Bu gün "Axar.az" saytı iş gününə "Yutub"dan aldığı
məktubla başladı. Həmin məktubdan bəlli oldu ki, saytın video
hesabı bağlanıb, özü də "Samanyolu TV"nin şikayəti
əsasında...
Sən demə, Fətullah Gülənin bütün Türkiyə saytlarında yayımlanın
məşhur "bəddua" çıxışını "Axar.az"ın yayımlaması onların haqqına
girməkmiş... Təbii, biz də bilirik ki, videonun sahibi onlardır,
amma axı sayt bu videonu yerləşdirəndə istinad vermişdi,
oğurluq-filan etməmişdi.
Bir də maraqlıdır, bütün Türkiyə saytlarında yayımlanan bir
videonun "Axar.az"da yerləşdirilməsi niyə bu boyda reaksiya
yaradır?! Özü də video gizli çəkiliş də deyil, adam keçmiş
kameraların qarşısına, asta-asta, arxayınlıqla, daha doğrusu, odla,
atəşlə bədduasını etmiş... Əgər bunda qəbahət varsa, bunu biz
etmədik ki, indi də bizdən şikayət edirsiniz, bəy əfəndilər!?
Fətullah Gülən də, Ərdoğan da danışanda anlaşılır ki, hər ikisi
dindardır, ya da hər şeyi din adına etməyə üstünlük verirlər...
Bilmirəm, biz buna qarışmırıq, amma Gülən camaatının bol-bol
istinad etdiyi o dində kimsənin haqqına girməmək kimi bir tövsiyə
var axı...
İndi niyə mənim xəbər almaq və vermək haqqıma girirsiniz?
Hadisələrin başında Ərdoğanın qardaşı haqqında yayımlanan, özü
də gizli çəkiliş olan bir videonun yayımlanması görəsən istinad
etdiyiniz dinin qaydalarına uyğunmuydu? Axı o dində buyurulur ki,
birinin ayıbını ört, Allah da sənin ayıblarını örtsün. Yaxşı, siz
niyə birinin eyibini bu qədər faş etdiniz və elə həmin videonu da
türk saytlarından götürüb "Axar.az" saytına yerləşdirəndə bizdən
şikayət etmədiniz? Mustafa Ərdoğanın videosu Fətullah Gülənin
olduğu iddia edilən saytda gizli çəkiliş adı ilə yayımlananda haqq
niyə kimsənin yadına düşmədi? Niyə onlar özlərinə bu haqqı verdi,
axı kimsə özünü əxlaq polisi elan edə bilməz.
Görünən o ki, haqq da adamına görə dəyişir?..
Nə deyək... Bizim işimiz xəbər vermək... Amma vallah, adam bəzən
şərh etməkdən də özünü saxlaya bilmir. Əsasən də kimin kim olduğu
bəlli olanda... İndi də bir az özümə şərh etmək azadlığı verib
deyirəm ki, şəxsən mən Ərdoğanı heç vaxt demokrat, Fətullah Güləni
də din adamı saymamışam. Hər ikisi işini bilən siyasət adamıdır, bu
qədər qısa və aydın... Amma hər şeydə bir müqayisə var və mən bu
haqqımdan istifadə edib o qənaətə gəldim ki...
...Valahi də, billahi də Ərdoğan əməlli-başlı demokrat imiş...
Çünki biz sayt olaraq Ərdoğanın qardaşı haqqında videonu
Azərbaycanda yükləyən ilk saytıq və adı çəkilən material "Yutub"dan
belə götürüldükdən sonra bizdə başqa mənbədən yerləşdirildiyindən
silinmədi. Buna rəğmən Ərdoğan komandasından nə şikayət aldıq, nə
də cəza...
Əlində böyük bir dövlətin təsir imkanları olan Ərdoğan bizə bu
təzyiqi etmədiyi halda, Fətullah Gülənin öz çıxışına bu qədər sərt
yanaşması məni müqayisə edib nəticə çıxarmaq haqqımdan istifadə
etməyə sövq etdi.
Yəni deməyim o ki, mən bu hadisələrdə Ərdoğançıyam...
...Və ümid edirəm ki, buna görə də Gülən camaatı bizdən narazı
qalıb harasa şikayət etməz.
Bir də, bəylər, sizin işiniz siyasət "yapmaq", bəddua
etməkdirsə, bizim də işimiz xəbər etməkdir.