Yuxarı

Böyük musiqiçilər niyə yetişmir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxdanın söhbətidir. Sovetlərin vaxtında "Gənc texnik" jurnalı vardı. Orada insanlar, əsasən də gənclər öz texniki ideyalarını şərh edirdilər. Təsəvvür edin, həmin o jurnalı yaponlar alırmış və oradakı texniki ideyaları mənimsəyərək praktikaya tətbiq edirlərmiş...

Beləcə, qarşımızda iki siyasi-iqtisadi model dayanır - keçmiş Sovetlər birliyi və bir də azad bazar iqtisadiyyatlı Yaponiya. Bəli, birində ideya vardı, o birisində isə iqtisadi çeviklik və praqmatizm...

Bunu ona görə deyirik ki, bizi bir məsələ həmişə düşündürüb: əsl kreativlik üçün hansı sistem daha əlverişlidir?

Özünüz baxın, Sovetlər birliyində yüksək təhsil və ideyalar vardı, amma bu ideyalar praktikaya yol tapa bilmirdi, çünki sistem, böyük bürokratik əngəllər buna imkan vermirdi...

Yaponiyada isə daim ideya aclığı hiss olunurdu. Hətta o vaxt yarızarafat, yarıciddi deyirdilər ki, bu ölkədə hamı iqtisadi kəşfiyyatla, iqtisadi casusluqla məşğul olur. Mən bunu tamam başqa rakursda başa düşürdüm - Yaponiyada ideya pul, əmtəə demək idi, onu ən azı satmaq olurdu...

Sovetlər birliyində isə gözəl, aktual ideyalar böyük qovluqlarda yatıb qalırdı. Amma kreativlik vardı. Bəs o kreativlik haradan başlanğıc götürürdü? Nədən indiki Rusiyada belə ideya yaradıcılığı yoxdur?.. Axı eyni, həmin millətdir, üstəlik, siyasi-iqtisadi model də dəyişib, indi ideyaların praktikaya yolu çox qısalıb! Mən belə düşünürəm ki, bu, təhsillə bağlıdır - görünür, indiki Rusiyada təhsil əvvəlki səviyyədə deyil...

İndi keçirik əsas məsələyə - Azərbaycana... Azərbaycanlılar fərasətli və çox praqmatik insanlardır. Amma təəssüf ki, bizim fərasətimiz bəlli sferadan, alış-verişdən, bir az da mədəni şəkildə ifadə etsək, ticarətdən o tərəfə keçə bilmir.

Bunun səbəbləri haqqında çox fikirləşmişik, amma bir nəticə hasil edə bilməmişik. Görünür, elə bunun da tarixi və bəlkə də mental səbəbləri var...

Biz özümüzə "tacir xalq" deyirik. Bəs onda nədən bizdə səyyahlar bu qədər az olub? Əslində, orta əsrlərdəki və bir az da ondan əvvəlki səyahətlər daha çox ticari məqsəd daşıyıb. O hesabla gərək bizdə, məsələn, dənizçilik çox inkişaf edəydi. Düzdür, Azərbaycan elə yerdə yerləşib ki, dənizi quru yollar vasitəsilə aşmaq çox asandır. Amma mənim yadıma orta əsrlərdən cəmi bircə azərbaycanlı səyyah gəlir. Həm də belə bir detalı da qeyd etmək lazımdır ki, Şərq ölkələri istiqamətindəki səyahətləri elə din də stimullaşdırırdı. Amma bunu da nəzərə alanda yenə də ürəkaçan bir mənzərə alınmır.

Qərəz, keçmiş keçmişliyində qalsın... Gələk bu günə. İndi ölkə iqtisadi baxımdan azaddır. Düzdür, müəyyən qədər problemlər var. Amma onları dəf etmək mümkündür. Yaradıcılıq məsələləri isə tamam azadlıq çərçivəsindədir. Amma kreativlik yenə də çox aşağıdır...

Bəzən bizə elə gəlir ki, azadlıq hər şeyi həll edir, yetər ki, insanlara azadlıq verəsən, təşəbbüskarlıq o qədər artacaq ki, hətta bunun qarşısında duruş gətirə bilməyəcəksən. Amma görürsən ki, hətta azadlıq da istifadə olunmayan resurs kimi qala bilir...

Düzdür, biznes biznesdir. Onu ticarətə və qeyri-sektora bölmək bir o qədər də düzgün yanaşma deyil. Amma iqtisadi sektor elmi tutumlu olanda və ölkə özü nəsə istehsal edəndə vəziyyət daha yaxşı olur...

Dedik ki, ölkədə demək olar ki, tamam azad olan sahələr də var - məsələn, mədəniyyət... Bəs nədən Azərbaycanda sovetlərin vaxtında olduğu kimi, tutaq ki, musiqiçilər yetişmir?..

İndi mədəniyyət sahəsində demək olar ki, heç bir maneə yoxdur. Amma Vaqif Mustafazadə də yoxdur...

Doğrusu, bunun da səbəbini bilmirik. Özü də deyirik ki, bəs biz çox istedadlı xalqıq! Bəs onda niyə bu sahədə də kreativlik azdır?.. Deyə bilərlər ki, təklif tələbə bağlıdır - indi yalnız toy müğənnilərinə tələb var, ona görə də onlar istədiyin qədərdir...

Amma mədəniyyətin sferası tək Azərbaycan deyil, burada Dünya var... Əslində, böyük ideyalar da elə dünyaya çıxmaq üçündür. Üstəlik, azadlıq da var, yeni, gənc Vaqif Mustafazadənin qarşısında demək olar ki, heç bir maneə yoxdur -əvvəlki kimi "bədii şura" və ya başqa bir qurum da yoxdur. Amma nə Qara Qarayev var, nə də ki, Vaqif Mustafazadə...

Bir sözlə, yenə də alınmır. Bəs səbəbi nədir? Bəlkə təhsil kimi elə zövqlər də korlanıb? Axı zövqləri də təhsil və dünyagörüşü formalaşdırır...

Tarix
2015.06.12 / 08:00
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla