Yuxarı

Mən kloun deyiləm, Çarli!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Və sən mürəkkəb konstruksiyalı reallıqların əhatəsində nəyi etməli olduğunu unudursansa, yaxud başa düşmürsənsə, mütləq nəyi etməməli olduğunu xatırlamağa, yaxud müəyyənləşdirməyə çalışmalısan. Hər halda, son dərəcə ciddi və həssas bir auditoriya qarşısında dayanmağın imitasiya, manevr və təcrübə imkanlarının maksimum məhdudlaşması ilə yadda qalır və sənə irəliləyən dəqiqələrdə, xüsusilə, minimum zaman çərçivəsində hər şeyi yüz ölçüb bir biçən və öz ustalığını mikroskop altında qorumağa çalışan peşəkar zərgəri xatırladır ancaq. Burda heç kim və heç nə gözdən yayınmır...

Ən böyük və ən ağır vəzifən qarşındakıların kimliyini və dəyərini – hələ heç bir psixologiya və riyaziyyat dərsliyində izahı verilməyən mürəkkəb məsələnin həllini tapmaqdır. Fəlsəfəsində – daim həyəcan içində vurnuxmağın, bir-birini tapdalaya-tapdalaya üstünə yeriyən tərəddüdlərin, bir sözlə, məktəbdə keçən günlərini adiləşməyə qoymayan və hər dəfə daha çox artan məsuliyyətin. Bu, həm də yalnız fövqəladə diqqətin sayəsində eşidə biləcəyin ən ciddi və faydalı mesajdı: sənə hər şeydən əvvəl, istənilən bucaq altında, istənilən vaxtda ya başa düşülməmək, ya da başa düşməmək təhlükəsi ilə üz-üzə qalmaq ehtimalını xatırladır...

Mən, əslində, kiminsə hamının sevimlisinə çevrilmək istəyini böyük məmnuniyyətlə ayaq üstə alqışlaya bilərəm, ancaq bu istəkdə axına qarşı üzən hər hansı bir həyat elementi – ən azı xırda bir kəşf yoxdursa, onu hiyləgərcəsinə düşünülmüş təlxəklik kimi dəyərləndirəcəyimə də şübhəniz olmasın. Kloun – azyaşlıların əyləncəsi üçün uydurulmuş sintetik obrazdır, amma altşüurda daha çox böyükləri öz təsiri altında saxlayır...

Yanından etinasız keçə bilməyəcəyimiz ən böyük sual da məhz indiki məqamda üstümüzə yeriyir: bəs onda nəyə görə böyüklərin Klounlara verdiyi “şirinlik” adətən qeyri-səmimi rəhm, səxavət, yazığı gəlmək kimi ucuz və məntiqsiz mərhəmət hissindən qaynaqlanır!? Realda hətta öz övladlarının gözü qarşısında bu nüfuzsuz səhnə qəhrəmanını döyüb-əzişdirən, alçaldan və bununla öz “gücünü, cəsarətini, qüdrətini” obrazlaşdırmağa çalışan adamlar da tapılır. Deməli, bu, bizim müəyyən bir qismimizin nə vaxtsa ürəyimizdən keçən, ən azı xəyalımızda atdığımız virtual addım, təkrarladığımız analoji hərəkətdir. Hər halda, heç kim Kloun olmaq istəmir. Çünki hamı özünü ondan güclü görür!..

Hətta ciddi sənət karyerası haqqında düşünən ən istedadsız səhnə adamı da sifətinin əsl cizgisini və quruluşunu müxtəlif dekarativ elementlərlə tanınmaz hala salmaq, rənglərin yalnız uşaqlara maraqlı təsir bağışlayan fantaziyalarla dolu diffuziyasında itib-batmaq, nəhayət, klounluqla pul qazanmaq istəmir: məcburiyyət sonuncu çıxış yoluna çevrilməyincə! Məntiq – həmişəki kimi, bu dəfə də baş qəhrəman rolunda: əsl reallığa meydan oxuyan, gerçəyi ən nazik tərəflərilə göz önünə gətirən və danılmaz faktlarla möhürləyən ağ-qara rəngli tabloları ilə.

