Yüz il axtardığını bir
anda itirə bilərsən
Tale yazısı
Mətləbə keçməzdən əvvəl hörmətli oxucuya qısa bir arayış vermək
istərdim. Deməli, insanın qədim tarixi şərti olaraq, bir neçə dövrə
bölünür: daş dövrü, dəmir dövrü, tunc dövrü və s.
Qədim insanın inkişafında pilləkən olan bu dövrlər təbii ki,
qızıl dövrü ilə yekunlaşır. Tarixə qızılın çıxması ilə bütün
dövrlər arxada qaldı, insanın qızıl uğrunda mübarizəsi başladı.
Dünya pulun, pul isə qızılın üstündə bərqərar oldu. Orta əsrlərin
səlib yürüşləri, din, dünya müharibələri hamısı nəticə, səbəb ancaq
qızıl idi.
Qızılın insan tarixində bu qədər vacib yer tutması, ali dəyər
ölçüsü olması onun haqqında saysız əfsanələrin, rəvayətlərin
yaranmasına səbəb olub. Bu əfsanələrin biri də "həyat daşı"
haqqındadır. İnsan tarixində daş dövründən dəmir dövrünə, xüsusilə
tunc dövrünə keçid kimya elminin inkişafı ilə bağlı olub. Məsələ
ondadır ki, insana lazım olan metallar, qızıl istisna olmaqla,
təbiətdə sərbəst şəkildə rast gəlinmir. Dəmir də, mis də, alüminium
da təbiətdə müxtəlif kimyəvi qarışıqlar (minerallar) şəklində rast
gəlir və bu metalları həmin qarışıqlardan kimyəvi yolla ayırmaq
lazım gəlir. Beləliklə, kimya elmi də inkişaf edirdi, elmi və
psevdo-elmi (yalançı) yollarla gedirdi. Birincilərə kimyagər,
ikincilərə isə əlkimyagər deyirdilər. Kimyagərlər faktiki
materialları, yəni təbiətdə rast gəlinən mineralları öyrənir,
onlardan metalların alınması yollarını axtarır, bu istiqamətdə
işləyir, kəşflər edirdilər.
Əlkimyagərlər isə elmlə din arasında bir mövqe tuturdular və
alimdən çox şamanlara bənzəyirdilər. Yəni faktlarla bərabər
əfsanəyə də inanırdılar, elmi kəşflərlə bərabər elmi-dini möcüzə
axtarışında idilər. Onlar "həyat daşı" haqqında əfsanəyə
əsaslanırdılar. Bu əfsanyə görə, təbiətdə elə bir daş mövcuddur ki,
insana əbədi həyat bəxş edir. Onu dəmirə vuranda qızıla çevrilir.
Amma bu daşı tapmaq lazım idi, bu möcüzə isə Allahın əlində idi.
Allah onun sirrini yalnız sevdiklərinə, seçdiklərinə verə bilərdi.
Odur ki, əlkimygərlər özlərini alimlərdən, hətta din xadimlərindən
Allaha daha yaxın hesab edirdilər. Hamısı da ümid edirdi ki, Allah
bu sirri ona və yalnız ona verəcək. Bu əfsanə qədim dövrdə
insanların beynində elə yer eləmişdi ki, əlkimyagərlərin bütöv
nəsilləri vaxtını və həyatını bu işə həsr edirdi. Şahlar, krallar
bu işə vaxt və pul sərf edirdi. Hamı qızıl, çoxlu qızıl qazanmaq
istəyirdi, çünki qızıl var-dövlət, hakimiyyət demək idi.
Amma on illər, yüz illər keçirdi, "həyat daşı" isə yox idi.
Əlkmyagərlik adı altında fırıldaqçılar meydana gəlirdi, insanlara
qarşı dələduzluq edirdi. Böyük yazıçımız M.F.Axundov unudulmaz
komediyalarının birində (Molla İbrahimxəlil kimyagər) dəmirdən
gümüş "qayıran" bu növ dələduzların iç üzünü açıb, xalqa tanıdıb.
Əsil əlkimyagərlər isə əsil fədai idilər, onlar "həyat daşı"nın
varlığına inanır, illərlə, əsrlərlə onu axtarırdılar. Aşağıdakı
pritça da əlkimyagər və "həyat daşı" haqqındadır. Ancaq "həyat
daşı" da, əlkimyagər da bir vasitədir, fikrimi oxucuya çatdırmaq,
pritçanın mahiyyətini açmaq üçün bir vasitədir.
