XX əsr, məlum olduğu kimi,
iqtisadi kapitalın təmərküzləşdiyi və istehsal nəhənglərinin
meydana gəldiyi bir dövr idi, nəhənglərin bəzən müharibəyə keçən
mübarizəsi də məhsullarını reallaşdırmaq - bazar uğrunda
gedirdi.
Yeni texnologiyalarla tarixə qədəm qoyan XXI əsrdə isə enerji
təhlükəsizliyi hər ölkənin bir nömrəli probleminə çevrilir, odur
ki, nəhənglərin mübarizəsi də karbohidrogen ehtiyatları (ənənəvi
enerji mənbələri) uğrunda gedir.
Təsəvvür edin ki, bu mübarizənin qızışdığı bir məqamda dünyanın
bir kənarında, sayı-hesabı olmadığı kimi, sahibi də olmayan
karbohidrogen ehtiyatları aşkar olunur… Bəli, təsdiq olunmuş
məlumatlara görə, dünyanın karbohidrogen ehtiyatlarının dörddən
biri Şimal qütbündə, daha doğrusu, kontinentin qütbə doğru uzanan
şelfində (4200 metr dərinlikdə) yerləşir. Beləliklə, bu vaxta qədər
yalnız coğrafi maraq doğuran buzlar diyarı artıq 21-ci əsr
geopolitikasının ən qaynar nöqtələrindən birinə çevrilməkdədir.
Elə buna görə də Rusiyanın Şimal qütbünün özününkü hesab etdiyi
kontinetal şelfində özünəməxsus şəkildə suveren hüquqlarını bərpa
etmək niyyəti ("Akademik Fedorov" gəmisinin "Rossiya"
atom-buzqıranının müşayiəti ilə 2007-ci ilin yayında Arktikada
ekspedisiya keçirməsi və rus bayrağının titan kapsulda 4200 metr
dərinliyə endirilməsi) "Arktika qonşuları"nın böyük narazılığına
səbəb olmuşdu. İlk növbədə ABŞ Arktikaya öz iddiasını bildirdi və
2008-ci ildə sahil-mühafizə xidmətinin "Xili" buzqıran gəmisini
Şimal qütbünə göndərdi. Bu, əsl üzən elmi-tədqiqat institutudur -
gəminin göyərtəsində elmi labarotoriya, cihazlar, avadanlıqlar və
hətta vertolyot da var. ABŞ-ın eyni səviyyəli ikinci üzən
stansiyası "Polyar dəniz" də artıq səfərə hazırdır və Şimal qütbünə
gedəcəyi günü gözləyir. Üçüncü – "Polyar ulduz"un hazırlanması isə
artıq başa çatmışdır. Mətbuatın məlumatına görə, ABŞ Konqresi
Arktikanın təbii sərvətlərinin öyrənilməsi və mənimsənilməsi üçün 8
milyard dollardan çox vəsait ayırıb.
Kanada isə Şimal qütbünə ekspedisiya göndərmədi, amma ölkənin
baş naziri 2008–2010-cu illərdə "hadisə yerinə" 3 dəfə şəxsən səfər
etdi. O, Arktikaya birinci səfəri çərçivəsində "vətəndaşlarımız
bilməlidir ki, ölkəmizin gələcəyi məhz bu gün, burada həll olunur"
bəyanatını verdi. Kanadanın xarici işlər naziri isə Rusiyaya sərt
mesaj göndərdi: "Biz böyük coğrafi kəşflər epoxasında yaşamırıq və
hər kəs istədiyi yerə "bizim ərazidir" deyə bayraq sanca bilməz.
Rusiyanın ekspedisiyası elmi, ya siyasi hadisə deyil, sözün əsl
mənasında şoudur və Kanadanın suverenliyinə heç bir təhlükə törədə
bilməz".
Son məlumatlara görə, artıq Kanada hökuməti sözdən işə keçib və
ölkənin bütün hərbi-dəniz qüvvələrini (hərbi gəmi və təyyarələrə
malik sahil-mühafizə xidməti də daxil olmaqla) ölkənin şimal
sərhədlərində cəmləməyə, "Arktika suverenliyi" adlanan
hərbi-taktiki əməliyyatı həyata keçirməyə başlayıb.
Rəsmi açıqlamalara görə, Rusiyanın məqsədi Şimal Buzlu okeanında
Qrenlandiya adasına tərəf uzanan və Rusiyada Lomonosov və
Mendeleyev adlandırılan sualtı dağ silsilələrinin Sibir kontinental
platformasının davamı olmasını təsdiq etmək idi. Əgər bu elmi
fərziyyə təsdiq olunarsa, (siyasi sifariş varsa, deməli bu, artıq
texniki məsələdir – Q.A), Rusiya tərəfi lazımi materialları BMT-nin
müvafiq qurumlarına göndərəcək. İşdir, BMT də bu sənədləri -
adıçəkilən sualtı dağ silsilələrinin Rusiyaya aid olduğunu təsdiq
edərsə, şimal qonşumuz nə az, nə çox - 1.2 milyon kvadratkilometr
əlavə, həm də neft və qazla zəngin əraziyə malik olacaq. Qeyd etmək
lazımdır ki, Arktika şelfinin yalnız 5 faizi öyrənilib və artıq
kəşf olunmuş Ştokmanov yatağında 3.8 trilyon kubmetrdən çox qaz
ehtiyatı var (bu, bütün Avropanı 15 il təmin edə bilər). Müxtəlif
dövrlərdə aparılan axtarış-kəşfiyyat işlərinin üst-üstə düşən
məlumatlarına görə, bu ərazilər həm də qızıl və almaz səpintiləri,
platin filizləri ilə zəngindir. Elə buna görə də zəngin ərazilərə
iddiaçıların sayı da sürətlə artır.