Çarli Çaplin kimi parlaq istedad sahibi – “küçə uşağı” (!) ciddi iddiası və sarsılmaz iradəsilə uzun illərdi özünə rəqib tanımır. Milyonların əhatə dairəsində hakimi-mütləqdir! Xoşbəxtdir! Amma... səhnə önündə!

Hətta Çarli Çaplinin özü də səhnə arxasında – güzgü qarşısında üz qrimini adətən ürəyindən süzülən göz yaşları ilə silib, onu dəfələrlə intihara sürükləyən böyük kədərin içindən adlayıb. Ancaq ölməyi bacarmayıb. Və günlərin bir günü ən səmimi etirafını əsl həyat səhnəsində, özündən 35 yaş kiçik gənc qıza evlənmək təklifi ilə, amma bu dəfə daha məzmunlu, daha ciddi obrazda teatrlaşdırıb: “Xanımım ol, Una, mən sənə necə böyüməyi, özümə isə necə ölməyi öyrədəcəm!..”

Dramatik etirafdır! Gəlin zarafatı bir kənara qoyaq, Kloun isminin yaratdığı ənənəvi assosiasiyanı səhnə arxasına sıxışdıraq və qarşımızdakı qabarıq konfrantasiyanın sinopsisini daha ciddi arqumentlərlə tərtib etməyə çalışaq. Şəxsən mən indi özümü bu qorxunc uçurumun ciddi təpkisi altında hiss edirəm və istər-istəməz onu yazının preambulası kimi müəyyənləşdirmək imkanlarım haqqında düşünürəm...

Neyronları isə yalnız indiyədək görmədiyi rənglər, fərqli çalarlar, yaradıcı və çevik düşüncə tərzi maraqlandırır. Meydanda üç futluq kainat – möhtəşəm səhnə! Beynimizdəki gizli hücrələrdə üzvlərinin sayı milyardlarla ölçülən nəhəng bir ansamblın hər dəfə yeni bəstəsi və hər dəfə mükəmməl ifası: ağlagəlməz harmoniya, həyat simvolu, mübarizə elementi, savaş notu – döyüş marşı! Hələ heç bir müharibə tarixində eşidilməyən! Unikum! Sənə təkrarsızlığını xatırladan! Və ölümə qarşı çıxmağın tək yolunu – yaşamağı tanıdan!..

Ötən qış pəncərə önündə dayanıb əriyə-əriyə özünü zorla torpağa çatdıran qar dənəciklərini görəndə uşaqlara doğulan gündən ölən adamlar haqqında danışmışdım. Həyatı boyu öz parlaq istedadını, bənzərsiz bacarığını, nəhayət, yadda qalmaq şansını eqo, narsizm, apatiya, tənbəllik kimi dibsiz bataqlıqda batıran və özündən xəbərsiz özü ilə birgə məzara daşıyan – yeriyən və danışan tabutlar haqqında. Bu kədərli hekayə idi, Çarli, amma onda qaranlıq fanusun divarlarını cırmaqlayan və topdağıtmaz zülməti hələ ki sısqa və zərif işıq sərrəciklərilə qorxudan çox şeylər vardı. Axı həmin gün gənc dostlarımın kövrək dünyasına bir az səngər havası, bir az barıt qoxusu, bir az da mərmi partlayışına bənzər sərt həqiqətlərimlə təşrif buyurmuşdum (bir az da arzuolunmaz qonaq kimi):