Deməli, əsərimizin qəhrəmanı çayın sahilində, hər tərəfə
səpilmiş irili-xırdalı çay daşlarının arası ilə gəzişirdi. Uzun,
ağlı-qaralı saçları çal saqqalına qarışmışdı, onu müqəddəslərə
oxşadırdı. Uca qamətini yaşın və ehtiyacın zərbələri əymişdi.
Hündür, geniş alnında keçib gedən həyat qatarının dərin izləri
qalmışdı. Əynindəki libası da taleyin uğursuzluqlarına ilişən
həyatı kimi, kol-kosa ilişib dağılmışdı. Həyat eşqi yalnız ağ
tükləri bilinən qalın qara qaşlarının altında qalan, sıx
kirpiklərinin mühasirəyə aldığı qara gözlərində qalmışdı. O gözlər
inadla və ehtirasla baxırdı, axtardığını tapmayınca dayanana
oxşamırdı. O, adəti üzrə sübh tezdən, günəşlə birlikdə qalxmış,
çayın sahilinə düşmüşdü. İndi isə axşam düşürdü. Arada yalnız qara
çörəklə duzlu pendir yemək üçün ayaq saxlamışıdı. Üstündən soyuq su
içib yenidən işə başlamışdı. Belinə sarıdığı ağır dəmir zəncir
hərəkətini ləngidirdi, çayın sahili ilə ayaqlarını sürüdükcə, soyuq
dəmir soyuq daşlara dəyib cingildəyirdi.
O, on illərdi ki, dağ çaylarının sahiləri ilə gəzirdi, suların,
daşların da çoxu ona tanış idi. Həmişəki kimi çay daşlarına diqqət
kəsilmişdi, əslində işi də bu idi. Günəş artıq gündəlik yolunu
tamamlamaq niyyətində idi. O da çay aşağı geri qayıdırdı, səhər
qalxmağa başladığı yerə yaxınlaşırdı. Diqqətini cəlb edən, ona
maraqlı gələn daş görən kimi dayanırdı, sanki gözləri də
işıqlanırdı. Aşağı əyilib daşı götürürdü, qabarlı əlləri ilə
ehmalca tumarlayıb günəşə sarı tuturdu, formasına, parıltısına
baxırdı. Tanış gələndə, sərt hərəkətlə kənara tullayırdı, tanış
gəlməyəndə, eyni sərt hərəkətlə belinə sarıdığı dəmir zəncirə
vururdu. Ürəyində Allahı çağırır, başını göylərə qaldırırdı.
Cəncirin şən cingiltisini ləzzətlə dinləyib ümidlə rənginə baxırdı.
Dəmir zəncirin qara-qonur rəngi isə dəyişmirdi ki, dəyişmirdi. O,
əlkimyagər idi, bütün həyatını "həyat daşı"na həsr etmişdi.
Həsrətlə dəmir zəncirin qızıla çevriləcəyi, cünəş kimi işıq
verəcəyi günü, saatı, anı gözləyirdi. Günlər aylara, aylar illərə
çevrilir, ömrün qızıl zəncirini çeynəyir, paslı dəmirə çevirirdi.
Dəmir zəncir isə qızıla çevrilmirdi ki, çevrilmirdi…
Batmağa doğru gedən günəşə baxanda gəncliyini xatırlayırdı.
Xəyalının önünə hündür boylu, qara saçlı, qara gözlü bir gənc
gəlirdi. Düşünmək, öyrənmək həvəsi onu kənddən paytaxt şəhərinə,
böyük emalatxanalardan birinə gətirmişdi. Bura adi emalatxana
deyildi, burda məmləkətin tanınmış alim-kimyagərləri işləyir,
dövrün qabaqcıl fikirləri səslənir, təcrübədə sınaqdan keçirilir,
zamanın və padşahın tələbinə uyğun nəticələr əldə edilirdi. Həmin
vaxt burda dəmir daşından dəmir, mis daşından mis alırdılar. Sonra
onları əridib bir-birinə qatır, tunc halına salırdılar. Tunc mis
qədər davamlı, dəmir qədər möhkəm olurdu. Ən əsası isə, məmləkətin
padşahına, orduya lazım idi. Bu məmləkətin padşahı qonşu məmləkətin
padşahı ilə müharibə edirdi. Qılınc və qalxanlar, nizə və oxlar isə
tuncdan düzəldilirdi. Müharibənin davam etdiyi on ildə padşah
sarayından emalatxanaya sifariş sifariş dalınca gəlirdi. Alimlər
düşünür, ustalar həyata keçirir, fəhlələr istehsal edirdi. Bizim
qəhrəman da dövrün qabaqcıl alimlərindən öyrənir, kimya elminin
incəliklərinə yiyələnirdi. Deyirdilər ki, onun böyük gələcəyi var,
böyük kimyagər olacaq.