Rusiya, ABŞ, Kanada, Danimarka, Norveç, İsveç, İslandiya,
Finlandiya ilə birlikdə uzaq Çin də Qütb neftinə iddia edir.
Deyilənə görə, Rusiyanın "Rossiya", ABŞ-ın "Xili" buzqıranları ilə
birlikdə Çinin "Qar əjdahası" da Şimal qütbündə keşik çəkir.
Beynəlxalq normalara görə, hər hansı dövlət müəyyən coğrafi və
geoloji əlamətlər olduğu təqdirdə öz dəniz sərhədlərindən 200 mil
(1 mil 1.6 kilometdir) məsafədə suyun dibinə (şelf adlanır) iddia
edə bilər. Əsas geoloji əlamətdir, yəni kontinentin suyun dibi ilə
sahildən həmin məsafəyə uzanmasıdır. Arktikada isə şelfə beş ölkə
iddia edə bilər - Rusiya, ABŞ, Kanada, Danimarka və Norveç. Qeyd
etmək lazımdır ki, bu ölkələrin hamısı artıq Arktikanın
karbohidrogenlə zəngin ərazisinə öz iddialarını bildiriblər. Rusiya
və Danimarka daha şanslı hesab olunur. Rusiya tərəfi adıçəkilən
sualtı dağ silsilələrini Sibir platformasının davamı hesab etdiyi
kimi, Danimarka da Qrenlandiya adasının davamı hesab edir.
ABŞ-ın şansı isə daha az qiymətləndirilir. Nə qədər qəribə olsa
da, Konqres hələ BMT-nin Dəniz hüququ haqqında Konvensiyasını
(1982-ci il) ratifikasiya etməyib. Hər hansı dövlətin dəniz şelfinə
iddiası isə məhz bu Konvensiya ilə nizama salınır. Mətbuata sızan
məlumata görə, Dövlət Departamenti təcili olaraq bu sənədin təsdiq
olunmasını təklif edib. Təbiidir: ABŞ Şimal qütbünün zəngin
ehtiyatlarından kənarda qalmaq istəmir və situasiyanı diqqətlə
izləyir. Dövlət Departamenti Alyaska yarımadası sahillərindən
Şimal Buzlu okeana uzanan 600 millik əraziyə iddia etdiyini
gizlətmir.
Kanada hökuməti də son zamanlar məsələ ilə bağlı aktivlik
nümayiş etdirir. 2010-cu ildə hökumət Arktikanın Kanada şelfinə
nəzarət edəcək 8 gəminin qurulması haqqında qərar qəbul edib.
2015-ci ildən isə Arktikaya kosmosdan nəzarət etmək niyyətindədir.
Bu məqsədlə "Radarsat-2" peyk sisteminin buraxılması
planlaşdırılır.
Karbohidrogenlərlə zəngin Barens dənizində Norveçlə Rusiya
arasında "ərazi iddiası" isə artıq 75 ildir ki, davam edir. Moskva
və Oslo Şpisbergen və Yeni Torpaq adaları arasında sərhədi heç cür
tapa bilmir. Barens dənizinin hüquqi statusu təyin olunmur ki,
olunmur. Buna baxmayaraq, Norveç dənizin dibindən təbii qaz
ehtiyatlarını çıxarmaq və saxlamaq üçün ABŞ-ın dəstəyi ilə nəhəng
"Snevit" kompleksini tikir. Bu, nəhəng beynəlxalq layihədir və 9
milyard dollar dəyərindədir.
Maraqlıdır ki, mübahisə edən yalnız Rusiya ilə Norveç deyil.
Danimarka və Kanada artıq 30 ildir ki, Qrenlandiya yaxınlığında
kimsənin yaşamadığı kiçik Hansa adasını bölə bilmirlər. Danimarka
Hansa adasını Qrenlandiyanın davamı hesab edir və heç bir güzəştə
getmək istəmir. ABŞ isə özünün şimal boğazlarından Kanadanın
istifadə hüququnu tanımaq istəmir. Məsələ dəfələrlə məhkəməyə düşsə
də, həll olunmadan qalır. Bir sözlə, öz aralarındakı köhnə
problemləri onillərlə həll etməyə qadir olmayan Arktikayanı
ölkələrin yeni problemi həll edəcəyi, həm də Şimal qütbünün zəngin
karbohidrogen ehtiyatlarını bölüşə biləcəyi inandırıcı
görünmür.
Çıxış yolu da görünmür. Əgər dəniz şelfini sektorlar üzrə
bölsələr, daha böyük sərhəd xətləri olan Rusiya və Kanada uduşda
qalacaq və təbii ki, ABŞ, Danimarka və Norveç buna razı olmayacaq.
Əgər sahildən eyni məsafədə orta xətt üzrə bölsələr, Şimal qütbünün
bütün sərvətləri Danimarkanın payına düşər və bununla da nə ABŞ, nə
də Rusiya razı düşər. Deməli, yenə qalır kondominium - şelfin beş
sahilyanı dövlət arasında bərabər bölgüsü məsələsi. Bu isə
ümumiyyətlə baş tutan iş deyil. Əvvəla, yuxarıda deyildiyi kimi,
dünyanın bütün nəhəngləri - güclü dövlətləri Şimal qütbünün
karbohidrogenlərinə iddialıdır. Sonra, güclülərin zəiflərlə zəngin
karbohidrogen sərvətlərini bərabər bölməsi nəinki inandırıcı
görünmür, hətta məlum "gözü çıxmış qardaşdan öyrənmək" lətifəsini
xatırladır.
Beləliklə, dünyanın taleyi qaranlıq qalır...