...Höte bu romanı yazanda 25
yaşındaydı. Əsərin nəşri və tirajlanması ilə Almaniya küçələrində
bir "Verter sindromu" baş qaldırmağa başladı. Sonralar bu böhranlı
vəziyyətə romanın "samizdat" elan edilməsi və Avropada satışına
qadağa ilə son qoyulacaqdı.
Buna qədər isə "Gənc Verterin iztirabları"nı oxuyan hər 10
yeniyetmədən azı yarısı mavi jaket, sarı şalvarda şəhər küçələrində
dolaşmağa başlayır. Bu geyim üslubu kütləviləşir. Hardasa, bizim
dövrümüzdə "Qurdlar vadisi"nə baxan gənclərin özünü Çakıra
bənzədərək əldə təsbeh çevirməsini xatırladır. Obıvatel gənclik
üçün eyforik obraz olan Çakırı o vaxt hər yerdə görmək olardı -
17-18 yaşlı yeniyetmələr kostyumda və əlində təsbeh küçələrdə
gəzişirdi.
Yeniyetməlik ən qərarsız və emosiyaların çətin cilovlandığı yaş
dövrüdür.
Hötenin romanında gənc hüquqşünas-stajor Verter nişanlı qız
Lottaya olan sevgisinə görə əzablar çəkir. Ümidsiz və nakam bir
məhəbbətin arxasınca qaçan Verterin məşəqqətləri intiharı ilə
bitir.
Yazıçı bu əsəri Vetzlar məhkəməsində köməkçi işlədiyi dövrdə
qələmə alır. Bu da təsadüfi deyil - məhkəmədə Şarlotta Buf adlı
nişanlı qıza aşiq olan yazıçı qarşılıqsız sevgi taleyini
yazmışdı.
Ancaq Höte əsərdə Verterin intiharı finalını yaxın dostu Karl
Vilhelmin aqibətindən təsirlənərək təsvir edir. Karl evli bir
qadına olan qarşılıqsız məhəbbətin əsirinə çevrilərək özünü qurban
verir.
Qısa bir vaxtda yazıçıya şöhrət gətirən bu roman bir müddət
sonra qadağan edilir. Tarixə "Verter sindromu" kimi düşən bu əsəri
oxuyan hər yeniyetmənin intihar etməsi və bunun kütləvi hal alması
rəsmiləri təxirəsalınmaz addımlar atmağa sövq edir. Gənclərin
intiharını qabaqlamaq üçün Hötenin kitabının satışı yasaqlanır.
Kilsə və müasirləri tərəfindən yazıçı sərt tənqid olunur. Leypsiq,
Kopenhagen və başqa şəhərlərdə əsər satışdan yığışdırılır.
Romanda əsilzadə bir ailənin qızı olan Lotta Verterə qarşı
biganə deyil. Yəni, qızın bu gəncdə ürəyi var. Amma tale elə
gətirib ki, Albertə nişanlı olan qızcığaz heç cürə hörmətsizlik
etmək, dəyərləri tapdalamaq, verdiyi sözə xilaf çıxmaq istəmir.
Odur ki, evlənirlər, Verter isə bir ailə dostu olaraq yanlarında
olur. Bu isə çox davam edə bilməzdi. İztirablar içində yaşayan
Verter Lottaya son məktubunu yazaraq intihar edir...
İstənilən müqayisə qüsurlu olsa da, aprelin 30-da sevgisinə
cavab ala bilməyən İzzət Hüseynovun törətdiyi qətl Verterin
iztirablarına yaxındır. Kimsənin haqq qazandırmadığı bu cinayətin
olacağını isə hesablamaq lazım idi.
Çünki İzzətin ifadəsinə görə, Aytac Babayevanın əvvəllər onda
könlü olub, 4 aydır ayrılıblarmış. Və günümüzün Verteri, sadəcə,
Hötenin personajından fərqli olaraq intihara özündə cəsarət
tapmayıb. İzzət ifadəsində Aytacın cəsədi üstündə ağladığını və
özünü öldürmək istəyində olduğunu desə də, öz canına qıya bilməyib
- sevdiyinin isə qıyıb...
İzzət yeni presedentin bünövrəsini qoymuş oldu və bu işdə sosial
medianın da rolu az olmadı. İnnən belə yeniyetmələr arasında bu cür
qətllərin tendesiya halını alacağından narahatam - necə ki,
"Koroğlu" körpüsünə çıxmaq dəbə minmişdi...
İndi neyləməli, nəyə qadağa qoymalı? Bəlkə, "İzzət qətlini"
ümumiyyətlə yaddaşlardan silmək lazımdır? Amma necə?
Yeni media – sosial şəbəkələrə təəssüf ki, nüfuz etmək
olmur...