Beləliklə o, üçüncü onilliyi yola verdi. Hələ saçlarına dən
düşməmişdi. Sonra müharibə qurtardı və sülh dövrü başladı. Dəmir,
mis, tunc artıq lazım deyildi, olan bəs edirdi. Dəmirçilər
qılınc-qalxanı əridib kotana çeviridilər. Bu zaman saraydan
emalatxanaya "həyat daşı" tapmaq sifarişi gəldi. Deyirdilər ki, bu
daş insana əbədi həyat bəxş edir, dəmirə vuranda qızıla çevrilir.
Deyirdilər ki, qonşu məmləkətin alimləri artıq "həyat daşı"nı
tapıblar və orda qızıl mal təzəyi kimidir. Emalatxanada hamı -
alimlər də, ustalar da, fəhlələr də elə bil dəli olmuşdu. Hamı
"həyat daşı"ndan danışır, həyat daşı axtarırdı. Əvvəlcə bu məsələyə
şübhə ilə baxan bizim qəhrəman da bu axına qarışdı. Və kimyagərdən
əlkimyagərə çevrilmək taleyi ilə barışdı. Necə deyərlər, ellə gələn
bəla da toy-bayram olur…
Beləcə on il daha keçdi. "Həyat daşı" tapılmadı ki, tapılmadı.
Padşah sarayından emalatxanaya buraxılan pullar da batdı. Odur ki,
saray da pulları dayandırdı, emalatxanada iş də dayandı. Arada
qonşu məmləkətə gedən, ya oradan gələn adamların gətirdiyi
xəbərlərə görə, orda da vəziyyət yaxşı deyildi. "Həyat daşı"
haqqında xəbərlər yalan idi. Doğrudur, hamı axtarırdı, amma hələ
heç kim tapmamışdı. Bu zaman bizim qəhrəman artıq beşinci onilliyi
xırdalayırdı, məmləkətin və zəmanənin tanınmış əlkimyaçılarından
biri kimi tanınırdı. O, dövrünü qabaqlayan bir fikir söylədi, dedi
ki, "həyat daşı"nı emalatxanada almaq, istehsal etmək mümkün deyil.
Doğrudur, təbiətdə "həyat daşı" var, amma onu elə təbiətdə də
axtarmaq lazımdır. Onun bu fərziyyəsi əlkimya tarixində dönüş
yaratdı. Əlkimyaçılar emalatxanalardan təbiətə axışdılar. Hərəsi
belinə bir dəmir zəncir bağladı, dağ çaylarında (daşların
bolluğunda) axtarışa başladı. Bizim qəhrəman bu hərəkatın
pionerlərindən oldu…
O, bunları düşünür, gəncliyini yadına salıb gülümsəyir.
Deyirlər, gələcəyi düşünürsənsə, deməli, gəncsən, keçmişi
xatırlayırsansa - qocasan. O da artıq qocadır, ağaran saçları,
sözünə baxmayan ayaqları da bunu deyir. Birdən… Onun gözləri
dəhşətdən bərəlir, batmaqda olan günəşin şüaları altında qızıl kimi
parıldayan zəncirə zillənir. Zəncir qızıla çevrilmişdi. Bəs "həyat
daşı" hanı? Hanı onun həyatının mənası? Təəssüf və yenə təəssüf… O,
"həyat daşını" tapmışdı və görmədən yerə atmışdı. Belində isə
qızıla çevrilib daha da ağırlaşmış zəncir qalmışdı…
O, çayın sahilində diz çökdü və yaşına yaraşmayan bir həvəslə,
uşaq kimi hönkürməyə başladı...