Üzünüzə bağlı qapının açılmasını istəyirsizsə və buna görə möcüzə baş verəcəyini gözləyirsizsə, nə vaxtsa mütləq sillə kimi qulağınıza çırpılacaq o bəd xəbəri elə bəri başdan mənim özümdən eşidin: möcüzə heç vaxt baş verməyəcək. Həyat sərt və acgöz müəllimdir! Heç nəyi təmənnasız başa salmır! Onun sizdən umacağı və alacağı ciddi nəsnələr var! İt(ir)mək istəmirsizsə, haydı, indidən qollarınızı çırmalayın, külünglə daş-qaya yarmaq kimi ağır və yorucu yaradıcılıq imkanlarınıza doğru çevrilin, dumanlı dünyanızdakı Everestə, Comolunqmaya bənzər təkrarsız zirvələrin axtarışına başlayın. Onları tapın! Fəth edin! Yoxsa, başqalarını yamsılamaq əksəriyyətin sevdiyi işdi. Mən buna kiminsə yolunun təsadüfən dünyadan keçməsi kimi baxıram; yolun əvvəli də bəlli, sonu da, amma arada ələ gələcək bir şey yox!..

İndi bizə istər-istəməz qarşısına çıxan hər şeyi bənzərsiz bir qəddarlıqla uçurub-dağıdan sel sularını – daşqını xatırlamaq lazım gələcək. Özündən sonra lövhədəki həyat elementlərini silib-süpürməyə – sıfırlamağa, bütün zamanları keçmişin hüzuruna gətirməyə çalışan təbiət hadisəsini! Əgər bu fəlakətin içində indini və gələcəyi xatırladacaq nəsə tapa bilsək, irəliyə doğru daha bir addım atmaq imkanımızla yenidən, amma bəlkə də sonuncu dəfə yaşamaq şansı qazanacağıq. Çünki qarşıda bizi növbəti sınaq – informasiya daşqını, təbiət hadisəsindən daha betər həyat hadisəsi gözləyir. Kütlənin ümumi tablosunu ayrı-ayrı fərdlərin siması, taleyi və yaşam tərzi ilə tamamlamaqdan xüsusi zövq alan, hər şeyi və hər kəsi görünməmiş bir etinasızlıqla öz içində batırmağa və bitirməyə çalışan həyat hadisəsi! Fabulasında insanı insan üçün ən böyük təhlükə mənbəyinə çevirən! Və özünü sərt tərəfləri ilə hər gün milyon dəfə tanıdan: yalnız fövqəladə fərqliliyə açıq yaddaş həssaslığı!..

Geci-tezi var ancaq, xarakterinin qeyri-adi və mürəkkəb anatomiyası əksər bəşər övladını mütləq məğlub və miskin duruma salanadək yuvarlaqlaşdıracaq, mənsəbində daha güclü axın yaradacaq və öz hücrəsində yalnız axına qarşı üzənlər üçün yaşıl işıq yandıracaq. Yerdə qalanların qismətində isə ənənəvi partitura, heç vaxt dəbdən düşməyən klassik rekviyem: ya sevdiklərin tərəfindən vurulacaqsan, ya da sevdiklərinin əli ilə!..

Çünki hamının xoşuna gəlmək istəyində hamının görmək istədiyi bir obraza çevrilmək təhlükəsi gizlənib. Sənin portretin başqaları tərəfindən, amma sənin öz əlinlə, amma sənin özündən xəbərsiz çəkilir. Radiusundan, xarakterindən və cazibə qüvvəsindən aslı olmayaraq istənilən çevrəyə xas metropoliya – gerçəyin astar üzü; davamlı və güclü təzyiqlə izlənilən metastaz! Yan obrazların, yad cəhətlərin kənar təsirindən doğan karikatura(n). Həm gülməli, həm də ağlamalı. Bir az ölüm kimi, bir az da ölümdən betər. Çünki bu amansız mübarizədə hər kəsi daha dəhşətli bir məğlubiyyət təhlükəsi – ölümün daha idbar siması gözləyir: Xarakterini itirə bilərsən!..

