir
qismət çörək yedilər. Söhbət arası həmkəndlisi dedi ki, anan yaman
xəstədir, ona baş çəkməyin məsləhətdir. Oğlan yenə satdığını satdı,
aldığını aldı, xurcununu belinə atıb yollara sarıldı. Heç iki çayın
qovşağında da dayanmadı, doğma sulara da əyilmədi. Yalnız anasının
yatağı önündə diz çökdü, doğma, qabarlı əllərdən öpdükcə öpdü.
Gözləri qapıda, pəncərədə qalan, oğlunu görüb qəlbi rahat olan ana
onun başını tumarladı, lap uşaqlıqda olduğu kimi… Sonra gözləri
yumuldu - əbədi…
O, atasının, anasının qəbrini kənd camaatına, kənd camaatını
Allaha tapşırdı. Bacısı, qohumları ilə xudahafizləşdi, dənizi
görmək arzusu ilə üçüncü yola çıxdı. Dağlar oğlu bu dəfə dağlara
tərəf yollandı. Üç gün, üç gecə dayanmadı. Doğrudur, yenə də dənizi
tapmadı, amma kiçik, qəşəng bir şəhərə gəldi. Bu şəhər də onların
kəndi kimi dağların qoynunda yerləşirdi, odur ki, ona doğma idi.
Burda da sənətə, sənətkara qiymət var idi. O, yaxşı bir dəmirçi
dükanı açdı, qollarını çırmayıb işə başladı. Yeddi il gecə-güdüz
işlədi. Qızıl tərlər axıtdı, qızıl pullar qazandı. Könlünün
istədiyini də bu şəhərdə tapdı, sevdi, sevildi. Evləndi, bir oğlu,
bir qızı oldu. Amma qəlbi sakitləşmədi, dənizi görmək
istəyirdi.
Sübh tezdən oyanmışdı, dağlara qalxırdı. Yaş öz işini görürdü,
ayaqları tez yorulur, nəfəsi daralırdı. Mənzil başına çatınca yolda
bir neçə dəfə dayandı. Burda da dağın başı keçəldi, lap içi pendir
dolu motal kimi. O, dağın qarlı zirvəsinə qalxdı, bir ciyər dolusu
nəfəs alıb aşağılara baxdı… Dağın ətəklərindən yavaş-yavaş duman
qalxırdı. O, dağın kəlləsində durmuşdu, bütün dünya onun ayaqları
altında idi. Əlini uzatsa, buludlara çatardı. Hətta qartal, məğrur
dağ qartalı ondan aşağıda süzürdü. O, zirvədə idi, amma xoşbəxt
deyildi. Dəhşət içində arzularının zirvəsinə - dənizə baxırdı…
Axşam düşürdü, gün dənizdən batırdı, dənizin üfüqləri qan
rənginə boyanmışdı. O isə daş heykəl kimi dayanmışdı, gözləri
heyrətdən bərəlmişdi. Burdan, dağın başından dördyol ayrıcı, onun
seçdiyi yollar aydın görünürdü. Və bu yolların üçü də dənizə
aparırdı. Amma o bu yolların heç birini axıra kimi getməmişdi,
iradəsi, ya gücü çatmamışdı, yarı yolda dayanmışdı… "Deməli,
qismət, tale belədir", - deyə özünə təsəlli verdi.