...Mən kloun deyiləm, Çarli, amma tale ümidinə atılmış bir küçə uşağının taleyə keçdiyi dərslərdə tez-tez otururam. Tədrisində – həyatın dibindən gələn, tarixin və təcrübənin əlilə cilalanmış sərt həqiqətlər və onları öz ömrünün bir parçasına – gerçəyinə çevirmək əzabı! Mövzuları – rəngbərəng! Fəsilləri – bəmbəyaz! Qış dolu! Yazı lövhəsində yaşadıqlarımızla yaşamalı olduqlarımız arasındakı uçurumun proyeksiyası! İdeal kontrast!..

Hər səhərimiz Günəşlə açılmır! Amma hər səhər Günəşlə açılır!

Həyat – gördüklərimizdən çox, görmədiklərimizdir; yaşadıqlarımızdan çox yaşamadıqlarımız!..

Bilirəm, başa düşürəm ki, bu müstəvidə sterotipləri sındırmaq, baryerləri aş(ır)maq cəhdinin bədəlini ödəməli olduğumu mənə mütləq kimsə anladacaq. Amma yenə də uşaqları özümlə götürüb dərsliyimdən və dərsimdən tez-tez həyata qaçırıram; cavabını öyrətmədiyimiz sualların arxasınca. Bu mənim ilk dəfə sinif otağına girən kimi üz-üzə gəldiyim həqiqətimdi, Çarli, qəlibləri qəlp gördüm. Kürəyimə sancılan kinayəli baxışlarda bu ölkənin ən zəif və ən uğursuz müəllimini tək-tənha, müdafiəsiz buraxdım. Sinif otaqlarında, dəhlizlərdə özümə xitabən tez-tez eşitdiyim “müəllimə” kəlməsində ən ağır günahım, ən qatı tərəddüdüm, ən acı etirafım:

Bu təhlükəli dinamikadı! Təhsilin şəbəkə arxitekturasını və interyerini anbaan köhnəltdiyi ənənələrilə ən pis halda keşmişdə, ən yaxşı halda isə bugündə ləngidir. Daim güclü bir təzyiqlə dərslik kitablarına pərçimlədiyimiz balaca dostlarımıza həyatın yalnız o kitablardan ibarət olmadığını xatırladacaq bir adam lazımdır mütləq! Mənim işim sözləri rəngləməklə bitmir, mən yalnız rəngsaz deyiləm, Çarli, həm də körpüsalanam. Zaman və məkan arasındakı uçmuş körpülərlə çarpışıram! Ətrafımda hər gün daha çox uğursuz bir cəhdlə bal dalınca qova-qova həyatının şirinliyini qaçırdığımız, uşaqlığını, yeniyetməliyini, gəncliyini unutdurduğumuz bir nəsil - əli yalın! Nə fərqi var: ya qəlib olsun, ya da qəlp!? Onsuz da bu gün öz uşaqlığını, yeniyetməliyini, gəncliyini tanımayan sabah özünü də tanımayacaq! Və əgər indi bu uşaqlara ən azı yaddaş təfəkküründən idrak təfəkkürünə keçidin yollarını tanıtmasaq, gələcəkdə onların hər biri nə vaxtsa öz dünyasına yol tapa bilsə, orada mütləq yalqız bir klounla rastlaşacaq...

Amma o klounların heç biri Sən olmayacaqsan, Çarli!..

Tarix
2022.07.13 / 08:30
Müəllif
İbrahim Rüstəmli
Digər xəbərlər

Səməndər Rzayevin ölüm yatağında son sözü...

Oğlunu müharibədən saxlatmaq üçün pul tökdü, axırda...

Bütün qazancını təhsilə verən kişi...

Ayağı sürüşkən adamlar...

Baldızını qaçıran “bəy”, qaynı ilə gedən “gəlin”...

Sən öz halınla sahibinin ayaqqabısısan...

Məndən düşmən yaratmağa tələsməyin

Deyəsən, meydanda tək qalmışıq...

Mən özgürlüyümü qoruyuram, ətrafımdakılar isə…

Anamın xəstəxanadan gətirildiyi gün...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla